Nigar Həzi
DİN Tofiq Yaqubluya işgəncə verilməsiylə bağlı açıqlama verib. Açıqlamanı bura əlavə edirəm.
“Tofiq Yaqublu ilə bağlı məsələyə gəldikdə isə onun polis əməkdaşları tərəfindən döyülməsi və ya ona işgəncə verilməsi istisna edilir. Bununla belə qeyd olunmalıdır ki, qanunsuz aksiyanın qarşısı alınarkən, onun müqavimət göstərən iştirakçılarının qolunun burulması, ərazidən kənarlaşdırılması, avtomobilə əyləşdirilməsi zamanı kiminsə, hətta polis əməkdaşlarının özlərinin də qolunda və ya bədəninin başqa bir hissəsində müəyyən xəsarətlər, sıyrıqlar, göyərmələr, şişlər yarana bilər. Bu halda xəsarətlərin səbəblərinin müəyyən edilməsi, eləcə də fiziki qüvvənin, xüsusi vasitələrin tətbiq edildiyi digər xüsusatlarla əlaqədar xidməti yoxlama aparılır və nəticələri üzrə qanunvericiliyə uyğun tədbirlər görülür. Sonuncu qanunsuz aksiya ilə də bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama aparılır”, – deyə DİN-dən bildirilib.
Gələk indi DİN-in açıqlamasının nə qədər absurd, yalan olduğuna.
Tofiq Yaqubluya İlham Əliyevin tapşırığı ilə işgəncə verilməsini Vilayət Eyvazov də daxil olmaqla hər kəs bilir.
Birincisi, Tofiq Yaqublunun həbsolunma görüntüləri var və kifayət qədərdir. Polis maşınına mindirilənə kimi polis əməkdaşlarının müstəsna güc göstərdikləri də açıqca görünür.
İkincisi, Tofiq Yaqublu 39-cu Səbail RP bölməsinə məndən sonra gətirilib və onda atanın üzündə heç bir işgəncə izləri yox idi. Ata məni bölmədə görəndə dedi ki, məni vura-vura polis maşınına mindiriblər.
Üçüncüsü, Tofiq Yaqublunu polis bölməsində kapitan Elman Nəsirov izahat adıyla ayrı bir otağa aparıb və həmin bölmənin rəisi Xəyal Kazımov (özünü belə təqdim edib) məni oradan məxsusi uzaqlaşdırıb ki, Tofiq Yaqublunun bölmədən aparılmasını görməyim. Mən bölmənin arxa qapısından gəlib Tofiq Yaqublunu aparan şəxsləri görmüşəm və bunun görüntüləri polis bölməsinin kameralarında var. Birinin əynində cins şalvar, birinin qara rəngli üst gödəkcəsi var idi.
Nə baş veribsə polis bölməsində və 3 mülki şəxs tərəfindən bölmədən aparıldıqdan sonra edilib. Əgər polis bölməsindən adam oğurlamaq və Tofiq Yaqublunun 3 mülki bandit tərəfindən rahatca aparmasına imkan yaratmaq belə asandırsa, 39-cu polis bölməsinin rəisi və əməkdaşları buna görə məsuliyyətə cəlb olunmalıdırlar.
3 banditi aşkarlamaq niyə DİN üçün müşkül məsələyə çevrilib?
39-cu polis bölməsinin rəisini çağırıb dindirin. Bölmənin kameralarına baxın, hər şey aydınca görünəcək.
Səbail Rayon Prokurorluğunun cəsarəti çatmır cinayət işi qaldırmağa. Adamı ölümünə qədər döy, işgəncə ver, sonra da de ki, polisin özü də xəsarət alır. Yaxşı ki, DİN “Tofiq Yaqublu polisi döyüb” açıqlaması verməyib.
Tofiq Yaqubluya işgəncə verənlər və buna şərait yaradan 39-cu Sənail Rayon Polis bölməsinin rəisi və əməkdaşları dərhal cinayət məsuıiyyətinə cəlb olunmalıdırlar!