“Bu cür addımlar sülhün davamlı olmasına xidmət edir” -ŞƏRH

“Azərbaycan özü Aİ-95 markalı benzinin bir hissəsini daxili tələbatı ödəmək üçün xaricdən idxal etdiyi halda, Ermənistana 22 vaqon Aİ-95 benzini göndərir. Amma bu klassik iqtisadi proses deyil, sülh gündəliyini möhkəmləndirən düşünülmüş siyasi addımdır və doğru addımdır”.

Gununsesi.info bildirib ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov deyib:

“Miqyas baxımından söhbət böyük məbləğdən getmir. Bir vaqon təxminən 55–60 ton benzin deməkdir. Pula çevrildikdə 22 vaqin bir neçə milyon dollar edir. Yəni bu, Azərbaycan iqtisadiyyatı üçün böyük pul deyil. Həm də onsuz da bu hədiyyə deyil, satılır və pulu alınır.

Həm də əsas məsələ Ermənistanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun əsasının qoyulmasıdır və bu rolun zamanla artacağıdır. Bu isə sülhü praktik olaraq möhkəmləndirən amildir”.

İqtisadçı qeyd edib ki, bu cür addımlar sərhəddə sülhün davamlı olmasına, sülh müqaviləsinin imzalanmasına xidmət edir:

“Ən başlıcası isə bu proses bir məqsədə yönəlib: Azərbaycan əsgəri bir də şəhid olmasın, anaların ürəyi parçalanıb, gözləri qan ağlamasın”.

Qeyd edək ki, noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən, SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin bu gün yola salınacaq.

Onu da qeyd edək ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq.

 

 

Şəbnəm

Gununsesi.info