AXCP sədri Əli Kərimli
Krım tatarlarının əfsanəvi lideri Mustafa Cəmiloğlu Nobel sülh mükafatı ala bilər. Mustafa bəyin Nobel sülh mükafatı almasını Polşa parlamenti təklif edib.
Kimdir Mustafa Cəmiloğlu?
Mustafa bəy ailəsilə birlikdə 6 aylığında Krımdan sürgün edilib. 18 yaşı olanda artıq Krım tatar gənclərinin gizli təşkilatını yaradıb. 22 yaşı olanda antisovet fəaliyyətinə görə Daşkənddə təhsil aldığı institutdan xaric edilib və ilk dəfə həbs olunub. Mustafa bəy əfsanəvi bir şəxsiyyət, böyük iradə sahibi olan idealistdir. Ardıcıl antisovet fəaliyyətinə görə 1965-1986-cı illər ərzində 7 dəfə həbs olunub. Əksəriyyəti Sibirin ən soyuq yerlərində olmaqla, Sovet həbsxanalarında üst-üstə 15 il həbsdə olub. 4-cü dəfə məhkum edilməsinə etiraz edən Mustafa bəy 303 gün müddətində aclıq aksiyası keçirib. İradəsi ziddinə, zorla yedizdirildiyi üçün sağ qalıb.
Mustafa bəy ilk növbədə Krım tatarlarının hüquqlarını müdafiə etməyə çalışırdı. Ancaq keçmiş SSRİ-nin ən tanınmış dissidentlərindən biri idi. Sovet ordusunun keçmiş Çexoslavakiyaya girişindən Əfqanıstanı işğal etməsinə qədər imperiya siyasətini tənqid edirdi. Bütün keçmiş Sovet məkanında insan hüquqlarının pozulmasına qarşı qeyri-bərabər şəraitdə, Sovet totolitarizmi şəraitində mübarizə aparırdı. Onun bu mübarizəsi ardıcıl olaraq Sovet İttifaqının süqutuna qədər davam etdi. Mustafa bəy heç vaxt ruhdan düşmədi. Dünyanın 2 supergücündən birinə qarşı əfsanəvi mübarizəsini sona qədər davam etdirdi və qalib gəldi. Onun ən ümidsiz şəraitdə belə mübarizə apardığı xalqlar həbsxanası olan Sovet İttifaqı dağıldı.
1991 – ci ildə yaranışından 2013-cü ilə qədər Mustafa bəy Krım tatarlarının ən mühüm təşkilatına – Krım tatar Milli Məclisinə rəhbərlik edib. Bütün həyatını Krım tatarlarının müdafiəsinə həsr etdiyi üçün o, həm də Krımoğlu adı ilə tanınır. Mustafa bəy Ukraynada 7 dəfə parlamentin deputatı seçilib. 2019-cu ilə qədər Ukrayna prezidentinin Krım tatar xalqı üzrə səlahiyyətli nümayəndəsi olub. Mustafa bəy Krımın Rusiya tərəfindən işğalını qəbul etməmiş, Krım tatarlarının bu işğala qarşı dirənişinin simvolu olmuşdur. Türkiyə-Ukrayna münasibətlərinin ildən-ilə möhkəmlənməsində Mustafa Cəmiloğlu faktoru da rol oynayır.
Polşa parlamentinin Mustafa bəyi Nobel Sülh mükafatına təqdim etməsi təkcə Mustafa bəyin misilsiz, idealist mübarizəsinə deyil, həm də işğalın, sürgünün ağır məhrumiyyətlərini yaşayan Krım tatar xalqının azadlıq və ədalət mübarizəsinə verdikləri böyük qiymət və ədalətli yanaşmadır. Mustafa Cəmiloğlu Nobel Sülh mükafatını tam haqq edən, bütün həyatını xalqının və ümumiyyətlə insanların hüquqlarının müdafiəsinə həsr etmiş nəhəng şəxsiyyətdir. Azərbaycan və Türkiyənin ictimai-siyasi qurumları, digər Avropa dövlətləri, hər bir insansevər şəxs Mustafa bəyin bu yüksək mükafatı ala bilməsi üçün öz səsini ucaltmalıdır.