AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Rusiyanın Ukraynaya təcavüzü bütün dünyanın diqqət mərkəzindədir. Bu müharibə Ukraynaya böyük zərər vuracaq, böyük itkilərə səbəb olacaq. Rusiyanın bu işğal hərakatına verilən ilk reaksiyalar göstərir ki, Qərb Ukraynanı sona qədər müdafiə etməkdə qərarlıdır. Düzdür, Qərb ölkələri Ukraynada Rusiya ilə döyüşməyəcək, ancaq ukraynalılara vətənlərini müdafiə etmək üçün çox ciddi dəstək təmin ediləcəyi ən yüksək səviyyədə bildirilir . AB və ABŞ bundan sonra Rusiyanın beynəlxalq təcridinə qərar verərək, onu iqtisadi baxımdan çökdürəcək ən sərt sanksiyaları tətbiq edəcəklərini açıq ifadə ediblər. Bu Ukrayna xalqının tək olmadığını və Rusiya işğalına qarşı çox kəskin müqavimət göstərməsi üçün hər tərəfli imkanlara sahib olacağını deməyə əsas verir.
Ukrayna ordusu da bu gün Rusiyaya bağlı ayrılıqçılara qarşı çox uğurlu döyüşlər həyata keçirməkdədir. Bu bölgədə döyüşlər əslində rus ordusu ilə aparılır və Ukrayna tərəfin bildirdiyinə görə 50 düşmən əsgəri öldürülüb. Eyni zamanda 6 Rusiya təyyarəsi, bir helikopteri vurulduğu da bildirilir. Gözlənildiyi kimi Ukrayna ordusu Rusiyanın hava hücumlarına rəğmən bütün cəbhə boyu öz mövqelərini uğurla müdafiə edir. Bu müdafiə xətti yarılsa belə, Rusiya ordusu Ukraynanın içərilərinə daxil olacağı təqdirdə çox böyük itkilərlə üzləşəcək.
Görünən odur ki, Rusiyanın əsas hədəfi ölkənin içərilərinə doğru irəliləyərək Kiyevi tutmaq və mövcud Ukrayna hakimiyyətini dəyişməkdir.
Rusiya çox ağır itkilər hesabına bu niyyətini gerçəkləşdirsə belə, bu, Putin üçün çıxa bilməyəcəyi bir bataqlıq olacaq.
Geosiyasi baxımdan bu savaşın qlobal təcridlə üzləşmiş Rusiyanın labüd məğlubiyyətinə yol açacağı şübhə doğurmur. Çünki qlobal təcrid və ağır sanksiyalar qarşısında xammal ixracından asılı Rusiya iqtisadiyatının bu hərbi istilanı uzun müddət maliyyələşdirməsi mümkün görünmür.
Rusiyanın irəlidəki zamanlarda bu işğal hərəkatının bədəli olaraq çox ağır iqtisadi problemlər əlində qalacağı gözlənilir. Ona görə də müharibənin taleyi təkcə əsgəri güclə, işğal olunan ərazilərlə deyil, həm də iqtisadi resurslardan asılı olacaq.
Ukrayna xalqının rus istilasına qarşı kəskin müqaviməti və Rusiyaya gedəcək cənazələrin rus xalqında yaradacağı narazılıq da göz önünü nə alınıarsa, Putin rejimi üçün daha ağır günlərin irəlidə olduğunu düşünmək olar.