Məni kameradan niyə çıxardılar və ya “intihar kamerasının” gizlinləri
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
2015 – ci ilin dekabr ayı, Kürdəxanı həbsxanası.
Bura gətirilən dustaqlar yoxlanışdan keçəndən sonra, əvvəlcə həbsxana rejiminə alışmaqdan ötrü karantinə göndərilirlər. Sonra verdikləri puldan asılı olaraq onlar buradan müxtəlif şəraitli kameralara göndərilirlər. Mən də uzun uzadı sənədləşmə və üst başımın yoxlanması başaşa çatdıqdan sonra karantinə göndərildim. İlk gün 10 nəfərlik kamerada 12 nəfər idik, gəlib gedənlərə görə say tez – tez dəyişirdi. Havası siqaret tüstüsündən və yataqlardan qalxan sidik, kif iyindən ağırlaşmış kamerada gündüzlər yeni gələn dustaqların danışdıqları hekayələrini dinləməyə, arada bir söhbətlərinə qoşulmağa məcbur olurdum. Gecələr isə kələ – kötür döşəklərdə üzümün qan, çirk və qusuntu ləkəsidən bozarmış yastıqlara dəyməməsi üçün arxası üstə hərəkətsiz uzanıb yatmağa çalışırdım.
Nəhayət 3 məşum gündən sonra məni 5-ci korpusun 3-cü mərtəbəsinə qaldırdılar. Sıra ilə kameraların önündən keçib, nəhayət 65-ci kameranın qarşısında dayandıq. “Nardaran işinə” görə həbs olunmuş xüsusi təhlükəli cinayətkar sayıldığım üçün təlimat verilmişdi ki, mən olduğum vaxtda heç kim kamerasından çıxarılmasın və kimsə ilə rastlaşmayım. Bu sərt qayda həbsdə olduğum bütün müddətdə davam etdi.
Bu korpus həm də administrativ bölmə hesab olunduğu üçün o vaxt yenicə həbs edilmuş MTN zabitləri də burdakı kameralarda saxlanılırdılar. Məni gətirən iki nəzarətçidən biri irəli yeriyib birinci dəmir qapını açdı. Sonra dəmir barmaqlıqlardan ibarət olan ikinci qapını açıb mənə “keç içəri” dedi. O biri nəzarətçi də arxamca içəri keçib qolumdakı qandalı açdı, “tək deyilsən, burda saxlanılan oğlan məhkəməyə gedib, axşamüstü gələcək” deyib kameranı tərk elədi.
Kamera iki adamlıq idi. Eni 3, uzunu 5 metr olan kamera qəbrə oxşayırdı. Bu darısqallıqda ikimərtəbəli dəmir çarpayı böyük bir yer zəbt etmişdi. Çarpayının böyründə isə yerə bərkidilmiş kiçik stul, yanında da iki taburetka vardı. İçəri elə darısqallıq idi ki, maneəsiz hərəkət etmək mümkün deyildi. Çarpayılarla üzbə-üz girəcəkdə, qapının üstündə isə televizor vardı. Dərhal məndən əvvəlki dustağın istifadəsində olan yerə uzandım. İçəri çox soyuq olduğundan gödəkçəni çıxarmadım. Bura gətrilməzdən öncə 3 günlük karandindən başqa iki gün də Nərimanov rayonundakı saxlanma məntəqəsində qalmışdım. Demək olar ki, o 5 günü yata bilməmişdim. Yuxusuzluq və yorğunluq əziyyət versə də, nə qədər çalışdım, yuxuya gedə bilmədim.
Hələ kameram dəyişdirilənədək bu dar, qəbrə oxşayan yerdə iki ay yarım qalacağımdan xəbərsiz idim. Axşamüstü dəmir qapılar şaqqıltı ilə açıldı və içəri 22-23 yaşlarında bir gənc daxil oldu. Tanış olduq, adı Kamandar idi, dediyinə görə anası da qadın kalonunda həbsdə idi. O, özünün aşağıdakı yerini və əlavə bir odeyalını mənə verib yuxarıdakı yeri götürdü. Sonrakı günlər öyrəndim ki, Kamandar tutulana qədər telefon mağazası işlədirmiş, 40 min dollar borcu olduğuna görə həbs olunub. Başqa kimsəsi yox idi. Əvvəllər Özbəkistanda yaşamışdılar, dediyinə görə, anası İslam Kərimovun qızı Gülnarə ilə yaxın olmuşdu. Sonra Gülnarənin onun anasının adına xarici banka qoyduğu pulu ələ keçirmək istəyən özbək mafiyasının əlindən qaçıb Azərbaycana gəlmişdilər. Anası da burada qızıl ticarətinə başlamış, sonradan ziyana düşüb borca görə həbs olunmuşdu. Onun bu qısa hekayəsində mənə doğru gəlməyən bəzi nüanslar olsa da, üstünü vurmurdum.
