42 nəfər mühacir Almaniya və Avstriyadan Azərbaycana readmissiya olunub.
Bu barədə bu gün, fevralın 16-da Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.
DMX qeyd edir ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş çərçivəsində bu il fevralın 15-də Azərbaycan vətəndaşı olan 39 nəfər Almaniyadan, üç nəfər isə Avstriyadan geri qəbul edilib: “Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib”.
Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından Azərbaycanda karantindir.
“Reinteqrasiya üzrə İşçi Qrup readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir”, – DMX-nın məlumatında yazılıb.
Geri qaytarılan şəxslərin kimliyi, hələlik, açıqlanmır, məsələyə onların münasibəti bəlli deyil.
Xatırlatma
Son illər Avropa ölkələrindən (xüsusilə Almaniyadan) Azərbaycana yüzlərlə mühacirin bu qaydada qaytarıldığı açıqlanıb.
2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında” Saziş imzalanıb.
Amma ötən il qaytarılanlardan bir neçəsi narkotik ittihamı ilə həbs edilib. Həmin şəxslər ittihamı qəbul etmir, siyasi baxışlarına görə şərləndiklərini bildiriblər. Hərçənd, Azərbaycan rəsmiləri ölkədə siyasi həbslərlə bağlı deyilənləri qəbul etmirlər.
Azadlıq radiosu