Milli Şuranın sədri, professor Cəmil Həsənli
Bu gün Azərbaycan xalqının tarixində və taleyində ən işıqlı günlərdən biridir. 1945-ci ilin dekabr ayının 12-də Təbrizdə Seyid Cəfər Pişəvəri başda olmaqla 11 nazirdən ibarət milli hökumətin qurulduğu gündür. Həmin dövrün Cənub şairlərinin dili ilə desək:
Seçdi ellər xəlq içindən şövq ilə on bir vəzir,
Olmasın yadlar əlində xəlqimiz bir də əsir!
Bir il sonra eyni gün – 1946-cı ilin dekabr ayının 12-də milli hökumət süqut etdi. Şübhəsiz ki, bu bir ilin zəfər və faciəsi bu günə qədər insanların xatirəsində, qəlbində, fikir və düşüncəsində yaşayır. Hazırda Azərbaycanda 12 dekabr həm də uzun müddət respublikaya rəhbərlik etmiş Heydər Əliyevin vəfat etdiyi gündür və onun anım günü artıq 20 ilə yaxındır Cənubi Azərbaycan milli hökumətin tarix səhnəsinə gəlişi və bu səhnədən gedişini arxa plana keçirib. Hətta Heydər Əliyevi dəfn edəndə 1960-cı ildə Buzovna vərəm dispanserinin həyətindən gətirilib Fəxri Xiyabanda dəfn edilmiş Seyid Cəfər Pişəvərinin məzarının yerini yenidən dəyişməli oldular. Sözüm onda deyil.
12 dekabrla bağlı Heydər Əliyevin fövqəl təbliğində “Azərbaycan” qəzetində getmiş bir silsilə mənim diqqətimi cəlb etdi: Heydər Əliyev və Cənubi Azərbaycan”. Bu silsilənin müəllifi tanınmış tarixçi, Akademiyanın müxbir üzvü, deputat Musa Qasımlıdır. Şübhəsiz ki, bir çox tarixçilərdən fərqli olaraq Musa müəllim zəhmətkeş və məhsuldar alimdir. Amma bu yazısında razılaşmadığımız bəzi məqamlar var.
Birinncisi məsələni belə qoymaq olmaz ki, Sovet Hökuməti, kommunizm pis idi, amma onun yetirməsi, həmin sistemin başında duranlardan biri kim Heyədər Əliyev yaxşı idi. Heydər Əliyevi rəhbərlik etdiyi sistemdən ayırıb ona millətçi, dinçi, milli mənəvi dəyərlərin keşikçisi donu geyindirmək kökündən yanlışdır. Şübhəsiz ki, Azərbaycan tarixinin 60-cı illərin sonundan başlayan tarixini Heydər Əliyevsiz yazmaq mümkün deyil. Amma bu, faktların saxtalaşdırılması, ona yeni bioqrafiya quraşdırılması və fövqəltarix status verilməsi hesabına olmamalıdır. Doğrusu indi heç Heydər Əliyevin obyektiv tarixini yazmaq özü də mümkün deyil.
Faktiki olaraq onun 26 illik DTK-da, 13 illik Azərbaycan KP MK-dakı fəaliyyətini əks etdirən sənədlər tədqiqatçıların üzünə bağlıdır. Məsələn, 70-80-ci illərin tarixini həmin illərdə Azərbaycan KP MK Bürosunun, Katibliyinin, Plenumlarının sənədləri və stenoqramları ilə tanış olmadan necə yazmaq olar. Bu sənədlər Siyasi Sənədlər Arxivində son 10-15 ildir ucdantutma qapalı fondlarda saxlanılır, rəhbər partiya işçilərinin şəxsi işləri araşdırmaçılara verilmir.
Məsələn, 1967-ci ildə Xankəndi (Stepanakert) hadisələrində ermənilər 3 azərbaycanlının üzərinə benzin töküb yandırıblar, onlardan birini diri diri yanan alovun içinə atıblar. Bu məsələ MK Bürosunda müzakirə edilib, DTK, İctiami Asayişi Mühafizə Nazirliyinin dopladığı istintaq materialları, hadisə yerinə ezam edilmiş DTK-nın sədri Heydər Əliyevin geniş hesabatı SSA fond 1, siyahı 54, iş 52-də təxminən 250 vərəqə yaxın qovluqda saxlanılır. İndi Prezident Aparatının Siyasi Sənədlər Arxivi bunun üzərinə niyə qadağanlıq qoymalıdır? Axı bu “qədim mədəniyyətə” iddialı olan erməni ekstremistlərinin Azərbaycanda ən qanlı əməllərini əks etdirir. Bunlar isə hansı sənəddə Heydər Əliyevin adı keçirsə onu qadağan olunmuş sənədlər siyahısına salırlar.
