Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Mənə qarşı xüsusi ittiham qaydasında açılan cinayət işinin (!) arxasında Azərbaycan hakimiyyəti dayanır. İlham Əliyevin şəxsi razılığı olmadan heç kim mənə qarşı cinayət işinə başlaya bilməz, buna risk etməz, cəsarət etməz. Bu aksiomdur.
İlham Əliyevin şəxsi razılığı olmadan heç bir məhkəmə mənimlə bağlı saxlanma qərarı qəbul edə bilməz. Bunu da bilirik.
Barəmdə cinayət işi açdıran şəxsin separatçı və türkofob kimliyi çılpaqlığı ilə ortadadır. Adam Azərbaycan dövlətini 32 ildir İranı təhdid etməkdə, etnik azlıqlara qarşı soyqırımı həyata keçirməkdə, Türkiyəni PKK terrorunun təşkilatçısı olmaqda suçlayır! Sistematik şəkildə türk millətini aşağılayır! Bu barədə onlarla fakt var, amma rejim mənsubları bu çığıran faktların birini görməyib. Deyək ki, müxalifətə nifrət gözlərini kor edib, görməyiblər.
Bəs axı xüsusi ittihamçını bu işə təhrik edən şəxslərin kimliyi ortadadır, bu da sizə heç nə demədi? Məsələn, məni və təmsil etdiyim düşərgəni bircə fakta istinad etmədən faşist adlandıran və ölkədə separatçıya separatçı deyənləri kriminal diffamasiya qaydasında cəzalandırmağın məhkəmə presedentini yaratmağın zəruriliyindən yazan şəxs separatçı Talış-Muğan Respublikasının Konstitusiyasının))) müəllifi Ataxan Əbilovdur. Adam öz adı, soyadı ilə ortada idi, amma bu Azərbaycan hakimiyyətinə yenə heç nə demədi. Olsun.
Buyurun, bu da bir nömrəli separatçı, Azərbaycan dövlətinə qarşı Ermənistanla işbirliyi içində olan Əlikram Hümbətovun ta kəndisi!
Fürsətçillik edib (təbii ki, müxalifətçi, rejimin qisas almağa çalışdı şəxs olmasaydım buna cəsarət belə etməzdilər) üstümə göndərdikləri Leyla Arifi kütləvi ictimai qınaqdan qorumaq üçün şəxsən Əlikram Hümbətov cənabları döyüşə atılır və yaşından utanmadan mənə böhtan atır:
Guya mən nə vaxtsa onun yanına gedib onunla saatlarla söhbət edib hələ müsahibə də))) götürmüşəm!
İttiham o qədər absurd və gülüncdür ki, onunla bağlı söz deməyi belə özümə yaraşdırmıram. Ancaq məni düşündürən başqa məsələdir.
Yəni, Azərbaycan hakimiyyəti o qədər çarəsizdir və mən o qədər təhlükəliyəm ki, məni cinayət məsuliyyətinə cəlb etmək üçün rejim başında Hümbətovun dayandığı separatçı çete ilə əməkdaşlığa getsin, bunu özünə sığışdırsın?! Əlikram Hümbətov yəqin presedent yaradıb sonra özü məhkəməyə müraciət edib ona separatçı damğasını vuran Heydər Əliyevə qarşı cinayət işi qaldırmağı düşünür))).
Gerçəkdən də, nə baş verir? Bu qədərmi düşdülər, bu qədərmi ağıllarını itirdilər, yəni?!