İctimai fəal Bəxtiyar Hacıyev
Şəhid ailələrinə dövlət bilirsiniz nə qədər birdəfəlik ödəmə edir? 11 000 manat. Təxminən 6500 dollar. Gənclik illərinə yenicə qədəm qoymuş, bu günə qədər əksəriyyəti gün görməyən, kasıb evlərində böyüyən canlara təxminən 6500 dollar.
Bəzi insanlar da hər gün dəyişdikləri, qiyməti bu məbləğdən çox olan qol saatı, kəmər, çanta, ayaqqabı ilə o şəhidlər haqqında post paylaşır, fotolarını əllərində tuturlar və “Vətən sağ olsun” deyirlər.
Bu günlərdə həm beynəlxalq məhkəmələrdə, həm ABŞ Ədliyyə Departamentində, həm Dünya Bankı daxili araşdırmalarında Bombardier şirkəti ilə Azərbaycan Dəmir Yolları arasında imzalanmış 340 milyon dollarlıq müqavilə araşdırılır. Prokurorlar ADY ilə Bombardierin anlaşaraq tender şərtləri ilə oynayıb, Bombardieri qalib etdiklərini, Bombardierin də yerli Trans-Siqnal-Rabitə MMC-yə yerli tərəfdaş kimi 100 milyon dollar pul köçürdüyünü, bunun müqavilə qarşılığında rüşvət olduğunu iddia edirlər.
Həmin layihənin büdcəsinin 85%-i Azərbaycanın Dünya Bankından götürdüyü kredit hesabına formalaşır.
Məhkəmədə həm də arxasında Bombardierin rus tərəfdaşları dayanan, heç bir ofisi, işçisi, telefonu olmayan ofşor şirkət olan Multiserv MMC-nin aldığı avadanlıqları dəfələrlə baha qiymətə Azərbaycana satdığı, beləliklə də bir müqavilədən 86 milyon dollar qazandığı araşdırılır.
Təqsirləndirilən şəxslərdən biri İsveç vətəndaşıdır. Beynəlxalq mətbuat yazır ki, bu araşdırma İsveçin qarşılaşdığı ən böyük korrupsiya qalmaqallarından biridir.
Azərbaycan üçün isə sıradan, kiçik bir qalmaqaldır.
İndi təsəvvür edin, təkcə ADY-nin keçmiş rəhbərliyinin bir müqaviləyə barmaq edərək bir MMC-yə 100 milyon dollar qazandırması, heç bir ofisi, telefonu, işçisi olmayan rus ofşor şirkəti Multiservə 86 milyon dollar qazandırması fonunda şəhid ailələrinə 6500 dollar verib, sonra o şəhidlərin də haqqı olan yüz milyonları, milyardları mənimsəyən adamların “Vətən sağ olsun” deyərək əllərində şəhid fotoları tutması nə qədər böyük təhqirdir Azərbaycan üçün?