O, rejimin kodlarını açacağı xəbərdarlığını etdi
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Ramiz Mehdiyev danışdı, özü də meydan oxuyaraq, hədə gələrək ona qarşı yönələn hücum kampaniyasına müqavimət göstərəcəyi mesajını verdi. “Qoca qurd” təslim olmaq niyyətində olmadığını, üstünə çox gəlinərsə hakimiyyətin “bağlı sandığının” şifrəsini açacağını deyəcək qədər cəsarət göstərdi. Ramiz Mehdiyev Elmlər Akademiyanın mətbuat xidməti adından bildirir ki, ona qarşı təşkil olunan hücumlar sifarişlidir və məqsəd diqqəti ölkənin gündəmində olan taleyüklü məsələdən yayındırmaqdır. Bu ölkədə Elmlər Akademiyası kimi bir qrumun rəhbərinə hücum etmək sifarişini təyinatlı deputatlara, hakimiyyətə bağlı media şəbəkəsinə kim verə bilər? Ramiz Mehdiyev hamıdan yaxşı bilir ki, İlham Əliyevin iradəsi olmadan belə geniş miqyaslı sifarişi kimsə verə bilməz. O, sifariş deyəndə də, məhz, özünə qarşı olan kampaniyanın arxasında kimin durduğunu bildiyini nəzərə çatdırır. Və ən əsası da, bu hücumun ölkənin gündəmində olan taleyüklü məsələdən diqqəti yayındırmağa xidmət etdiyinə işarə edir. Hər kəsə aydındır ki, son günlərin əsas gündəm mövzusu London məhkəməsi tərəfindən Cavanşir Feyziyevin 5,6 milyon funt-sterlinqininin müsadirə olunmasıdır. Ramiz Mehdiyev heç gizlətmədən demək istəyir ki, İlham Əliyev bu məsələdən diqqəti yayındırmaq üçün onu hədəf seçib. Cəmiyyət də buna görə aldanıb diqqətini taleyüklü məsələsindən yayındırmamalıdır.
Ramiz Mehdiyevin yazdırdığı mətində Milli Məclisin “saxta deputatları” , “növbətçi trollar” , “avtobus müxalifəti” ifadələri də, əslində, rejimin ifşa kodları kimi işlədilir. Siyasi intriqa ustadı olan Mehdiyev bu ifadələrlə nəzərə çatdırır ki, o növbəti dəfə bu ifadələrin açmasını da verə bilər. Bu isə açıq şəkildə hədələmək anlamına gəlir. Adətən i bu ifadələr rejimə qarşı müxalifətçilərin dilindən səslənirdi. İndi Ramiz Mehdiyev rejimin “siyasi arsenalını” cəmiyyətə təqdim edir və deputatların təyinatlı olduğunu, rejimin öz opponentlərinə qarşı növbətçi trollardan istifadə etdiyini, hakimiyyətin saxta “avtobus müxalifəti” saxladığını təsdiq edir. Bu isə kifayət qədər ciddi ifşa, ittihamlardır və 80 yaşlı akademikin memarlarından olduğu hakim siyasi kursa qarşı gəlməsi deməkdir.
Bu üzdən də Elmlər Akademiyası daxilindəki ziddiyyətlər siyasi xarakter daşıyır və getdikcə rejim daxili ixtilafa çevrilməkdədir.