Bu yazını hakimiyyətlə virtual dialoq kimi də qəbul etmək olar
Hər bir islahat zərurətə söykənməlidir. Bəzən bu zərurət özünü açıq şəkildə hiss etdirməsə də, onun yetişdiyini hiss etmək özü bir bacarıq, qabiliyyət tələb edir. Bu gün Azərbaycan hakimiyyəti istər ölkə daxilində, istərsə də xaricdən belə bir zərurətlə üzləşsə də, hələ ki çağırışlara , yenililiklərə adekvat reaksiya vermək iqtidarında deyil.
Hazırkı şəraitdə hakimiyyətin inzibati resursları cəmiyyətin etirazlarını boğmağa, siyasi müxalifətin fəaliyyətinin önünü kəsməyə yetsə də, toplum və dövlət üçün səmərəli nəticələr əldə etmək kimsəni maraqlandırmır. Elə bu üzdəndir ki, müxalifətin bu qədər təzyiq altında saxlanılmasına rəğmən, onun reytinqi, ictimai rəyə təsir gücü hakimiyyəti dəfələrlə üstələyir. Hakim komanda hələ də iqtidarda qalmağa daha çox gəlir, imtiyaz əldə etmək imkanı kimi baxır, korrupsiyayanı dövlət siyasəti kimi saxlamaqda davam edir. Ortada ölkənin gələcəyi, inkişafı ilə bağlı hər hansı hədəf, insanların həyatı şəraitini yüksəltməklə bağlı hansısa bir istək, məqsəd yoxdur. Bu isə hakimiyyətlə cəmiyyət arasında latent qarşıdurmanı dərinləşdirir, müxalifəti haqlı sayanların sayını gündən – günə artırır. Hətta iş o yerə çatıb ki, Prezident Administrasiyası cəmiyyətdə nüfuz qazanmağın tək yolunun bu hakimiyyəti tənqid etmək olduğu faktı ilə barışıb. Bu səbəbdən də administrasiyaya bağlı avtobus müxalifətini cəmiyyətə qəbul etdirmək üçün onlara da iqtidarı tənqid etdirmək icazəsi verilib. Belə bir şəraitdə aydındır ki, özünü açıq şəkildə cəmiyyətə, ictimai rəyə qarşı qoyaraq, həyat şəraiti gündən – günə çətinləşən insanlara yalan və problemləri inkar üzərində qurulmuş təbliğatla təsir göstərmək mümkün deyil. Belə bir vəziyyətdə hakimiyyətin arsenalında olan iki siyasi resursun heç biri ictimai rəy uğrunda mübarizə aparmağa yaralı deyil. Bunların biri cəmiyyətdə ikrah doğuran yalan və inkarçılıq üzərində qurulmuş bayağı təbliğat və bu təbliğatı tirajlayan informasiya resursları, digəri isə, ictimai rəyi real müxalifətdən yayındırmaq üçün nəzərdə tutulmuş avtobus müxalifətidir. Zaman keçdikcə bu köhnəlmiş və yıpranmış siyasi alətlərin səmərəsizliyi iqtidarı daha çox zorakılıqdan istifadəyə möhtac edir. Hakimiyyət ictimai rəyə təsir göstərə, cəmiyyətdən dəstək qazana bilmədiyinə görə, mövcudluğunu davam etdirmək üçün açıq zorakılıqla toplumu əzməyə, rəqiblərini repressiyaya etməyə vadar olur. Nəticədə isə hakimiyyət bu zorakı və irticaçı xarakteri ilə özünü həm ölkə daxilində, həm də demokratik dəyərlərin ön plana çıxdığı dəyişən dünyada daha pis və mənfi obrazda təqdim edir.
Ölkə xaricində də hakimiyyətin obrazı nəinki yaxşı deyil, hətta korrupsiya, insan haqlarının pozulması ilə bağlı dramatik vəziyyət üzündən Azərbaycan iqtidarı əsas tənqid hədəflərindən biri kimi tanınır. Bu baxımdan Baydenin demokratiya samitnə dəvət olunmayan Azərbaycan hazırda demokratik Qərbin əks düşərgədə gördüyü ölkələr qrupunda yer alır. Bu yaxınlarda İngiltərədə başlamış korrupsiya ifşaları da, məhz Azərbaycandakı rejimə münasibətlə bağlı başlanan prosesin tərkib hissəsidir. Rejimin antiidemokratik xüsusiyyəti ilə yanaşı, həm də geosiyasi baxımdan Rusiya bağlılığı da Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərində gərginliyi artırır. Bütün bunlar isə Ukrayna ətrafındakı geosiyasi toqquşmanın başa çatmasından sonra Qərbdən gələn “demokratiya sunamisinin” Azərbaycandakı avtoritar rejimi vuracağı ehtimalını da yüksəldir. Bütün bunları deməkdə məqsədimiz islahatlara etinasız yanaşan hakimiyyətin vaxtında addım atması zərurətini anlaması üçündür. Bundan ötrü isə hakimiyyət ilk növbədə yumşaq ked strategiyasının vacibliyini ölkə daxili və qlobal geosiyasi zərurət kimi etiraf etməyi bacarmalıdır.
