İctimai fəal Bəxtiyar Hacıyev
Daxili işlər naziri hörmətli cənab general-polkovnik Vilayət Süleyman oğlu Eyvazov cənablarına açıq müraciət.
Hörmətli cənab general-polkovnik Vilayət Süleyman oğlu Eyvazov cənabları,
15 oktyabr 2021-ci il tarixində Yasamal Rayon Məhkəməsinin inzibati binasında mənə qarşı xuliqanlıq baş vermiş, məni təxribata çəkməyə cəhd olmuşdur. Proses iştirakçısı Muradova Ülviyyə Alovlu Niyazın qızı qarşısında qoyulmuş şüşə stəkanı, stasionar telefon dəstəyini və digər əşyaları mənə atmış, xuliqanlıq etmiş və məni təxribata çəkməyə cəhd göstərmişdir.
Mən DİN-102 xidmətinə zəng edərək müraciət etdikdən sonra faktla bağlı cinayət işi açılsa da, 4 aydır davam edən istintaqda saxta ekspert rəyi əlavə olunaraq Alovlu zərərçəkən kimi tanınmışdır. Əvvəlcə istintaq ona əlimdəki kağız sənədlərlə kəllə-beyin xəsarətləri yetirdiyim istiqamətində getsə də, sonradan bunun çox açıq yalan olduğu, kamera görüntüləri ilə əsaslandırılmasının mümkün olmadığını anlayıb, guya onun başının sağ və sol tərəflərindən yumruq vurmağım iddiası ilə davam etdirilir.
Rəhbərlik etdiyiniz DİN Alovlu ilə bağlı bir neçə dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu qərarlar prokurorluq tərəfindən ləğv edilsə də, təkrar eyni qərarlar qəbul edilib. Onun bir cinayət əməli ilə bağlı müraciətimə “bizim səlahiyyətimizdə deyil” deyilsə də, BŞBPİ tərəfindən 7 mərhələdən keçdikdən sonra bənzər rədd qərarı verilib. Yasamal Rayon Məhkəməsinin sədrinin təhlükəsizlik kamerası görüntülərinin qanunsuz yayılması barədə məhkəməyə verilməsi üçün tələb olunan MAPS arayışı da rəhbərlik etdiyiniz qurum tərəfindən mənə verilməyib. Hadisədən 4 ay keçməsinə baxmayaraq heç bir istintaq hərəkəti aparılmamış, məhz sizi tənqid etdiyim post yazıldıqdan sonra BŞBPİ-ə üzləşmə üçün dəvət edilmiş, ardınca təhdid edilmişəm.
Bütün bunlar məndə və ictimaiyyətdə belə bir fikir formalaşdırıb ki, sizin rəhbərlik etdiyiniz DİN Alovlunun mənə qarşı təxribatlarını davam etdirib, məni təxribata çəkməsi üçün onu himayə edir və bu cinayət işi DİN-in mənə təzyiq vasitəsi kimi saxlanılır.
Buna görə də sizdən xahiş edirəm ki, Muradova Ülviyyə Alovlunu həqiqətən də mənə qarşı təzyiq vasitəsi kimi himayə etmirsinizsə, 15 oktyabr 2021-ci il tarixindəki insidentin 2 dəqiqəlik TAM versiyasının təhlükəsizlik kameralarından çəkilmiş görüntüsünü yayasınız.
Bununla da kimin həqiqi zərərçəkən, kimin həqiqi təqsirli olması, mənim kiməsə yumruq zərbələri vurub-vurmadığım, Alovlunun xuliqanlıq edib-etməməsi, rəhbərlik etdiyiniz qurumun onu himayə edib-etməməsi və ictimaiyyət üçün maraqlı olan digər məsələlər aydınlaşacaq.