“Fahişə, bezmişik sənin əlindən. Boğaza yığmısan bizi!”
“Siz sağ qalmağınızı belə möcüzə kimi qiymətləndirməlisiniz.”
Daha ətraflı yazacağımı demişdim.
Bu gün PA qarşısında reportaj hazırlayırdım, binanın mühafizə əməkdaşları (şəkillərini əlavə edirəm) və polislər üzərimə hücum etdilər ki, “telefonu bura ver, çəkilişi sil və s.”
Yeni Media Qanununu misal çəkdilər ki, “siz bu qanuna görə jurnalist sayılmırsınız, çəkiliş edə bilməzsiniz.” Dedim, “lap jurnalist deyiləm, adi vətəndaşam, ictimai hadisədir, çəkirəm. Bu hüququ mənə Konstitusiya verir, sonra?!” Qulaq asmadılar.
Həmkarım Sevinc Sadıqovadan telefonunu zorla aldılar. Hər ikimizi fiziki güc tətbiq edərək PPX maşınına mindirdilər. Səbail rayon 9-cu polis bölməsinə daxil olduğum an iki polis əməkdaşı, (onların da şəklini paylaşıram aşağıda) əsasən də Elşən adlı əməkdaş girişdə məni yerə yıxıb, təhqir edə-edə təpikləməyə başladılar. Dedikləri ən yüngül söyüş bu idi: “Fahişə, bezmişik sənin əlindən. Boğaza yığmısan bizi!”
Bundan sonra bizi növbətçi hissəyə qaldırdılar. Növbətçi hissədə polis bölməsinin rəhbər heyyətinin gözü qarşısında həmin Elşən adlı əməkdaş məni yenidən təhqir etməyə başladı, mən də öz növbəmdə onun söyüşlərinə qarşılıq verirdim. Qəhrəmanımız yenə də hiddətlənərək, bayaqkı qaydada məni yerə yıxıb, təpikləməyə başladı. Biraz döyüləndən sonra bölmənin rəis müavini Müşfiq Gözəlov müdaxilə etməli olduğunu xatırladı nəhayət ki.))
Daha sonra Baş Polis İdarəsinə aparıldım. Orada rəis müavini, polis polkovniki Vüqar Ələkbərovun qəbulunda oldum. Adam çox ürəyi yanırmış kimi danışdı mənimlə. Dedim, “Prokurorluğa şikayət verəcəyəm və vəsatətimdə qeyd edəcəyəm ki, bölmə daxili kamera görüntülərini məhkəməyə təqdim edəsiniz. İndi ki, siz də mənim üçün belə pis olursunuz, vəsatəti təmin edərsiniz, bununla da böyük köməyiniz dəyər mənə.” Polis polkovniki bu cavabdan sonra üzümə irişə-irişə qayıtdı ki, “Yox e, Fatimə xanım, ola bilsin ki, bölmə daxili kameralarda problem olsun, kadrları heç lentə almasın.”..))
Cəhənnəmə ki e, cənab polkovnik! Mən sizdən heç bir ədalət gözləmirəm onsuz da.
Təsəvvür edin, adama deyirəm, “məni yerdə təpikləyib sizin polislər”, deyir ki, “siz də söyüş söymüsünüz.” Deyirəm, “a kişi, onlar nə deyib, mən də ona adekvat münasibət göstərmişəm.” Cavab verir ki, “biz də sizə adekvat olsa idik, indi tikəniz ələ gəlməzdi. Belə olduğu halda siz sağ qalmağınızı möcüzə kimi qiymətləndirməlisiniz.” Deyirəm, “indi sizə minnətdar olmalıyam ki, məni öldürməmisiniz?”))
KOMEDİYA!
4 saatdan çox saxlanılandan sonra sərbəst buraxıldım.
DİN fikirləşirsə ki, bu əxlaqsızlığı onlara keçəyəcəm, böyük səhv edir! Mənə vurulan hər təpik, edilən hər təhqirin cavabını artıqlaması ilə ödəyəcəklər.
Mənim döyüləndən sonra sümüklərimdə yaranan ağrı, sızıltı keçəcək, amma elə ən yaxın dost-tanış, qohum əqrabanızın sizin üzünüzə tüpürəndə yaşayacağınız utanc heç vaxt keçməyəcək.
Fatimə Mövlamlı