AXCP sədri Əli Kərimli
Son il yarımda neft qiymətlərinin 6 dəfə artmasının xalqın həyat səviyyəsində nəyə görə hiss olunmadığını soruşmağımız hakimiyyəti narahat edib. Xalqın milyardlarını oğurlayanlar hələ bir utanmadan xalqa minnət də qoyurlar. Biz haqlı olaraq sual edirik ki, neft satışından Azərbaycana sel kimi gələn, üstəlik neftin bahalaşması ilə dəfələrlə artan neft milyardları nəyə görə yalnız bir ovuc oliqarxı, oğrunu varlandırır? Nəyə görə həmin milyardlardan xalqa uşaqpulu verilmir, veterana, qaziyə, əlillərə verilən müavinətlər, pensiyalar ciddi şəkildə artırılmır? Nəyə görə həmin milyardlar hesabına qeyri-neft sektoru real olaraq inkişaf etdirilmir, 100 minlərlə yeni iş yeri açılmır? Hakimiyyətin bu suallara cavabı olmadığı üçün yenə də intellektual yaltaqları göndərib üstümüzə. Arqumentə bax, deyirlər ki, neft olmasaydı, bu xalq heç indi aldığı cüzi maaşları, pensiya və müavinətləri də ala bilməzdi. Deyirlər ki, Neft Fondundan hər il dövlət büdcəsinə 12 milyad manat transfer olmasaydı, ümumiyyətlə acından ölərdiniz. İstəmədən Əliyev hakimiyyətinin nə qədər bacarıqsız olduğunu etiraf edirlər. Dünyada neft satmayan 150- dən artıq dövlət nəyə görə acından ölmür? Əksinə, tam əksəriyyəti əla yaşayır. Necə olur ki, qonşu Gürcüstan və Ermənistanın nefti olmasa da, bir çox sosial – iqtisadi göstəriciləri bizimkindən yaxşıdır? Etiraf edə bilmirlər ki, Azərbaycandakı hakimiyyət bacarıqsızdır, korrupsionerdir, üstəlik bütün hüquqları da tapdalayır, azad biznesin inkişafına heç bir şans tanımır, ona görə də bu ölkədə bu rejim şəraitində heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz.
Xalqı aldatmayın, biz neftlə mübarizə aparmırıq. Biz neft gəlirlərini oğurlayıb, xalqı aclığa sürükləyənlərlə mübarizə aparırıq. Biz neft gəlirlərinə arxayın olub, real iqtisadiyyatı məhv edənlərlə mübarizə aparırıq. Biz neftlə yox, neft gəlirləri hesabına ölkədə parlamentarizmi, seçkini, məhkəməni, çoxpartiyalı sistemi məhv edib ailə hakimiyyəti quranlarla mübarizə aparırıq. Biz ona etiraz edirik ki, neft gəlirlərini xalqa, iqtisadi inkişafa xərcləmək əvəzinə oğurlayıb ofşor hesablara daşıyırlar, neft gəlirlərinin bir hissəsini də ölkədə zor, repressiya, işgəncə aparatı qurmağa, zəif iradəli müxalifətçiləri, prinsipsiz vətəndaş cəmiyyəti fəallarını, qələminə xəyanətə hazır olan jurnalistləri, ziyalıları satın almağa, xarici ölkələrdə avtoritarizmə xidmət edən lobbi şəbəkəsi qurmağa xərcləyirlər.
Beləliklə, xalqa xidmət etməli olan bu sərvət hazırda oğruları daha da varlandırmağa, zor və işgəncə rejimini möhkəmləndirməyə xidmət edir. Ancaq təbii ki, günah neftdə yox, nefti xalqın sərvəti olmaqdan çıxarıb, bəlasına çevirmiş hakimiyyətdədir. Azərbaycan xalqı öz hakimiyyətini quranda bizim ölkədə də məsələn, Norveçdə olduğu kimi, neft xalqa, o cümlədən gələcək nəsillərə xidmət edəcək. Hələlik isə xalqımızı da, neftimizi də əsarətdə saxlayanlarla, onların muzdlu nökərlərilə mübarizə aparmalıyıq.