AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
1998-ci il. Bayıl həbsxanası. 23 yaşım var və 5 aya yaxındır ki, yazdığım “Müxalifətin mitinq taktikası” adlı yazıya görə həbsdəyəm. 30 nəfərlik kamerada rütubət və siqaret tüstüsündən hava elə ağırdır ki, nəfəs almaq çətindir. Məndən başqa demək olar ki, hamı bütün günü siqaret çəkir. Bu üzdən də kamerada hava sanki ağ dumana bürünmüş kimi görünür. Üstəlik dustaqlar yarıya qədər tikili olan tualetə hər dəfə getdikdə, qurğuşun kimi ağır havaya qarışıb ətrafa yayılan pis iy nəfəs almağı dözülməz edir.
Kameraya gətrildiyim ilk gündən bu havada nəfəs almaq mənim üçün əsl əzaba çevrilmişdi. Bu pis iyi hiss etməmək üçün bir müddət ağzımla nəfəs almağa çalışırdım. Ancaq sonradan buna öyrəşməyə başladım.
Havasız kamera və 1 saatlıq gəzinti
Stalin dövründən qalma bu kameralar sanki bilərəkdən insanın insanlığını əlindən almaq üçün inşa edilmişdi. Kamerada havalandırma adına hündürdə yerləşən, insan əli güclə aşağı çərçivəsinə çatan, bir-birindən aralı iki kiçik pəncərə mövcud idi. Pəncərələrdə 3 qat dəmir barmaqlıq vardı. Barmaqlıqlar eni-uzunu yarım metr olan pəncərələri elə sıx tutmuşdular ki, sanki onları ora dustaqların bayıra çıxmasının qarşısını kəsmək üçün deyil, çöldən havanın içəri daxil olmasına mane olmaqdan ötrü yerləşdiriblər. Ona görə də giriş qapısında “karmoşka” deyilən balaca gözlüyün açıq saxlanılması üçün dustaqların “obşaka” verdikləri puldan hər gün nəzəratçilərə “hörmət” edilirdi. 30 nəfərlik kamera 30 sm eni-uzunu olan bu balaca yarıqla nəfəs alırdı. Qapının ağzına qoyulmuş ventilyator isə dəhlizdən gələn zəif hava axınını qəzəblə pərlərinə dolayıb, sanki insanların üzünə çırpırdı. Kameranın girişindən sağ divar boyu dəmirdən yığılmış iki mərtəbəli yataq kəskin bucaqla dönərək üzbəüz divarın sonuna qədər uzanırdı. Hər mərtəbədə 15 yataq yeri vardı. Dəmir lövhələrin üstünə atılmış kələ-kötür və kəskin tər iyi verən, çirkdən rəngləri aydın seçilməyən döşəklərin üzərinə isə mələfə və göy rəngli odeyallar sərilmişdi.
Kameranın ortasında hər iki tərəfində 3 nəfərin yanaşı otura biləcəyi balaca bir masa vardı. Dustaqlarn “zalotoy” dedikləri bu masanın üstündə ya nərd, ya da domino oynanılırdı. Yeməyi isə əksər dustaqlar öz çarpayısında parça, ya da klyonkadan kiçik bir süfrə açaraq yeyirdilər. Səhər yeməyinə suda qaynadılmış “pişeno” ( darı), günortaya borş, axşama da yenə hansısa dənli bitkinin qaynadılmışı, ya da makoron supu verilirdi. Yeməklərin keyfiyyətindən isə danışmağa dəyməz, insan dadı ürək bulandırmaqdan başqa heç nəyə yaramayan bu yeməkləri məcbur qalmasa yeməz. Ən keyfiyyətsiz ə köhnə ərzaqlardan hazırlanan, dustaqları dustaqların “balanda” adlandırdığı bu yeməklərin içində ət tapmaq az qala lotereyada şansı gətirmək kimi bir şey idi. Bu yeməkləri paylayanlara həbsxana jarqonu ilə “balandyor” deyirdilər.