Nə isə keçək Musa müəllimin silsilə məqaləsinə. Silsilə “Azərbaycan” qəzetinin 8, 10 və 11 dekabr 2022-ci il tarixlərində dərc olunub. Bəri başdan deyim ki, Cənub Azərbaycan məsələsi ilə bağlı Heydər Əliyevin fəaliyyəti tədqiqat üçün maraqlı mövzudur. Amma uydurulmasa, bəzək-düzək vurulması, kommunizm idealları uğrunda mərd mübariz Heydər Əliyevdən “Səttərxan Sərdari Milli” düzəldilməsə.
Birinci məqalədə Musa müəllim yazır: “İkinci Dünya müharibəsi illərində gənc yaşlarından xüsusi xidmət orqanlarında işə başlayan Heydər Əliyev Cənubi Azərbaycanda da fəaliyyət göstərərək azərbaycanlıların hüquqlarının qorunmasında, siyasi və ictimai təşkilatlarının yaradılmasında, müstəqillik, birlik ideyalarının formalaşmasında, şimala birləşmək istəklərinin gücləndirilməsində mühüm rol oynamışdı. O, Təbrizdə işlərkən cənublu gənclərin Seyid Cəfər Pişəvəri hərəkatında iştirak etmələri, Azərbaycan Demokrat Partiyasına üzv olmaları yolunda fəal təbliğat aparmış və bu partiyada çalışmışdı”. Məsələ burasındadır ki, “gənc yaşlarından xüsusi xidmət orqanlarında işə başlayan Heydər Əliyev” 21 Azər hərəkatı dövründə nə Təbrizdə olub, nə də Musa müəllimin dediyi müstəqillik, şimalla birləşmək hərəkatlarında iştirak etməyib. Onun həmin illərdəki karyerası belə məsələlərlə məşğul olmağa yetərli deyildi. Cənubi Azərbaycana siyasi, mədəni, təhlükəsizlik işləri ilə bağlı ezam edilən bütün işçilərin, o cümlədən təhlükəsizlik orqanların 82 əməkdaşının hamısının ad və soy adı verilmiş siyahıları Siyasi Sənədlər Arxivi Fond 1, Siyahı 89-da var. Təsəvvür edin nəinki Cənuba ezam olunanların, hətta ezam olunmaq üçün səfərbər edilənlərin də siyahıları var. Amma Heydər Əliyevin adı o siyahıların heç birində yoxdur. Olmayan bir şeyi gecikmiş tarixə Heydər Əliyevin bioqrafiyasına əlavə etməyin anlamı nədir? Heydər Əliyev 1946-cı ilin aprelində Bağırovla Pişəvəri Çulfada vaqon kabinetdə görüşərkən Dövlət Təhlükəsizliyi Nazirliyinin Naxçıvan bölməsinin şəxsi heyətinin tərkibində həmin vaqonun mühafizəsində iştirak edib. 1946-cı ilin dekabrında Cənublu demokratlar və Bərzaninin 499 nəfərlik süvariləri Naxçıvana gələndə Abakumovdan əmr gəldi ki, onlar təcrid edilsin, yerli əhali ilə hər hansı əlaqələrinə imkan verilməsin. Bu təcrid əməliyyatında iştirak edənlərdən biri də təhlükəsizlik orqanlarının gənc əməkdaşı Heydər Əliyev idi.
