Bəxtiyar Hacıyevin həbsi ilə bağlı Milli Şuranın bəyanatı
Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərindən biri Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində Avropaya səfərdən qayıdarkən saxlanılıb və onun barəsində məhkəmə qərarı ilə 1 ay 20 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik etməkdə ittiham olunur.
Milli Şura bəyan edir ki, Bəxtiyar Hacıyevə elan olunan ittihamlar əsassızdır və onun həbsi üçün formal bəhanə xarakterilidir. Əslində Bəxtiyar Hacıyev bilavasitə ictimai-siyasi fəaliyyətinə, hökuməti (onun başında dayanan İlham Əliyev də daxil olmaqla) sərt tənqid etdiyinə görə cəzalandırılır və onun həbsi siyasi motivlidir.
Bəxtiyar Hacıyev bununla artıq neçənci dəfədir ki, repressiyaya məruz qalır. 10 ildən çoxdur hakimiyyətin basqısı altında olan Bəxtiyar Hacıyev bu müddətdə həbs edilib, oğurlanaraq işgəncəyə, polis idarəsində fiziki zorakılığa məruz qoyululub, dəfələrlə məhkəmə təqibinə cəlb edilib. Hakimiyyət onu susdurmaq və mövqeyindən çəkindirmək üçün çox səy göstərib, amma Bəxtiyar Hacıyev geri çəkilməyib. Nəhayət indi onu qurama ittihamlarla yenidən azadlıqdan məhrum edirlər.
Milli Şura Bəxtiyar Hacıyevin cinayət məsuliyyətinə cəlb və həbs edilməsini qətiyyətlə pisləyir və onun dərhal azad olunmasını tələb edir.
Milli Şura bəyan edir ki, Bəxtiyar Hacıyevin həbsi təkcə onun şəxsinə qarşı yönəlmiş repressiya aktı da deyil. Bu, İlham Əliyevin despotik hakimiyyətinin gerçək siyasi müxalifət və vətəndaş cəmiyyəti üzərinə növbəti yürüşünün, onları tamamilə sıradan çıxarmaq cəhdinin tərkib hissəsidir. Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin əsassız bir ittihamla məhkəməyə çəkilməsi, “Siyasi partiyalar haqqında” yeni, mürtəce qanunun tələm-tələsik qəbuluna çalışmaq (layihə Milli Məclisdə artıq 2-ci oxunuşdan keçib) da bu baxımdan təsadüfi deyil.
İlham Əliyev hakimiyyəti hazırda dünyada baş verənlərin, xüsusən də Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni reallığın fonunda beynəlxalq avtoritarizmin yaxın vaxtlarda tamam çökəcəyini və bu çöküşün onun siyasi taleyini də həll edəcəyini yaxşı dərk edir. Buna görə də nə qədər ki, vaxtı var, özünün real alternativlərini tamamilə sıradan çıxarmaq istəyir.
Milli Şura Azərbaycan xalqını onun tərəqqisinə buxov olmuş avtoritar hakimiyyətin bu xəbis istəyi qarşısında susqun qalmamağa çağırır. Hakimiyyətin bu yeni repressiya kampaniyası və avtoritarizmi gücləndirmək cəhdləri də bilavasitə xalqımızın azad və firavan gələcək imkanlarına çalınan baltadır. Xalqımız bunun fərqində olmalı və onun xoşbəxtliyini əlindən alan avtoritarizmin ömrünü yalnız dinc, kütləvi etirazların qısaldacağını bilməlidir. Buna görə də Bəxtiyar Hacıyevin həbsi və Gültəkin Hacıbəylinin məhkəmə təqibinə məruz qalması da daxil olmaqla, hakimiyyətin avtoritarizmi gücləndirmək istiqamətindəki son addımlarına uca səslə etiraz etməlidir.
Milli Şura Azərbaycan xalqı qarşısında mənəvi, siyasi öhdəlikləri olan beynəlxalq təşkilatları, demokratik təsisatları və hökümətləri də İlham Əliyev hakimiyyətinin bu repressiv, real siyasi alternativləri tamamilə sıradan çıxarmaq siysətinə qarşı sərt mövqe bildirməyə çağırır. Milli Şura hesab edir ki, beynəlxalq birliyin əlində Azərbaycandakı kimi avtoritar rejimlərə təsir etmək üçün ünvanlı sanksiyalar da daxil olmaqla, ciddi vasitələr var və insan hüquq və azadlıqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə məhəl belə qoymadan demokratiyanın universal dəyərlərini tapdaq etmiş İlham Əliyev rejimi uyğun təsir vasitələrilə durdurulmalıdır.
Milli Şura bir daha Azərbaycan hakimiyyətindən öz alterativlərinə qarşı başlatdığı yeni repressiya və təzyiq kampaniyasını dayandırmağı, Bəxtiyar Hacıyevi dərhal azadlığa buraxmağı, ona və Gültəkin Hacıbəyliyə qarşı qurama cinayət işlərinə xitam verməyi, eləcə də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini geri götürməyi tələb edir.