Gündə 1 dəfə 1 saatlığa gəzintiyə çıxarılırdıq. Gəzinti yeri üstü dəmir barmaqlıqlı, kənarları isə tikanlı simlə çəpərlənmiş 8 metr eni, 10 metr uzunu olan bir kamera idi. Dustaqlar arasında geniş yayılmış irəli-geri hərəkətə “tasovkalamaq” deyilirdi. Belə gəzinti vaxtlarında kimi oturaraq, kimisi də “tasovkalayaraq” təmiz havada siqaret çəkməyin dadını çıxarırdı. Ən sevimli məşğuliyyətlərdən biri də uzaqdan görünən binaların eyvanlarına baxıb, orada kimisə müşahidəyə götürmək idi.
Səsvermə günu
Çöldəki xəbərlərdən kameradakı radio vasitəsilə xəbər tuturdum. O vaxt “Azadlıq” və “BBC” radioları hələ yerli tezlikərdə verilirdi. 1998-ci ilin prezident seçkiləri günü idi. Radio vasitəsilə bilirdim ki, AXCP və əksər müxalifət partiyaları seçkini boykot etmək qərarı verib. Yalnız AMİP seçkidə iştirak edirdi. Səhər “proverka” vaxtı həbsxananın rəis müavini Ağamməd də kameraya gəldi. O bildirdi ki, bu gün prezident seçkisidir və birazdan gəlib bizi səs verməyə aparacaqlar. O üznü mən tərəfə tutub bir qədər hədələyici tonda “Bax, oyan-bu yan olmasın, hamı nizam-intizamla gedib səs verməlidir” deyib nəzarətçilərlə birlikdə kameranı tərk etdi.
Günortaya yaxın dəmir qapı şaqqıltı ilə açıldı. Bizi cərgəyə düzüb, səsvermə kabinələrinin quraşdırıldığı həyətə çıxardılar. Səsvermə kabinəsinin yanında müşahidəçilər və komissiya üzvləri oturmuşdular. Oturanlardan ikisini xariciyə bənzətdim. Müşahidəçilərdən isə bir nəfəri tanıdım. Bu balaca boylu, qalın eynək taxan şəxs vaxtilə dövlət katibi işləyərkən Pənah Hüseynin köməkçisi olmuş Elçin Paşayev idi.
Əvvəlcədən qət etmişdim ki, AXCP-nin boykot qərarına uyğun olaraq səsvermədə iştirakdan imtina edəcəm. Belə edəcəyim təqdirdə həbsxana rəhbərliyinin qəzəbinə tuş gələcəyimi hiss edirdim. Budur, səs vermə növbəsinin mənə çatmağına iki nəfər qalıb. Ürək döyüntümü açıq-aşkar his edirəm, həyacan və gərginlik getdikcə artır. O zaman həbsxanalardakı problemləri çölə çatdırmaq imkanları çox çətin idi, telefon danışıqları yox idi. Əgər, həbsxana rəhbərliyi məni səsvermədən imtinaya görə cəzalandırardısa kimsəyə xəbər vermək, çöldəki dostlardan kömək istəmək imkanım yox idi.
Nəhayət, növbə mənə çatdı. Nəzarətçi əl işarəsi ilə seçki komissiyası üzvlərinə yaxınlaşmağımı istədi. Cərgədən ayrılıb komissiya üzvlərinə tərəf getdim. Həlledici an çatdı. Komissiya üzvlərinə tərəf bir neçə addım atıb dayandım. Gözüm bir qədər aralıda öz müavini ilə söhbətləşən həbsxana rəisi Dəmir Bayramova sataşdı. Mənim dayandığımı görüb, o da müavini ilə söhbətini saxladı. Hamı hiss edir ki, nəsə qaydasında deyil. Gərgin bir sükut yarandı. Arıq və çəlimsiz dustaq yerində durub tərpənmir. Bu vaxt komissiya sədrinin səsi sükutu pozur:
- Bura gəlin.
Sanki bu söz köməyimə çatdı və danışmaq üçün bir səbəb oldu. Həyacanımı boğub, üzümü Dəmir Bayramova tərəf çevirdim və hamının eşidə biləcəyi uca səslə dedim: - Mən AXCP-nin üzvüyəm, partiyamız seçkini boykot edib, ona görə mən də seçkini boykot edirəm. Səsvermədə iştirak etməkdən imtina edirəm.
