AXCP sədri Əli Kərimli
Görün, avtoritarizm millətləri nə günə salır. İşğalçılıq müharibəsində 5 generalı, 7-14 min arası hərbçisi öldürülmüş, 10 minlərlə hərbçisi yaralanmış bir xalqa 100 minlik konsertmi yaraşır?
Putinin dünən Moskvada keçirdiyi 100 minlik (hökumət 200 min deyir) mitinq-konsert haqda siz nə düşündünüz? Putin bu mitinq-konsertlə öz aləmində Rusiya cəmiyyətinin birləşdiyini və onun arxasında dayandığını nümayiş etdirmək istəyib. Əksər müşahidəçilər mitinq-konsertdə kütləvi iştirak edən rusları qınayıb ki, məhz belə insanlar imperiya siyasətinə dəstək verdiyi üçün Putin işğalçılıq müharibəsi aparıb həm ukraynalılara, həm də ruslara çoxsaylı faciələr yaşada bilir. Bir çoxları isə diqqəti ona cəlb ediblər ki, konsert-mitinqə insanlar inzibati qaydada gətirilib. Bizə də tanış olan üsulla idarə müdirləri, məktəb direktorları öz tabeliyində olan insanları siyahı üzrə, avtobuslarla aparıblar mitinq-konsertə. Yayılmış videolar da (video şərh bölümündə) bunu təsdiq edir. İnsanlar dəmir barmaqlıqları əyərək mitinq-konsertdən qaçırlarmış.
Mən isə bu mitinq-konsertin başqa bir tərəfinə diqqətinizi cəlb etmək istəyirəm. Hazırda avtoritar rejimin əsirliyində olan rus xalqı dəfələrlə inqilablar etmiş, ən qanlı müharibələrdə qələbələr qazanmış, dünya ədəbiyyatına, mədəniyyətinə, elminə töhvələr vermiş böyük bir xalqdır. Mən rus xalqını cəsarətsiz, təhsilsiz, mədəniyyətsiz saya bilmirəm. Ukrayna ilə savaşın ilk günlərindən Rusiyada keçirilən müharibə əleyhinə mitinqlərdə 10 minlərlə rusiyalının həbsi də mənim fikirlərimi təsdiq edir.
Bəs bu mitinq-konsertə gəlmiş digər 100 minlər nəyin göstəricisidir?
Həmin qorxudulmuş və ya təbliğatla beyni yuyulmuş insanlar avtoritar rejimin məhsullarıdır. Avtoritar rejimlər ən savadlı, mədəni xalqları da müəyyən müddətə eybəcərləşdirə bilir. Ən bariz nümunəsi Sovet işğalında saxlanılan ADR-də yaşayan almanlarla Federativ Almaniyada yaşayan almanlar arasında 40 il ərzində yaranmış fərq idi. Digər parlaq misal isə Şimali Koreya və Cənubi Koreyada yaşayan eyni millətin rejimlərin təsirilə bir-birindən necə fərqlənməsidir.
Bəli, bu gün rus xalqını da öz faciəsinə çalıb-oynamaqla reaksiya verməyə məcbur edən Rusiyadakı avtoritar rejimdir. Hüquq və azadlıqların olmadığı, vicdanlı, dürüst, açıqsözlü olmağın cəzalandırıldığı avtoritar rejimlər xalqların ən pis cəhətlərini üzə çıxarır, qoxaqlığı, yalanı, yaltaqlığı trendə çevirə bilir.
Bu yazını təkcə ona görə yazmıram ki, Putin avtoritarizminin böyük rus xalqının başına hansı oyunları açdığını izah edim. Məqsədim diqqəti öz xalqımızın problemlərinə cəlb etməkdir. Bilirəm, bir çox ictimai-siyasi fəal insan məyus olur ki, nəyə görə ölkəmizdə böyük bir çoxluq hər cür haqsızlığa, rəzalətə susur? Nəyə görə bu ölkədə bu qədər çox sayda insan “mənim başım salamat olsun, başqalarına olandan mənə nə?” prinsipi ilə yaşayır? Nəyə görə bu ölkədə bu qədər çox yalançı, şərə vəkillik etməyə hazır saxtakar, yaltaq var?
Əziz dostlar, Rusiyadakı avtoritarizmin yaşı cəmi 10 – 12 ildir. Görün rus xalqını hansı vəziyyətə salıb. Azərbaycan isə 28 ildir, əslində isə kiçik fasilə ilə yarım əsrdən çoxdur bir ailə tərəfindən avtoritar, anti-insani üsullarla idarə olunur. Məhz bu avtoritar, repressiv idarəetmə xalqımızın içindən ən naqis xüsusiyyətləri seçib hakim tendensiya edib. O saxtakarlar, üzəduranlar, oğrular, yaltaqlar, şərçilər deyil xalqımızın sifəti. 28 il davam edən zorakı eksperimentə rəğmən öz mərdliyini, ədalətə, hüquqa sədaqətini qoruyub saxlaya bilmiş siz azadlıq sevdalılarıdır xalqımızın siması. Vətən üçün ölümə gedən şəhidlərimiz, haqq üçün, ədalət üçün həbsə gedən siyasi məhbuslarımız və haqqa, ədalətə sayğısını qoruyub saxlamış 100 minlərlə ədalətli soydaşımızdır bu millətin sifəti. Avtoritarizmdən xilas olduqdan sonra xalqımızın bütün müsbət keyfiyyətləri tam olaraq üzə çıxacaq. Xalqımız ədalətlidir, mənəviyyatlıdır, azadlıqsevərdir. Bir müddətdən sonra hamı buna əmin olacaq.