Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün, fevralın 23-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı yayılan məlumatı təhrif sayır.
“Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə ( fevralın 22-də) Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur”, – XİN vurğulayır.
XİN-dən bildirilib ki, sözügedən müqavilədə “Şərqi Ermənistan” ifadəsinə istinad yoxdur: “Əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır. Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yanlış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik”.
Bu açıqlamaya, hələlik, Rusiya tərəfindən münasibət almaq mümkün olmayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi Facebook səhifəsində Türkmənçay müqaviləsinin bağlanmasının ildönümü ilə bağlı paylaşım edilib. Həmin paylaşımda qeyd edilir ki, müqaviləyə əsasən, “Rusiya İmperiyasının tərkibinə İrəvan və Naxçıvan xanlıqları (Şərqi Ermənistan) daxil edildi”.
Azadlıq radiosu