Dövlət olaraq nə itirdik?
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Azərbaycan və Ermənistan rəhbərliyinin Brüsseldə keçirilən görüşündə ölkəmiz üçün növbəti dəfə diplomatik uğursuzluğa imza atıldı. Bu görüşdən öncə NATO Baş Katibi Stoltenberq ilə birgə keçirdiyi mətbuat konfransında İlham Əliyev bildirdi ki, “əgər Laçın dəhlizində gömrük və sərhəd buraxılış məntəqəsi yoxdursa, o zaman Zəngəzur dəhlizində də olmamalıdır. Yox Zəngəzur dəhlizində gömrük yoxlaması olacaqsa, o zaman biz də Laçın dəhlizində eyni qaydanı tətbiq edəcəyik”.
Ancaq bundan sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərliyi arasında keçirilən görüşdən sonra bəlli oldu ki, İlham Əliyev bu mövqeyindən geri çəkilib. Görüşdən sonra Şarl Mişelin və Ermənistan rəhbərliyinin verdiyi məlumta görə tərəflər Zəngəzurdan keçən dəmir yolunun açılışı barədə razılığa gəliblər. Paşiniyan öz feysbuk səhifəsində bu dəmir yolunda hərəkətin beynəlxalq və yerli qanunlarla tənzimlənəcəyini yazıb. Bu isə o deməkdir ki, Zəngəzurdan keçəcək dəmir yolu boyunca Ermənistanın suveren hüquqları saxlanılacaq və bu yolda milli qanunvericiliyə uyğun olaraq, sərhəd buraxılış məntəqələri və gömrük qurumlarının nəzarəti həyata keçiriləcək. Yəni, bu dəmir yolu Laçında olduğu kimi dəhliz statusu daşımayacaq. Sadəcə Azərbaycana Ermənistan ərazisindən keçən dəmir yolundan yük daşıma fəaliyyəti üçün icazə verilir. Bunun status baxımından Azərbaycanın Gürcüstan və ya Rusiya ərazisindən keçən dəmir yolundam istifadə hüququndan heç bir fərqi yoxdur. Demək ki, Azərbaycan rəhbərliyinin fəth edəcəyi barədə daxildə başlatdığı hay- küy kampaniyasının əksinə olaraq, söhbət Zəngəzur dəhlizindən yox, Ermənistanın gömrük və sərhəd buraxılış orqanlarının fəaliyyəti göstərdiyi dəmir yol xəttinin açılışından gedir. Onu da qeyd edək ki, bu nəticəyə, əslində, Azərbaycan rəhbərliyi ötən il Moskvada imzalanmış 9 noyabr sazişində razılıq vermişdi.
Bütün bunların qarşılığında isə Azərbaycan Laçın dəhlizində öz suveren hüquqlarından imtina edib, 5 km enidə olan bir dəhlizi Rusiya ordusunun nəzarətinə verib. Həmin dəhlizə isə Azərbaycan gömrük orqanları və sərhəd buraxılış məntəqələri heç bir nəzarət buraxılış fəaliyyəti həyata keçirmirlər. Əvəzində isə, Brüssel razılaşmasına əsasən, Ermənistan 9 noyabr Bəyanatına uyğun olaraq maneəsiz və heç bir yoxlanış olmadan, Azərbaycan ərazisindən istifadə edərək, işğalda saxladığı Qarabağ ərazisinə təhlükəsiz qaydada gedib gəlmək hüququnu beynəlxalq təminat altına alır. Bu diplomatik məğlubiyyəti isə cəmiyyətə hələ bir uğur kimi təqdim etməyə də çalışırar.
Hesab edirik ki, Brüssel razılaşmasına əsasən Zəngəzur dəmir yolunun açılması, strateji baxımdan Ermənistan üçün böyük üstünlüklər qazandıraraq, Azərbaycanı çətin vəziyyətə salacaq. Necə?
1) Çinə qarşı Qərbin təzyiqləri getdikcə artmaqdadır. Bu prosesdə Hindistana yeni investisiya qoyuluşları ilə Çini tarazlaşdıracaq yeni bir güc mərkəzinin yaradılmasına çalışılır. Hindistan isə İran vasitəsi ilə Ermənistandan keçəcək dəmir yolu xətti layihəsi ilə Qərbə öz yüklərini daşımaqda maraqlıdır. Azərbaycan isə indiki razılaşma ilə Ermənistanın nəqliyyat blokadasında çıxaraq Hindistan və Qərb arasında nəqliyyat körpüsünə çevrilməsinə yol açır.
2) Ermənistan birbaşa dəmir yolu əlaqəsindən istifadə edərək daşıma xərclərində maya dəyərini aşağı salmaqla iqtisadi inkişaf üçün böyük imkanlar qazanacaq. Bu isə Azərbaycanınərazisini işğalda saxlayan ölkəni gücləndirməsi deməkdir.
3) Rusiya bu nəqliyyat dəhlizindən istifadə edərək Ermənistanın və Qarabağdakı separatçı rejimin güclənməsinə hərbi dəstəyini daha rahat şəkildə həyata keçirəcək.
4) Rusiya son illər Qarabağın işğalı üzündən yaranmış nəqliyyat blokadasına görə, Ermənistan cəmiyyətində artan antirusiya meylindən çox narahat idi. Ermənistanda bir çoxları ölkələrinin Rusiyanın əlində işğal aləti olmasına görə ödədiyi bu bədəldən narazılıq edirdilər. Bundan sonra isə Ermənistan Qarabağı işğalda saxlasa da, heç bir blokada olmayacaq və buna görə də antirusiya ritorikası və işğal siyasətinə qarşı daxili narazılıqlar da xeyli dərəcədə səngiyəcək.
5) Azərbaycanın Ermənistanla kommunikasiyaları açması, Türkiyənin də bu ölkə ilə diplomatik münasibətlər qurmasına və ilkin olaraq çarter reysləri açması barədə qərar verməsinə səbəb oldu. Artıq Türkiyə bu barədə qərar verib və işlər başlanıb. Nəticədə Azərbaycan bu yanlış qərarı ilə işğal siyasətinə qarşı Türkiyənin Ermənistana göstərdiyi iqtisadi və siyasi təzyiqi aradan qaldırmış oldu.
Zəngzur dəmir yolu xəttinin Azərbaycan milli maraqları ilə əlaqələndirmək də əsasızdır. Nəyə görə?
İlk növbədə ona görə ki, Azərbaycan Türkiyə ilə olan dəmir yolu əlaqəsini Gürcüstan üzərindən daha təhlükəsiz və sərbəst həyata keçirdiyi halda, bunu Ermənistanın və Rusiyanın birgə nəzarəti altında olan Zəngəzur dəmir yolu xətti ilə etmək daha riskli və əlverişsizdir.
Digər tərəfdən isə, əgər, Azərbaycana Naxçıvanla dəmir yolu əlaqəsi lazım idisə, bunu Ermənistanı blokadadan çıxarmadan da İran üzərindən etmək olardı. Halbuki, bu günə qədər İran ərazisindən keçən avtomobil və hava yolu ilə Azərbaycan Naxçıvana sərnişin və yük daşıma ehtiyaclarını tam təmin edə bilib. Ona görə də bugün Zəngəzur dəmir yolu xəttinin açılması qarşılığında Ermənistana bu qədər böyük bir strateji üstlülük qazandırmaq ya strateji bilgisizlik və diplomatik bacarıqsızlıq, ya da ki, milli maraqlarımızı açıq aşkar qurban vermək deməkdir.