Musa müəllim yazır ki, “Sovet dövründə Azərbaycan müstəqil olmadığı üçün xarici siyasət yürüdə bilməsə də, Heydər Əliyev ümumi sovet xarici siyasəti çərçivəsində Cənubi Azərbaycan məsələsini diqqətdə saxlayırdı. Heydər Əliyevin bu məsələyə münasibəti bir neçə istiqaməti əhatə edirdi: Cənubi Azərbaycandan olan ziyalılara xüsusi qayğı göstərir; cənub mövzusunun unutdurulmamasına çalışır; elmi araşdırmaların aparılmasını təşviq edir, alim, yazıçı və şairləri cənub mövzusundan yazmağa çağırır, böyük ustalıqla həmin ideyanın yayılmasına kömək edir; Cənubi Azərbaycandan olan şair və yazıçıların məişət şəraitinin yaxşılaşdırılmasından ötrü qərarlar qəbul edir, onları mənzillə təmin edir; İrana və Cənubi Azərbaycan şəhərlərindəki kitabxanalara Bakıdan nəşrlər göndərilməsini artırır; cənublu gənclərin Azərbaycan ali məktəblərində təhsil almalarına dair qərarlar qəbul edirdi və s”. Sual olunur Heydər Əliyevdən öncəki Vəli Axundov və İmam Mustafayev və hətta Mir Cəfər Bağırov dövründə bu şeylər yox idimi? Məsələn çoxlu Cənublu mühacirlərin reabilitasiyası Axundov dövründə olmadımı? Həttə Pişəvərinin cənazəsi Axundov dövründə reabilitasiya edilmədimi? Onun adsız, üzərində məzar daşı olmayan nəmalum məzarı Buzovna vərəm dispanserinin həyətindən gətirilib Fəxri Xiyabanda dəfn edilmədimi? Adına Bakı şəhərində küçə verilmədimi? Heydər Əliyev üçün bioqrafiya düzəltmək xatirinə bunların üzərindən necə keçmək olar. Adlarını zikr etdiyim respublika rəhbərləri həmişə Azərbaycan Demokrat Firqəsinə diqqət və qayğı ilə yanaşıblar onun maliyyələşməsinə yardım göstəriblər. O cümlədən Heydər Əliyev də.
Amma bütün bu yardımlar və isti münasibətlərin kökündə qardaşlıq duyğularından başqa bir ideoloji zəmin də var idi. Heydər Əliyevlə ADF liderlərinin görüşlərinin stenoqramlarına diqqət yetirsək qırımızı xətt nədən ibarətdir: Siz İranda və Cənubi Azərbaycanda marksizm-lenininz təliminin geniş yayılmasınada, bəşəriyyətin işıqlı gələcəyi olan kommunizm ideyalarının təbliğində, İranda Sovet təsirinin güclənməsində fəal iştirak etməlisiniz. ADF sədri Qulam Daneşian da ona deyirdi ki, mən Lenin Komsomolunun yetirməsiyəm, 14 il onun sıralarında tərbiyə almışam, Sovet Kommunist Paertiyasının əsgəriyəm və s. İndi bütün bunlar olub milli iş, müstəqillik və Sovet Azərbaycanına birləşmək uğrunda mübarizə.
Musa müəllim örnək kimi Heydər Əliyevin tanınmış şair Balaş Azəroğluya qayğısından yazır, onun 60 illiyinin keçirilməsi, onu dostluq ordeninə təqdim edilməsi və s. Bütün bunlar olubmu? Əlbəttə olub. Ancaq Balaş Azəroğlu ilə yanaşı Heydər Əliyevin eyni vaxtda digər bir Cənublu şairə – Milli Hökumətin Maarif naziri Məhəmməd Biriyaya da münasibəti ortadadır axı. Biriyanın həbs və sürgün edilməsində, sürgündən qayıdandan sonra Bakıda yaşamasına qadağa qoyulmasında Heydər Əlyevin “qayğısı” da var. Bir peşə etkası var cə onu yazanda bunu da xatırlatmaq lazımdır. Heydər Əliyevin dərkənarı ilə Tambova sürgün olunanda Biriya özü yazmışıdı Heydər Əliyev haqqında həcvi:
Söylə bir Heydər ağa, Təbriz hara Tambov hara.
Heydər Əliyev 26 il DTK-də işləyib. Bütün bu müddət ərzində Cənublu demokratların liter işləri, filtirdən keçirilməsi, onların bəzilərindən agent və casus kimi istifadə edilməsində bilavasitə iştirak edib. Bunlar hamısı DTX-nin arxivində var və arxivdə həmin materiallar indi də gizli saxlanılır.
Musa müəlli demək olar ki, hər üçü məqalədə dəfələrlə təkrar edirdi ki, Cənublular Heydər Əliyevi şimal və cənubun lideri olaraq görürdülər. Sohbət Sovet dövründən gedir və həmin dövrdə Heydər Əliyevin belə bir iddiası yox idi. Bunlar hamısı uydurmadır. Hətta İran İslam İnqilabı dövründə Heydər Əliyevin Azərbaycan ziyalıları ilə görüşlər keçirməsi və orada “Cənubi Azərbaycan” ifadəsi işlətməsi tapşırığı belə Sovet rəhbərliyinin göstərişi idi və göstərişi Əliyevə Sov.İKP MK Beynəlxalq Şöbəsinin rəhbərlərindən biri kimi Vadim Zaqladindən gəlmişdi.
