“İsrail və onun böyük müttəfiqi ABŞ İran məsələsini bu il həll etməyə çalışacaqlar. Bu fürsət bir də ələ düşməyəcək. Çünki yəhudi lobbisi Donald Trampı İrana qarşı sərt kursa razı sala bildi. Demokratlar İranla sərt tonda danışmırdı. Hazırda ABŞ-da Tramp əleyhinə etirazlar güclənib. Hətta siyasi kuluarlarda hazırkı prezidentin impiçmentindən danışılır. Bu üzdən Benyamin Netanyahu və Donald Tramp “İran düyünü”nü birdəfəlik çözmək istəyirlər”.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib.

Onun sözlərinə görə, İran–İsrail–ABŞ arasında genişmiqyaslı müharibənin “aprelin sonunda yekunlaşması” hazırkı reallıqlara görə çox inandırıcı görünmür:
“Çünki müttəfiqlər qısa zamanda İranı diz çökdürə bilmədilər. ABŞ və İsrail eynilə Rusiyanın Ukraynada düşdüyü duruma salındılar. Rusiya prezidenti Vladimir Putin də 2 həftəyə Kiyevi alacağını, Ukraynanı diz çökdürəcəyini demişdi. Amma 4 ildən çoxdur Rusiya Ukrayna bataqlığına saplanıb, çıxış yolu da görünmür. Daha doğrusu güzəştsiz çıxış yolu görünmür. Qızıl meydanda Stalinsayağı qələbə paradı keçirmək istəyən Putin güzəştə getmək istəmir. İran bu müharibədə çox ciddi zərbə aldı, ölkənin hərbi infrastrukturu dağıdıldı, siyasi və hərbi elitası böyük ölçüdə məhv edildi. Dövlətin imici iki paralıq edildi ali rəhbər qətlə yetirildi.
Hazırda Tehran səması müttəfiqlərin nəzarəti altındadır. Amma İran müqavimət göstərir, özü də İsrailə, ABŞ-ın regiondakı hərbi bazalarına dağıdıcı zərbələr vurur. Müharibənin uzanması İsraildə və ABŞ-da ictimai rəyi hakimi rejimlərə qarşı qəzəbləndirir. Ona görə də İran mümkün qədər çox zərbə endirməyə çalışır. Bu arada ABŞ liderinin quru əməliyyatlara başlayacağıq bəyanatları da psixoloji həmlə metodudur. Müttəfiqlər İrana qarşı quru əməliyyatlarına başlamaz. Çünki İranın silahlı qüvvələrinin şəxsi heyətinin sayı 1 milyon 400 minə çıxa bilər. Artıq səfərbərlik də elan edilib, ehtiyatda olan hərbçilər toplanıb. Müttəfiqlərin quru əməliyyatlarına başlaması müharibəni uzada və itkiləri artıra bilər. Hesab edirəm ki, bundan sonra müharibədə intensivlik azalacaq. Vaxtaşırı və daha çox nöqtəatışı zərbələr endiriləcək. Amma müharibənin dayanacağı real görünmür”.
Siyasi şərhçi bildirib ki, müttəfiqlər də İrana qarşı eyni metodlardan-proksi qüvvələrdən yararlana bilər. Bununla belə savaşın Ukrayna müharibəsi kimi uzanacağı ağlabatan deyil:
“Bu savaş uzun sürə bilməz. Mütəffiqlər hesab edirdi ki, hava zərbələrindən sonra İranın hərbi infrastrukturu və elitası məhv ediləcək, xalq ayağa qalxıb rejimi devirəcək. Amma gözlənilən kimi olmadı. İran kifayət qədər zərbə aldı, amma rejim devrilmədi. Müharibə dayansa molla rejimi yenidən güclənəcək və onun qarşısını almaq mümkün olmayacaq. Ona görə də müttəfiqlər bu savaşa ölüm-dirim müharibəsi kimi baxırlar. Fikrimcə, SEPAH-ın tamamilə məhvinə qədər savaş davam edəcək. Növbəti mərhələdə İranın bütün sənayesi, özəlliklə neft müəssisələri, anbarları hədəfə alına bilər. Əslində İran tərəfi güc toplamaq üçün savaşı bitirmək istəyir. Prezident Məsud Pezeşkian iqtisadiyyatın çökəcəyinə dair qorxulu proqnoz verib. “İslahat”çı qanadın mənəvi lideri Həsən Ruhani də islahatları vacib sayıb, savaşın bitməsini istəyib. Molla rejiminin verdiyi mesaj budur ki, İran bu mərhələdə dayanmaq və resurslarını təzələmək niyyətindədir. Hətta siyasi güzəştlərə də hazırdır”.
Şəbnəm Rəhimova












