Sabah, fevralın 22-də Ermənistanın paytaxtı Yerevanda AVRONEST Parlament Assambleyasının (PA) komitə iclasları keçiriləcək.
Tədbirlərdə Azərbaycan Milli Məclisinin deputatları, AVRONEST PA-da bu ölkənin nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov də iştirak edəcəklər.
Bu barədə Azərbaycan Milli Məclisinin mətbuat xidməti məlumat yayıb.
“Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər”, – məlumatda yazılıb.
İclasda iqtisadi, sosial və başqa mövzularda müzakirələr keçirilməlidir.
Avronest Parlament Assambleyası Avropa Birliyinin (AB) “Şərq Tərəfdaşlığı” proqramının parlament formatıdır. O, 2011-ci təsis olunub.
“Şərq Tərəfdaşlığı” proqramı 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı dəqiq bilinmir.
Belarusla isə əməkdaşlıq dayanıb.
Azadlıq radiosu