Bir məqamı da vurğulamaq lazımdır ki, yumşaq keçid strategiyası illərlə korrupsiya yolu ilə toplanmış sərvətlərin girovuna çevrilmiş hakim elitanı, sahib olduğu varidatı tam itirməkdən də qoruya bilər. Bu proses uzandıqca Londonda başlamış korrupsiya ifşaları genişlənməkdə davam edəcək. Məhz, bu korporativ maraqlar üzündən siyasi zərurətləri anlamaqda çətinlik çəkən və həmişə zora güvənən hakim komanda indi islahatlarda maraqlı olmalıdır.
Bunun üçün isə ilk növbədə İlham Əliyevin başında durduğu siyasi rejimin demontajını həyata keçirmək üçün daxili qərar verməsi lazımdır. Daha sonra isə :
- İlham Əliyevin və komandasının hakimiyyətə münasibəti dəyişməli və korrupsiyaya maraqlarından imtina edib, yalan və inkarçılıq üzərində qurulmuş yanaşmadan imtina edilərək problemlər etiraf olunmalı, real ictimai səmərə əldə etmək hədəfi qarşıya qoymalıdır. Yalnız bu yolla iqtidar komandası özünü cəmiyyətə faydalı hədəfləri olan pozitiv siyasi kimliyini təqdim edə bilər.
- İqtisadi azadlıqların yolu açılmalı, Dünya Ticarət təşkilatına qoşulmalı, manopliyalar aradan qaldırılmalı, azad rəqabətə və hüququn üstünlüyünə, qanunların aliliyinə təminan verilməli.
- Əgıər qanunların cəmiyyət üçün faydalı olması istəniləcəksə, bundan ötrü mütləq müstəqil və ədalətli məhkəmlərin yaradılmasına çalışılmalı.
- Siyasi məhbuslar azadlığa buraxılmalı, qarşılığında da siyasi müxalifətdən islahatlar üçün dəstək istənilməli.
- Ramiz Mehdiyevin son açıqlamaları hakimiyyətin ictimai rəyi manipulyasiya aləti kimi istifadə etdiyi və real müxalifətin sosial bazasını parçalanmaqda onsuz da uğursuz olan “avtobus müxalifətini” ifşa edib daha yarasız hala saldı. Bu üzdən də hakimiyyət avtobus partiyalarını bir kənara buraxıb, real müxalifətlə yumşaq keçid strategiyası ətrafında siyasi dialoqa başlamalı .
- Ölkədə proporsional seçki sisteminin bərpası üçün referendum keçirilməli və bu əsasda növbədən kənar mümkün olduğu qədər demokratik parlament seçkiləri təyin olunmalı, siyasi azadlıqların önü açılmalı. Bununla da siyasi müxalifətin siyasi sistemə inteqrasiyası yolunda əngəli aradan qaldırıb, yumşaq siyasi keçidin bazası yaradılmalı.
- Azərbaycanla AB arasında nəzərdə tutulan saziş imzalanaraq ölkədəki islahatlara beynəlxalq dəstək təmin olunmalı və Avropaya inteqrasiya istiqamətində real addımlar atmalı.
Bu təklif etdiyimiz məsələlər tədricən reallaşdırılaraq, hakim komanda və cəmiyyətimiz üçün faydalı ola biləcək yumşaq keçid strategiyası həyda keçirilə bilər. Əks təqdirdə siyasi münasibətlərin gərilməsi hesabına hazırkı gedişatı müəyyən qədər də uzatmaq olar. Ancaq bu halda nə zamansa vulkan kimi püskürəcək dəyişikliklər tələbinin doğuracağı risklərin önünə keçmək sonra gec olacaq. Ramiz Mehdiyev olayı onu göstərdi ki, hakimiyyət daxili hazırkı mənəvi- siyasi mühitdə islahatları ləngitmək mümkün olsa da, gözlənilən geosiyasi zəlzələlər və hər an meydana çıxa biləcək daxili etirazlar qarşısında uzun müddət dayanmaq çətin olacaq.