Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Bəzi insanlarda yarımçıq, yanlış təsəvvür var ki, İlham Əliyev nə deməyindən, nə etməsindən asılı olmayaraq, biz 100 faiz onun əleyhinə danışmalıyıq. Natamamlıq kompleksidir.
Mən Vətənimi İlham Əliyevə görə sevmirəm ki, sevgimi də ona görə ayarlayam.
Vaxtilə Türk Şəhidliyindən Türkiyə Bayrağını endirən İlham Əliyev bu gün “türkçü” olubsa, bu mənim qələbəmdir.
Vaxtilə Güney Azərbaycanlı qardaşlarımı molla rejiminə təhvil verib labüd ölümə göndərən İlham Əliyev bu gün güneyli soydaşlarımızın hüquqlarından danışırsa, hansı niyyətlə etməyindən asılı olmayaraq, demək ki, mənim amalım qələbə çalıb.
Vaxtilə, Lukaşenko demiş, Qarabağın heç vaxt Azərbaycan olmaması ilə barışan birisi Şuşanı və Hadrutu azad etməyə cəsarətləndisə, bu, heç şübhəsiz ki, mənim qələbəmdir.
Mənim “İlham Əliyevi məhv etmək”, və ya mütləq və mütləq hakimiyyətə gəlmək kimi hədəfim yoxdur və heç vaxt da olmayıb.
Mənim hədəfim Azərbaycanımı dünyanın ən gerilikçi və zalım ailə rejimlərindən birindən xilas edib demokratik dünyanın, Avropanın bir parçasına çevirmək, Qarabağımı azad etmək, 10 milyon vətəndaşımı ləyaqətli həyat və rifahla təmin etməkdir.
İlham Əliyev Güney Azərbaycandan danışdı deyə sırf onun acığına millətimin və həyatımın ən böyük arzusundan imtina edəsi də deyiləm. Onun üçün bu siyasətdir, mənim üçün həyatımın amalı, ən böyük sevdamdır. Mərhum Elçibəy demiş, 30 milyonluq bir millətin hüquqları pozulursa, haqqı tapdalanırsa, buna susmayacağıq. Buna susmaq, liberalizm deyil, faşizmə dəstək deməkdir.
Hakimiyyətə görə də narahat olmayın. Peyğəmbər övladı olsaydılar belə, bircə Tərtər qiyaməti onların Cəhənnəminə yetəcəkdi. Başqa heç nəyə gərək yox.
Yaşasın Özgürlük!
Var olsun Azərbaycan!