Yazıçı Könul Nuriyeva Saleh Rüstəmliyə məktub yazıb. Məktubu olduğu kimi dərc edirik:
Salam Saleh bəy!
Bilirəm və çox əminəm ki, sizi bir gün tanıyacağam, bəlkə bu şəhərin qarmaqarışıq küçələrində, bəlkə də tıxaclardakı maşın pəncərəsindən, ya da nə bilmək olar, bu xalqın taleyini, gələcəyini, dünyadakı mövqeyini kökündən dəyişəcək elm, təhsil, mədəniyyət meydanlarında…
Hər halda, sizi gördüyümdə yanımdakı dosta, rəfiqəyə, sevgiliyə, övlada deyəcəyəm: haqqı qəlbiylə bütövləşdirən adamdı o!
Məktubu yazanda ağlamamaq mümkünsüz olsa da, duyğu yönümlülükdə ittihamdan qorxmayaraq, bir aydan çox ac qalan insanın həyat hekayəsinə bundan qeyri reaksiya olmaz fikri düşüncəmə hakimdir.
Sizin etdikləriniz, yaşadıqlarınız, əzminiz bir azərbaycanlının nə boyda ürəyə, düşüncəyə, mənəvi dözümlüyə malik olduğunun göstəricisidir. Mən vətəndaş olaraq, ölkəmin adamının nahaqqa nifrətini görürəm, hiss edirəm, qürur duyuram. Baxmayaraq ki, sizin kimi mücadilə ruhu daşıyan insanda, bəydə, kişidə nifrət ola bilməz!
Nifrət acizlərin işidir, Qorxaqlara, ikiüzlülərə xas xüsusiyyətdir, duyğudur. Nifrət yaradıcı deyil, ola bilmir. Ətrafı cəlb edə, enerjini yaya bilmir, çünki o tam deyil. Əqidə, məram isə bütövdür, kənara çıxıntıları, nahamarlığı olmadığı üçün cazibəlidir, cəlb edir, düşüncə ortaqlarını bir yerə yığır.
Mən indi başa düşürəm ki, niyə bu ölkə uyğunsuz coğrafi- qonşu mövqeyinə baxmayaraq, çəkə bildiyindən qat- qat ağır yük, başqa sözlə tarix daşıyıb, daşıya bilib!
Saleh bəy, bu sizin kimi əqidəli,
ədalətsevər, yolundan dönməyən, canı bahasına olsa da boyun əyməyən oğullara görə olub. Çünki, tarix yazan insanla eyni günü, eyni kədəri, eyni ağrını bölüşürəm, bölüşürük.
Bilirsiniz, Saleh bəy?! Bir saat aclığa dözə bilməyən, xırda mənfəət sayəsində bir ömürlük yolundan dönən, dostunu satan, qardaşının arxasından iş çevirən adamların dövründə yaşayırıq. Siz də bilirsiniz ki, belələri çoxdur, getdikcə çoxalır desəm, yəqin yanılmaram.
Və bu lazımsız çoxalmanın içində sizin kimi insanın real əhvalatını eşitmək, izləmək insanın haqqa vurğunluğu haqqında ən gözəl romandır. Uzun, bitməyən, danışdıqca danışılan, öyündükcə öyünülən, yazıldıqca yazılan…
Sizə dərin hörmət edirəm, edirik. Bir deyilik, beş deyilik, yüz deyilik. Çoxuq, çox! Sizinlə birlikdə sizin azad olduğunuz günü gözləyənlər, yəni azadlıq aclığını çəkənlərik.
Sizi gözləyirik, oğlunu müharibəyə yola salan dili dualı ana kimi!
Qardaşını gözləyən gözüsulu bacı kimi!
Dostunu gözləyən səbirsiz dost kimi!
Uğurlu nəticəyə isə inanıram, güclü və davamlı inamla. Bir gün bu məktubumu oxuyub, özünüzə- dönməz ruhunuza, xeyirxah düçüncələrinizə yenidən baxıb, özünüzlə qürur duymaq arzusuyla, əziz Saleh bəy!