Bu sözlərim sanki ortalığa düşmüş bomba oldu, ilk qəlpəsi də həbsxana rəisinə dəydi. Pörtmüş və qəzəbli sifətinə bir anda sanki qırmızı boya çəkildi. Adam bu sözlərə verəcəyi reaksiyanı sanki bilmədiyundən başını sağa sola, sonra irəli – geri əsdirib, qaşlarını çatdı vəacıqlı baxışlarını neştər kimi mənə tuşlayıb tuşlayıb hamının eşidəcəyi qəzəbli səslə dedi : - Sən seçkini pozursan, bunun cəzası ağır olacaq. Ancaq dərhal da başa düşdü ki, kənar müşahidəçilərin yanında dustağa bu cür hədə-qorxu gəlməsi doğru deyil. Ona görə də sözünün ardını gətirmədi. Üzünü turşudaraq rejim rəisinə çevrilib, amiranə səslə:
- Bunun kamerasının dəyişin, dedi.
Ətrafda pıçhapıç düşdü. Arxadakı dustaqlardan “Bu neynir, alə?”, “Molodes, bunları yerində otuzdurdu”, “Bunun işi bitdi” kimi sözlər eşidirəm. Həm dustaqlar, həm də həbsxana işçiləri gerçəkdən çaşqın vəziyyətdədirlər. Çünki belə bir durumla ilk dəfədir rastlaşırlar.
Kameranı dəyişmək sınağı və ya rəisin hazırladığı sürpriz
Dərhal qoluma arxadan qandal vurub, məni 3-cü korpusa doğru aparırlar. Yolda addımladıqca özümü qalib əsgər kimi hiss edirəm. “Mən doğru olanı etdim, onlara təslim olmadım” düşüncəsi beynimdə təkrar-təkrar dolanır. Korpusun girəcəyində nəzarətçi məni rejim nəzarətçisinin otağına salıb “Burda gözlə, görək başına nə müsibət gələcək?” deyir.
Kamera dəyişilməsi bir qayda olaraq həmin dustağa qarşı etimadsızlıq yaradan hal hesab olunurdu və bu üzdən də dustaqlar arasında yaxşı qarşılanmırdı. Üstəlik də xüsusi kameralar var idi ki, oradakı dustaqların arasında həmişə həbsxana rəhbərliyinə bağlı bir neçə nəfər olurdu. İpə-sapa yatmayan dustaqları belə kameralara salıb dalaşdırır, sonra da ‘kars”la cəzalandırırdılar. Artıq qələbə eyforiyası da keçib getmişdi, “Mənimlə bağlı nə planları var, necə cəzalandıracaqlar?” deyə düşünür, özümü qarşıdakı cəzaya hazırlamağa çalışırdım. Vaxt isə keçmək bilmir, dəqiqələr zəhərli ilan kimi sürünərək sanki bütün bədənimə dolanır, irəlidə məni gözləyən qeyri-müəyyən təhlükənin nə olacağı düşüncəsi beynimi içəridən qurd kimi gəmirir.
Birdən qapı açıldı və başqa bir nəzarətçi başı ilə işarə edərək, “Dur gəl görək, Qəhrəmanlı” dedi. Maraqdan özümü saxlaya bilməyib, nəzarətçidən “Hansı kameraya gedirik?” deyə soruşdum. “Gedəndə biləssən” deyib, əlində oynatdığı açarla arxadan qoluma vurulmuş qandalı açdı.
Bir-bir kameraların önündən keçirik və birdən öz olduğum kamermın qarşısında dayanırıq. Özümü saxlaya bilməyib soruşuram:
-Bəs başqa kamera nə oldu?
Nəzarətçi laqeyidliyini pozmadan sakit səslə:
- Rəis dedi ki, öz kamerasına salın. Keç içəri, deyib, arxamca qapını şaqqıltı ilə bağlayır.
İçəridə hamı təəccüblə mənə baxır. Kamerada “vəziyyətə baxan” təqribən 55 yaşlarda olan Rafiq kişi həmişə yorğun görünən gözlərini üzmə zilləyib, “Sən qurd ürəyi yemisən! Vallah yaxşı qurtardın” deyir.