Natiq Güləhmədoğlu
Rusiyanın bütün dünyanı, eləcə də öz vətəndaşlarını yalan xəbərlərlə (fake news, dezinformasiya) girinc etməsi elə bir qorxunc, murdar həddə çatıb ki, Avropa Birliyi Rusiya dezinformasiya siyasətinə qarşı ayrıca sayt (3-4 ildir) yaradıb.
Birliyin təhlilinə görə Rusiyanın televiziyalar, saytlar, sosial şəbəkələrlə tirajladığı yalanlardan ən çox əziyyət çəkənlər arasında ana vətənimiz də var. Buna görə sayt hər gün Rusiyanın yalanlarını sübutlarla oxucuların ixtiyarına verir, eləcə də insanlara yalan xəbərlərin qurbanı olmamaq üçün müxtəlif materiallar təqdim edir.
Baxdım, Azərbaycandan da bir sujet hazırlayıblar. Orda 4 nəfər vətəndaşlara fake news, konsprasiya nəzəriyyələrinin (Komplo teorisi) ziyanlarından, onların əlamətlərindən danışırlar, tamaşaçıya, oxucuya yol göstərirlər. Danışdıqlarına söz ola bilməz, dedikləri doğru idi. Lakin, məsələn götürək danışanlardan biri “Asan radio”nun rəhbərini. “Asan radio” nə zamandan dinləyicilərinə həqiqətləri, reallıqları çatdıran olub, xəbər tutmamışıq?
Yaxud, digəri AzTV-nin sevilən müəllifi İlhamiyyə Rzayeva, görəsən dövlət televiziyasının yalan maşını olmasını inkar edə bilərmi? Deyərsiniz ki, İlhamə xanım AzTV-nin məsuliyyətini daşımır. Olsun, razıyam. Yaxşı bəs, İlham xanımın ömür gün yoldaşı, hamımızın sevimlisi Hamid Herischi bəyəm ölkənin bir nömrəli konsproloqu deyilmi? Həmid müəllim yüz ildir çoxu Rusiyadan qaynaqlanan yalan nəzəriyyələrlə oxucularını, tamaşaçılarını heyrətə daldırmı?
Nəzərə alsaq ki, Həmin müəllim kifayət qədər azad yaradıcılığı olan adamdır, o zaman da İlhamiyyə xanımı məsuliyyətdən kənarda saxlamaq olar.
Bəs yaxşı Avropa Birliyinin bu layihəyə cavabdeh şəxsini necə işdən arındıraq? Bəyəm, ölkədə dezinformasiyadan danışdırılacaq jurnalist, media mütəxəssisi tapmaq o qədər çətindir?!
Dezinformasiyanı dezinformasiyanı yayan, quraşdıran adamların dili ilə pisləmək saxta deputatların, avtobus müxalifətinin bahalaşmadan, məmur özbaşınalığından şikayətlənməsi, onları tənqid etməsi qədər faydasız, lazımsız məşğuliyyətdir.
nadilov5@gmail.com