AXCP sədri Əli Kərimli
Bu ilin cəmi ilk 2 ayının nəticəsinə görə Azərbaycanın dövlət büdcəsində profisit 2 milyard manat olub. Yəni büdcə xərcləri ödənildikdən sonra bu qədər pul artıq qalıb.
Əslində təəccüblü deyil. Neftin qiyməti durmadan artır. Büdcədə nəzərdə tutulduğundan az qala 3 dəfə baha satılır. Vergiləri, aksizləri, dövlət rüsumlarını, cərimələri də ötən ilin sonlarında yenidən artırıblar. Vətəndaşı mümkün olan maksimum həddə sıxıblar və indi bütün mənimsəmələrdən və rəsmi büdcə xərclərindən sonra 2 milyard manat artıq pul qalıb. Hökumət bilmir ki, bu pulla nə etsin. Ancaq şəhid ailərinin, qazilərin, veteranların hətta avtoritar Rusiyada olduğundan da 8 -10 dəfə az olan müavinətlərini artırmaq ağıllarına gəlmir. Uşaq pulu vermək barədə heç düşünmürlər. İqtisadiyyata sərmayə qoyub, çoxlu və real iş yerləri açmaq, kiçik və orta biznesi canlandırmaq üçün iş adamlarına, öz işini qurmaq istəyən gənclərə aşağı faizlə kredit vermək də ağıllarına gəlmir. Pensiya yaşını aşağı salmaq, ötən illərdə ləğv etdikləri 211 min nəfərin pensiyasını bərpa etmək də planlarında yoxdur. Qarabağda bərpa işlərini, məcburi köçkünlərin yurd-yuvalarına qayıdışını sürətləndirməyə də ehtiyac duymurlar. Bahalaşmanı nəzərə alaraq, heç olmasa ərzaq qiymətlərini azacıq ucuzlaşdırmaq üçün ərzaq məhsullarını ƏDV-dən azad etməyi də düşünmürlər. Hökumətin nəzərində bu “artıq” pulu büdcədən silməyin ən məqbul yolu yenə də hansısa lüzumsuz, şişirdilmiş tikinti layihələri olacaq.
İllər keçir, bizim ölkədə isə heç nə dəyişmir. 5, 10, 15, 20 il öncə olduğu kimi bu gün də korrupsiya dövlət siyasətidir. Xalqın yaşadığı sosial çətinlik hakimiyyətin vecinə deyil. Dünyadakı dəyişikliklərdən nəticə çıxarmaq da bunlarlıq deyil. Çünki bu hakimiyyət bu xalqa yaddır və biz xalq olaraq hökuməti özümüzlə hesablaşmağa məcbur edəcək həddə təşkilatlana bilməmişik. Gec də olsa səhvlərimizi düzəltməliyik. Həyatımızın dəyişməsi üçün ilk növbədə özümüz dəyişib daha məsuliyyətli, daha tələbkar vətəndaş olmalıyıq.