Həmin il qış çox sər keçirdi. Kamerada hava o qədər soyuq olurdu ki, gecəni soyunmadan şalvar və gödəkçədə yatmağa məcbur olurduq. Gündüzlər isə qızınmaq üçün elektrik çaynikini suyu azalana qədər qaynadırdım ki, kamerada hava biraz da olsa isinsin. Nə zamansa o qədər üşüdüyümü, soyuqdan əziyyət çəkdiyimi heç xatırlamıram. Belə şəraitdə ilıq suda çimmək isə əsil işgəncə idi. Həftədə bir dəfə verilən ilıq suyun altına girəndə istər istəməz çığırmalı olurdun. Bu şəraitdə çimərkən çox sürətlə hərəkət edirdim ki, həm soyuqda çox qalmayım, həm də bədən hərəkətləri hesabına az da olsa, qızına bilim. Kameradakı “otopleniyaya” və hamama normal temperaturda isti su verilməsi ilə bağlı həbsxana rəhbərliyinə etdiyim çoxsaylı müraciətlər isə heç bir fayda vermirdi.
Günlər keçdikcə Kamandardan şübhələnməyə başladım. 10 gündən bir məhkəmyə gedən Kamandar 2 gündən bir anası ilə telefon danışığına çıxmaq adı ilə kameradan çıxarılırdı. Geri gələndə isə onun üzündə pərtlik və narazılıq hiss edirdim. Artıq hiss edirdim ki, bu çıxıb-gəlmələrin heç də hamısı telefon danışığı üçün deyil. Qərara gəldim ki, Kamandardan bir yolla söz alım, nə baş verdiyini öyrənim.
Başqa kameralardan fərqli olaraq mənə görə kameraya pilitə buraxmırdılar və buna görə də məcbur qalıb evdən gələn yeməyi elektrik çaynnikinin üstünə qoyur, onun buxarında az da olsa isidirdim. Bir dəfə yenə də bu cür üsulla mərcimək şorbasını qızdırıb nahar etdiyimiz vaxt heç nə demədən Kamandarın gözlərinin içinə baxdım. Kamandar gözlərini yayındırmağa başladı və qaşıq tutan əlinin əsdiyini hiss etdim. Çox sakit səslə “səni sıxışdırdıqlarını bilirəm, sənin yerinə kim olsa belə edəcəkdilər” deyib heç nə olmamış kimi yeməyə davam etdim. Kamandarın ağ bənizi qızarmışdı və özünü sakit tutmaq üçün əziyyət çəkdiyi hiss olunurdu. Susub etiraz etməməsindən və həyacandan pörtmüş üzündən görünürdü ki, psixoloji müqaviməti qırılıb və həmləni davam etdirmək lazımdır. O öz susqunluğu ilə artıq açıq vermişdi və mən öz şübhələrimdə haqlı olduğumu hiss edib, onun üzünə baxaraq daha əmin səslə dedim: “Sən gərək məndən heç nə saxlamayasan”. O da tərəddüdlü səslə “nəyi saxlayıram ki, ?” deyib, sual dolu ürkək baxışlarla mənə baxdı. Bu halında o rolunu çox pis və könülsüz oynayan aktyora bənzəyirdi. Ancaq həm də baxışlarında bir ümid işartısı vardı, sanki, neçə vaxt içində tək daşıdığı o ağır yük nə idisə, indi ondan qurtulacağına inanmaq istəyirdi.
Süfrəni yığışdırmaq üçün ayağa qalxan Kamandara kömək edə-edə “Bunlar yəqin səndən mənim barəmdə nəsə soruşmaq istəyəcəklər, bəlkə də soruşublar artıq, bunu mənə deməsən də, bilirəm” deyib susdum. Kamandar sanki bu sözləri gözləyirmiş kimi üzümə baxdı və sakit, ancaq acıqlı bir səslə “Zəhləmi töküblər. Hər dəfə çağırıb “nə danışır, nə deyir?” soruşurlar, “məlumat ver” deyirlər. “Fəğan iki dəfə məni vurub. Deyirəm, deyəcək bir şey yoxdur, əl çəkmirlər” deyib susdu və titrək səslə “…” yoxsa anama zəng etməyə icazə verilməyəcəklər” deyib üzmə baxdı.
Hər şey aydın idi, gümanlarım doğru çıxmışdı. İndi Kamandara planımız açıb demək və onu buna razı salmaq qalırdı. Təklif etdim ki, hər dəfə Kamandar onların nə dediklərini, soruşduqlarını mənə bildirsin, mən də onlara nə cavab veriləcəyini ona deyəcəm. Dedim ki, buna görə heç də narahat olmasın, artıq mənimlə razılaşdırdığı üçün bu etdiyi xəbərçilik sayılmayacaq.
Günlər beləcə gəlib keçirdi və həbsxana rəisinin müavini Fəğan həftədə iki dəfə Kamandarı çağırıb öncədən ona verdiyi sualların cavablarını soruşurdu. Kamandar deyirdi ki, ondan təkrar-təkrar mənim hacı Tale Bağırzadə ilə münasibətlərim, Nardaran mövzusunda yazmağımdan Əli Kərimlinin xəbəri olub-olmadığı , hardasa silah-sursat saxlanıldığı kimi cəfəng məsələlər barədə məndən nə öyrəndiyini soruşurlar.
