Britaniya kəşfiyyatı oktyabrın 18-də Rusiyanın istifadə etdiyi dronların İran istehsalı olduğunu təsdiqləyib
Rusiyanın Ukraynada elektrik stansiyaları və digər mülki infrastruktura raket və dron zərbələri hərbi cinayətə bərabər “xalis terror aktlarıdır”. Bunu oktyabrın 19-da Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.
“Dünən yenə Rusiyanın mülki infrastruktura hədəfli hücumlarını gördük. Bu, artıq çox qəddarlaşmış müharibədə yeni bir fəsildir. Bunlar hərbi cinayətdir”, – von der Leyen Avropa Parlamentində deputatlar qarşısında çıxışında deyib.
“Qarşıdan qış gəldiyi bir vaxtda kişiləri, qadınları, uşaqları susuz, elektriksiz, istiliksiz qoymaq məqsədilə mülki infrastruktura hədəfli hücumlar xalis terror aktıdır, belə də adlandırmalıyıq”, – von der Leyen vurğulayıb.
Artıq Rusiyanın bombardmanı nəticəsində Zaporojye vilayətindəki Enerhodar şəhərinin bəzi yerlərində elektrik və suyun kəsildiyi xəbər verilir.
Krivoy Roq şəhərində elektrik stansiyasına ciddi ziyan dəyib, bəzi yerlərdə elektrik kəsilib.
Rusiyanın işğalı altında olan Xerson vilayətini Ukrayna ordusunun irəliləməsi səbəbindən son günlər 5 mindən çox adam tərk edib. Məlumatı vilayətə Rusiyanın təyin etdiyi başçı Vladimir Saldo verib.
Saldo Rusiya televiziyasına deyib ki, hakimiyyət növbəti altı gün ərzində 50 min – 60 min sakini köçürməyi planlaşdırır.
Ukrayna qüvvələri son bir neçə həftədə Dnepr çayının cənubunda 30 km-dək irəliləyərək Rusiya əsgərlərinə təhdid yaradıblar.
Azadlıq radiosu