AXCP sədri Əli Kərimli
Oxu və paylaş!
Dostlar, dünən Bakının mərkəzində keçirilmiş “Saleh Rüstəmliyə azadlıq!” aksiyasında polis zorakılığı və həbslər bizim, cəmiyyətin bildiyindən daha böyük miqyasda olubmuş. Aksiyada əvvəl güman etdiyimiz kimi 9 yox, 19 nəfər iştirakçı saxlanılıb və onlardan 13 nəfəri AXCP üzvüdür (daha ətraflı şərh bölümündə).
Aksiya iştirakçılarından AXCP üzvləri Tünzalə Əmirova, Səbinə Mirzəyeva, Mətanət Mahmarzayeva (Mətanət Turan), Gülnarə Rəhimova, Arifə Cəfərova, Könül Əhmədova, Sevinc Gözəlova, Mehriban Hüseynli, Nataliya İorina (Nata Katamadze), Dilarə Miriyeva, Sevil Muradova, Elvin Əliyev və Kənan İsmayılov, Müsavat Partiyasının üzvü Mətanət İsmayıl, Saleh Rüstəmlinin bacısı Yeganə Rüstəmova və xalası qızı Firəngiz Məmmədhüseynova, ictimai fəallar Rüzgar Muradova, Surət İslamov və Tahir (soyadın hələ dəqiqləşdirə bilməmişik) saxlanılıb, bu və ya digər dərəcədə polis zorakılığına məruz qalıb, şəhərdən kənarda müxtəlif yerlərdə azad ediliblər.
Bundan əlavə aksiyanı monitorinq edən hüquq müdafiəçiləri Zəfər Əhmədov və Zaur Əkbər də saxlanılıb. Müdafiə Xətti hüquq müdafiə təşkilatının təsisçilərindən biri olan Zəfər Əhmədov vəhşicəsinə həbs edilərkən qolundan ciddi xəsarət alıb.
1 dekabr aksiyasındakı kütləvi polis zorakılığı, xüsusilə də Tofiq Yaqubluya verilmiş vəhşicəsinə işgəncə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə güclü ictimai qınaq yaratdığı üçün DİN rəhbərliyi narahat olmuşdu. Daxili İşlər naziri Vilayət Eyvazov hətta guya polisə tapşırmışdı ki, əsassız saxlamalar və polis zorakılığı olmasın. Cəmi bir həftə ərzində təsdiq olundu ki, nazir sadəcə gözdən pərdə asıb, polis zorakılığına qarşı ictimai narazılığı sakitləşdirmək istəyib. Əslində isə polisin iş prinsipində dəyişən bir şey yoxdur. Polis zorakılığı və əsassız həbslər əvvəlki qaydada davam edir. Çünki İlham Əliyevin hakimiyyəti polis zorakılığı üzərində qurulub, başqa cür mövcud ola bilmir. Ancaq polis zorakılığı da avtoritar hakimiyyəti bir həddə qədər qoruya bilər. İstənilən halda polis zorakılığının da, bu rejimin də sonuna çox qalmayıb. Bu günün vəzifəsi isə Saleh Rüstəmlini xilas etməkdir. Azərbaycan hakimiyyəti özünə də zərər vuracaq mənasız tərslikdən imtina edib, ölkədəki siyasi vəziyyəti daha da gərginləşdirmədən Saleh Rüstəmlini təcili azad etməlidir!