Son vaxtlar isə Kamandarı gec-gec çağırırdılar və hiss edirdim ki, onun ikitərəfli işlədiyindən artıq şübhələniblər və ona etimad etmirlər. Buna görə də “nisbi sakitliyin” çox çəkməyəcəyini düşünürdüm. Elə də oldu. Günlərin bir günü qapı açıldı və həbsxananın xüsusi şöbəsində işləyən mayor Ədalət bir neçə nəzarətçi ilə içəri girdi. Üzünü Kamandara tutub, “Hazırlaş, yarım saata çıxırsan, başqa kameraya keçirilirsən” dedi. Kamandar getdikdən sonra iki gün kamerada tək qalmalı oldum. Bir gün axşam vaxtı televizorun ekranın təmizləyərkən təsadüfən sol küncdə tavandan bir qarış aşağıda suvağın altında gizlədilmiş kamera aşkar etdim. İşimi bitirib yenidən yuxarı qalxdım və nəm sabunla kameranın üstünə çəkib onu görünməz hala saldım. Elə yenicə işimi bitirib aşağı düşmüşdüm ki, tələsik yüyürüb gələn nəzarətçi qapının nəfəsliyini açıb, “Sən nə edirsən?” deyə hay-küy salmağa başladı. Mən özümü bilməzliyə qoyub, təəccüblə “Nə edirəm ki? Heç nə etmirəm, oturmuşam!” deyə sərt cavab verdim. Gizli kamera haqda heç nə deyə bilmədiyinə görə, daha da qeyzlənən nəzarətçi, “Özün yaxşı bilirsən, sabah görərsən” deyib, qapının “karmoşkasını” möhkəm çırpıb bağladı və deyinə-deyinə getdi.
Gecə nəzarətçinin vəd etdiyi sabahkı mərəkə haqda düşünə-düşünə yuxuya getdim.
Səhər tez qalxmışdım və nəzarətçinin vəd etdiyi gərginliyi gözləyirdim. Səhər yoxlanışı təzə başa çatmışdı ki, kameranın qapısı açıldı. Mayor Ədalət yanında 5 nəfər nəzarətçi ilə içəri daxil olub – Rəisin göstərişidir, başqa kameraya köçürülürsən, hazırlaş çıxırsan – dedi.
Mən də inadla – kameradan çıxmayacam, hansı əsasla məni çıxarırsınız – deyib Ədalətin gözlərinin içinə baxdım – İstəyirsiniz zorla çıxardın, mən çıxmayacam – dedim.
- Özünü bilməməzliyə qoyma, niyəsini yaxşı bilirsən, bir də ki, rəisin göstərişidir, çıxmalısan.
- O zaman məni rəislə görüşdürün, yoxsa bir addım da atmayacam – deyib yatağıma oturdum.
Ədalət mənim inad etdiyimi görüb deyəcəklərim eşitməmək üçün dəhlizə çıxdı və harasa ratsiya ilə mənim dediklərim barədə məlumat verdi. Bir qədər ləngiyib yenidən kameraya qayıtdı və – hazırlaş, birazdan rəis qəbul edəcək – deyib başının dəstəsi ilə kameranı tərk etdi.
Rəis Azər Seyidovla görüşdə bacardığı qədər hörmətlə rəftar etdi. Narazılıqla bildirdi ki, bəs mən niyə Kamandara müəyyən sözlər demişəm. “Hansı sözləri demişəm ki?” deyə soruşanda, Kamandarla etdiyim söhbətin təfərrüatını mənə danışdı. O anda anladım ki, Kamandar doğrudan da ikitərəfli işləyirmiş – bir tərəfdən mənim şübhələndiyimi, onu necə təlimatlandırdığımı gedib həbsxana rəhbərliyinə deyib, o biri tərəfdən də onların dediklərini gəlib mənə bildirirmiş. Beləcə, öz aləmində “Ceyms Bondluq” edir, hər iki tərəfi “yola verirmiş”.Mən də “rəis işçiləriniz onu məndən məlumat öyrənməyə məcbur etdiyinizə görə, biraz yardım edim, başqa heç nə” dedim. İkimiz də güldük. Bundan sonra o gizli kamera məsələsinin üstünə daha gəlmədi. Rəis İki nəfərlik kamerada uzun müddət qalan dustaqların intihara meyl etdiyini danışıb, buna görə mənim orda saxlanmağımın doğru olmayacağını bildirdi. Mən israrla belə bir təhlükənin olmadığını desəm də, o qərarından dönmədi. O ərəfədə MTN-nin Antiterror İdarəsinin rəis müavini İlqar Əliyev iki adamlıq kamerada müəmmalı şəkildə ölü tapılmışdı. Bunu görə də saxlanıldığım kameranın dəyişdirilməsini bu bədbəxt hadisə ilə əsaslandırıb söhbəti bitirdi.
Rəisin yanından çıxanda artıq yeni kameraya doğru gedirdim. Hələ qarşıda qapalı kamerada keçəcək 1 il 6 ayın olduğundan xəbərsiz idim…