Milli Şuranın sədri, professor Cəmil Həsənli
Bu yazacağım posta görə tənqid olunacağımı bilirəm. Söhbət keçmiş baş prokuror və keçmiş səfir Eldar Həsənovun ağır durumundan gedir. Adam həyatını itirmək təhlükəsi altındadır. Onun vəkilləri bir neçə gün əvvəl ölkə rəhbərliyinə həyəcan dolu bir müraciət göndərmişdilər. Qeyd edirdilər ki, müdafiə etdikləri şəxsin səhhəti elə ağır vəziyyətdədir ki, ola bilsin bu onların sonuncu müraciətidir. Eldar Həsənova qarşı irəli sürülən ittihamlar əsaslı və inandırıcı deyil. Onu qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə ittihamı irəli sürülüb.
Keçmiş səfir vəzifə səlahiyyətlərindən sui – istifadə edibmi? Bu sualın cavabı kimi ilk növbədə onun Buxarestdə Heydər Əliyevə yekə bir heykəl qoyması və gecə-gündüz o heykəlin ətrafında bir bölük mühafizə saxlatdırması yada düşür ki, əlbəttə belə şeylər səfirin vəzifə səlahiyyətinə aid deyil. Amma onu nə buna görə tutublar, nə də səfirliyin dəftərxana ləvazimatları üçün ayrılmış vəsaitlərini təyinatı üzrə xərcləməməyi üstündə. Ən azından Eldar Həsənovon dəftərxana xərclərinə, səfirliyin benzin talonlarına, qonaqlama xərclərinə ehtiyacı yox idi. Deməli həbsin arxasında ictimaiyyətə acıqlanmayan ayrı səbəblər var.
Bir balaca izahat verim ki, Eldar Həsənovla hər hansı bir əlaqəm, yaxınlığım yoxdur. O, 1995-ci ildə baş prokuror təyin edildikdən az sonra indiyə qədər qərargahının harada yerləşdiyini bilmədiyim OMON işinə görə haqqımda sorğulama başlamışdı, evimdə axtarış aparılmışdı. Cəmisi iki dəfə görüşmüşük. Bir dəfə parlament nümayəndə heyətinin tərkibində Rumıniyaya səfər zamanı bütün heyətlə birlikdə, bir dəfə də Bakıda anasının hüzür məclisində.
Qeyd edilən yas mərasimində bir neçə böyük çadırlar qurulmuşdu və İlham Əliyev də daxil olmaqla bütün rəhbər şəxslər, hüquq mühafizə orqanlarının işçiləri, müxtəlif tanınmış şəxslər başsağlığı verməyə gəlmişdilər. Hər biri 200-250 metrdən uzun olan o çadırlara sığmayan o qədər adamın içindən 2-3 nəfər səsini çıxara bilmir ki, bu adamı diri-diri niyə öldürürsünüz? Milyardların yeyildiyi, oğurlandığı, ölkənin müdafiə xərclərinin ofşorlara göndərildiyi bir məmləkətdə dəftərxana büdcəsini təyinatı üzrə istifadə etmədiyinə görə hansı səfiri tuturlar? Gülməlidir! Şübhəsiz ki, o, uzun müddət xidmət etdiyi Əliyev rejimin bir məmuru olub və hazırkı amansız qisas da rejimin “sülalə qaydalarını” pozmağa görədir.
Adam yalnız Avropa İnsan Haqları Məhkəməsinin məlum qərarlarından sonra hospitala yerləşdirilib, ağır cərrahi əməliyyat keçirib, fiziki hərəkət imkanın itirib. Yəqin ki, bu qərarlar olmasaydı onu heç hospitalada yerləşdirməyəcəkdilər. Adam elə DTX-nın dörd divarı arasında səsi, iniltisi, harayı heç hara çatmadan həyatını itirəcəkdi. Neçə vaxtdır adama onu müalicə edən həkimlərin müayinəsinə icazə vermirlər. Axı, nədəsə şübhəli bilinib həbs olunmaq adamı bütün haqlardan, konstitusyon təminatlardan məhrum eləmir.
Həbs şəraitində səhhətində ağırlaşma yaranandan sonra vəkillərin məlumatına görə 66 yaşlı adam 170 dəfə yıxılıb. Axı, bu yıxılmaların biri onun həyatının sonu ilə nəticələnə bilər. Vəziyyət o qədər kirtikdir ki, bu gün onu yenidən DTX-nın hospitalına qaytarmalı olublar. Dəhşətli mənzərədir. Qisasçılıq bunların gözlərini bağlayıb. O, da Tofiq Yaqublu deyil ki, saxta bir ittiham quraşdırıb anasının yasına getməyinə “yetərli arqument” tapa bilməyəsiniz. Bu vəziyyətə saldığınız adamı ev dustaqlığına buraxsanız dünya dağılar? İlham Əliyevin kleptokratik rejimində, kriminal-avtoritar diktaturasında, ailə-klan idarəçiliyində, sülalə hakimiyyətində adamın adam kimi ölməyinə də icazə verilmir.
Vaxtı ilə Eldar Həsənovun haqqında ağız dolusu danışanlar, ona təriflər yağdıranlar, dağların sərin suyundan, saf havasından, qırçın qayaların etibarından dastanlar düzəldənlər ağızlarına su alıb bəlkə də son günlərini yaşayan bu adımın adını belə çəkə bilmirlər, min bir bəhanə ilə ondan uzaq durmağa çalışırlar, diri-diri insan talelərini məhv edən Əliyev istibdadının qorxusundan daldalanmağa siçan deşiyin satın alırlar.
Yaxşı ki, Kəlbəcər azad edilib, o dağlar da, sərin bulaqlar da, dağların saf havası da, qırçın qayaların etibarı da öz yerindədir. Təkcə adamlar yadlaşıb, balacalaşıb, istibdadın qarşısında çarəsiz duruma düşüb, kiçilib yumağa dönüb, etibarın itirib. Mən də bu postu insanlıq borcu olaraq tarix üçün yazdım. Əliyev istibdadı, zülmü, zalımlığı və züllühlağlı davam etdikcə Allah hər kəsə evində ölmək səadəti nəsib eləsin!?