Heydər Əliyevin Cənub məsələsində rolu vardımı? Şübhəsiz ki, vardı. Bunun elmi və siyasi mənzərəsin yaratmaq üçün onun DTK-da işləyərkən bu məsələ ilə bağlı yazdığı hesabatlara, arayışlara, raportlara baxmaq lazımdır. Onların hamısının orjinalı Rusiya FTX-nin, surəti Azərbaycan DTX-nin arxivində var. İkincisi, Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində İran Xalq Partiyasının (Tudə) rəhbərləri, məsələn İrəc İsgəndəri, Nurəddin Kiyanuru, Tuda MK-nın katibləri Həmid Səfəri və Ənuşirəvan İbrahimi, ADP sədri Qulam Daneşian, ADP MK katibi Əmrəli Lahrudu, Kürd Demokrat Partiyasının sədri Rəhim Seyf Qazi və dugərləri ilə görüş və danışıqlarının stenoqramlarına baxmaq lazımdır. Bu görüşlərlə bağlı 1970-1982-ci illərdə Sov.İKP MK-ya yazdığı məlumat və hesabatlara baxmaq lazımdır. Tudənin bütün plenum və iclasları haqqında Heydər Əliyevin adına hesabatlar göndərilirdi. Axı bu sənədlər ortada ola-ola niyə özümüzdən əfsanə uydurmalıyıq, Heydər Əliyevin süni şəkildə “Sərdari Milli” obrazını yaratmalıyıq?
Məsələn, Heydər Əliyev 1979-cu ildə Tudə rəhbirliyinin dəyişdirilməsi, uzun müddət partiyaya rəhbərlik etmiş İrəc İsgəndərinin baş katib vəzifəsindən uzaqlaşdırılması, Xomeynini müdafiə etmək xəttinin tərəfadarı, İran əhalisinin silahlandırılması yolu ilə İslam inqilabçılarına kömək etmək siyasətinin tərəfdarı Nurəddin Kiyanurunun baş katib seçilməsi proyektinin əsas iştirakçılarından biri idi. ADP MK-nın baş katibi Əmirəli Lahrudi soruşanda ki, bu silahı haradan alacaqsınız Kiyanuru bunun artıq Sovet rəhbərliyi ilə razılaşdırıldığın dedi. Silahlar Əfqanıstan üzərindən keçirilib Tudəçilərə çatdırılmalı idi. ADP-nin sədri Qulam Danişyan dəfələrlə Əliyevi bu yanlış yoldan çəkindirmək istədə də, Kiyanurinin avantürist olduğunu əsaslandırsa da Heydər Əliyev Xomeynin müdafiə edilməsinin, islamçılarla birləşməyin düzgün yol olduğunu, Amerikalıları oradan ancaq Xomeyni ilə Tudəçilərin birliyi şəraitində çıxarmağın mümkünlüyündə təkid etdi. O, Sov.İKP MK yazırdı ki, biz Cənubi Azərbaycana gizli iş üçün Tudəçiləri hazırlamışıq və Moskvanın qərarı gələn kimi onları İrana göndərməyə hazırıq. Sovet Azərbaycanında yaşayan demokratlara “tövsiyə” edildi ki, prezident seçkilərində Xomeynin göstərdiyi namizədə səs versinlər. Minlərlə adam Kiyanuri və Əliyev də daxil olmaqla Sovet rəhbərliyinin bu avantürasının qurbanı oldu. Onların böyük bir hissəsi Xomeynin fitvası ilə edam edildi. Yəni adam bilavasitə İranda qatı islam rejimin qurulmasının əsas müdafiəçilərindən və həmin prosesə dəstək verənlərdən biri olub.
Sənədlərə baxmaq lazımdır. Dünən də yazmışdım Heydər Əliyev 1978-ci ilin aprelində MK Bürosunda konstitusiyaya ana dilinin dövlət dili kimi salınmasının qəti əleyhinə çıxış etdiyi haldı, onu öz karyerasını risk altına qoyaraq dövlət dilimizin keşikçisi adlandırırlar. Bu, Cənub məsələsinə də aiddir. Amma Cənub məsələsində vəziyyət dil məsələsində olduğundan bir az yaxşıdır.
Nə isə deyiləsi şey çoxdur. Mən qeyd edilən silsilədən bir neçə epizod gətirdim. Amma orada həqiqətlə uzlayşmayan digər məqamlar da vardır.Sadəcə bir postda hər şeyə toxunmaq mümkün deyil.