Hüquq müdafiəçisi Anar Məmmədli
Rusiyanın Ukraynaya təcavüzünü rasionallaşdırma cəhdləri bitməmiş indi də Kremli haqlı çıxaranlar tapılıb. Bizim ölkədə də belələri var. Gəlin Rusiyanın təcavüzünü əsassız edən bəzi rasional səbəblərə nəzər salaq:
1) 2014-cü il martında Rusiya Krımı işğal etməklə Ukrayna ilə imzaladığı bütün ikitərəfli və çoxtərəfli sənədlərdən çıxmış oldu. Bununla da Ukraynanın NATO ilə əməkdaşlığı labüdləşdi. Ölkədə keçirilən rəy sorğularında Ukraynanın NATO-ya üzvlüyünə tərəf olanların sayı 2014-cü ildə sürətlə çoxalmağa başladı.
2) 1991-ci ildə Sovet İttifaqı dağılanda Rusiya 15 ittifaq respublikasından fərqli olaraq SSRİ-nin beynəxalq qurumlardakı bütün imtiyazlarını, o cümlədən BMT Təhlükəsizlik Şurasında daimi üzvü mandatını əldə etdi. Sovet İttifaqı bu imtiyazları ikinci dünya müharibəsində əvəzsiz roluna görə almışdı.
Amma SSRİ Əfqanıstana qoşun yeridərkən üzləşdiyi sanksiyalar Rusiyanın indi üzləşdiyi sanksiyalardan yüngül idi. Bunun müxtəlif səbəbləri vardı. Ən önəmli səbəb Kreml 1979-89-cu illərdə ikinci dünya müharibəsindən sonra formalaşan beynəlxalq münasibətlər sistemində etimadını itirməmişdi. Rusiyaya tətbiq edilən sanksiyalar isə göstərir ki, Kremlə etimad limiti bitib. Yəni Putin mövcud qlobal iqtisadi sistem və beynəlxalq münasibətlərə ciddi təhlükədir, dayandırılmasa Avropada sülh və təhlükəsizliyə təhlükə aradan qalxmayacaq.
3) 2014-cü ildə Ukrayna ərazilərinin işğalı ilə Rusiya mövcud beynəlxalq siyasi münaisbətlər sistemini əsas ideya müəllifləri olan Avropa ölkələrinə təhdid yaratdı. Amma həm ABŞ-ın, həm də Avropa Birliyi ölkələrinin buna reaksiyası indiki kimi sərt və öldürücü sanksiyalarla müşayiət olunmadı. Qərb o zaman tutarsız davranışı ilə Putini şirnikləndirdi. İndi Ukrayna xalqı öz suverenliyi naminə döyüşmək istyirsə, heç bir Qərb lideri çıxıb onları təslimçiliyə çağırmağa cəsarət etməz.
4) 2014-2021-ci illərdə Ukrayna və Rusiya arasında aparılan danışıqlarda Kreml işğal etdiyi Ukrayna ərazilərindən çıxacağı təqdirdə bu ölkənin neytral statusa malik olması ilə qane olmadı. Əksinə həm Krımı istəyib, həm də Donetsk və Luqanskda xüsusi statusa malik (Ukrayna parlamentində xüsusi təmsilçilik də daxil olmaqla) muxtariyyət tələb edib, həm də hərbi neytrallıq.
5) Kremlin Çin başda olmaqla düyanın digər avtoritar rejimlərindən fərqi budur ki, özünü super güc sayaraq, dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da daxili siyasi proseslərə müdaxilə etmək istəyir. Bir az araşdırsanız, Kremlin demokratik ölkələrdə mühafizəkarları və sol qrupları, hibrid rejimlərdə oliqarxları və millətçiləri dəstəkləməsinə dair materiallar tapa bilərsiz.
Kreml artıq avtoritar liderlər və rejimlərin, mühafizəkar, millətçi və radikal-sol qrupların dünyada himayədarı kimi demokratikləşməyə problem yaradırdı. Çox uzağa getməyək, bizim bölgədə millətçi çıxışları bir az oturub analiz edin.
Məhz yuxarıdakı səbəblərdən Putin noyabrda yeni ultumatum irəli sürəndə onu iqnor etdilər. Yüngülcə anlatdılar ki, Putin əlində nüvə raketi olan küçə uşağıdı (Obama). Amma məsələ yanvarda ciddiləşəndə Ukraynaya hərbi-siyasi dəstək verməyə başladılar.
Ötən 3 həftəlik müharibə göstərdi ki, verilən dəstək Rusiya hücumunu dəf etməyə yetərli olub. Rusiyanın üzləşdiyi bu uğursuzluqdan sonra nüvə silahından istifadə edəcəyini düşünənlər var. Əgər belə bir avantüra baş verərsə, Rusiya BMT TŞ-də daimi üzv statusunu və nüvə silahlarını saxlamaq haqqını birdəfəlik itirə, habelə Putin həbs edilməyənədək bu ölkə dünyadan tam təcrid edilə bilər.