AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
İki Vətən var bu ölkədə. Biri səfasını çəkmək, talamaq, imtiyazlar, sərvət qazanmaq , digəri də komalarında ehtiyac içində yaşamaq, səngərlərində düşmənlə üz-üzə qalmaq, yağı gülləsindən uğrunda ölmək, şikəst, əlil qalmaq üçündür bu Vətənlər.
Sanki paralel dünyalarda yaşayırıq, bir tərəfdə möhtacların, istismar olunanların sadə, kasıb, boz bulanıq, miskin məmləkəti, o biri tərəfdə isə ölkə sərvətlərini zəli kimi soran , haqq, hüquq bilməyən, zəngin və harın məmurların, onların biznes ortaqlarının dəbdəbəli Vətənləri.
Kasıb komalarda uşaq pulu almadan ehtiyac içərisində böyüyən, ömrünü “biri vardı, biri yoxdu” ilə yaşayan, gənclik arzuları, fərəhi ehtiyac, möhnət bataqlığında qəhr olan, öz ölkəsində ikinci sort vətəndaş sayılan, düşmən gülləsindən Şəhid olanda ailəsi baxımsız qalan, əlil olanda qapı – qapı sürünüb Vətən üçün qurban etdiyi əzasına görə pensiya istəyən, haqqını tələb edəndə zorbalıqla üzləşən, ölkəsinin sərvətlərinə, gözəlliklərinə film kimi kənardan baxan, yurdunda qismətinə soyuq səngərlər, bayrağa bürünmüş Şəhid məzarlıqları düşən qurbanların qurbangahı olan Vətəni.
Bir də var imarətlərdə böyüyən, uşaq puluna həsrət qoyulan uşaqlardan kəsilən pullar hesabına ofşirlarda adına hesablar, milyonluq müllklər alnanan, müstəqil həyata vəzifə pillələri ilə qədəm qoyan, hərbi xidmətdə özü yox, adı gedən, Vətən kimi atasının şirkətlərini, holdinqlərini, “obyektlərini” təsəvvür edən, sevən, qanunların deyil, imtiyazlaıln verdiyi hüdudsuz haqlara sahib olan, ölkənin səfasına gözəlliklərinə sahiblənmişlərin cənnət Vətəni.
İki Vətənin ikiləşmiş taleləri, ədalətsiz bölünmüş sevinc və kədər payı.
Bir tərəfdə Şəhid cənazələri, çatır – çatır yanan ana qəlbləri, kiriməyən, susmayan nalələr, qurmayan göz yaşları, bükülmüş ata qəddləri, həsrət dolu baxışları yollarda azan övladların körüklənən körpə xiffətləri, o biri tərəfdə də matəm məclislərində toy ədası ilə sağlıq, tost kimi deyilən saxta vətənpərvərlik şüarları, ədalətsizliklə, qəddarlıqla insan talelərini məhv edən zalımların bayağı, hissiz, duyğusuz monoloqları, bir də ki, Şəhidin ruhunu düşmən gülləsindən betər didib parçalayan 5 kq marqarin, 20 kilo un payı, ürəyi olmayanların anlaya bilməkdikləri qəlb acısı…