Elektron Məhkəmə Sistemi üçün 4.3 milyonu bu şirkət alıb - Araşdırma

  • By Admin2
  • 03 Aprel 2026 15:52

Son günlər Azərbaycanda Elektron Məhkəmə Sistemlərinin işləməməsi ilə bağlı vəkillərin çoxsaylı narazılıqları eşidilməkdədir.

Vəkillər bu sistemin mövcud olsa da, ümumiyyətlə çalışmadığını xüsusi vurğulayırlar.

Xatırladaq ki, Məhkəmə-Hüquq Şurasından Elektron Məhkəmə Sistemi ilə bağlı saytımıza açıqlama da verilmişdi.

Sözügedən açıqlamada bildirilirdi:

“Vəkillərə “Elektron Məhkəmə” informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək. “Elektron Məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində sistemin yeni versiyası istifadəyə verilib. Sistemdə edilən yeniliklərin izah olunması və yaranan çətinliklərin aradan qaldırılması məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən onlayn təlimlər keçirilməkdədir. Bundan başqa bildirilir ki, yeni sistem üzərindən texniki məsələlərlə bağlı prosessual müddətlərin ötürülməsinin nəzərə alınması üçün Məhkəmə-Hüquq Şurasının Məhkəmə Çağrı Mərkəzindən (887) arayış alına bilər”.

Gununsesi.info araşdırması zamanı məlum olub ki,  2024-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Bestcom Group” MMC ilə bağlı 4.3 milyon manatlıq müqavilə bağlayıb.

Müqavilədə “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətini təmin edən və birinci instansiya məhkəmələrinin istismarında olan texniki-texoloji infrastrukturunun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinin satınalınması nəzərdə tutulur.

Hazırda elektron məhkəmə sisteminin başına nə oyun açıblarsa, milyonluq iş bir qəpiyə dəymir.

Elmar

Gununsesi.info