
Ürəyincə olmayan ab-hava qəlbini sıxırdı. Sürücü istisna yol yoldaşları mürgüləyirdi. Yavaş səslə maşının radiosundan gələn bayağı musiqi də lap zəhləsini tökürdü. Düşüncəsində hakimi-mütləq olan niyə bu dünyanın ayrılıqları var, lap müvəqqəti olsa belə fikri onu heç cürə rahat buraxmırdı. Son iki günün yorğunluğu sanki onda hər şeyə laqeydlik diqtə etmişdi. Getdiyi məkan, yetişəcəyi mənzil başı onu zərrəcə də olsa özünə çəkmirdi. Uzun zaman diliminin anlara sığan məqamlarının cəmi saat yarım əvvəl arxada qoyduğu şirinliyi artıq xatirəyə çevrildiyinin fərqində idi. Hər şeyi, ən kiçicik detalına, təfərrüatına qədər təkrar-təkrar gözləri önündən keçirir, ayaqlarını yerdən üzüb sürətlə onu uzaqlaşdıran maşına, sürücüyə qarşı içində qəribə barışmazlıq üsyanı alovlanırdı. Guya onu son görüşündən zorla qoparıb aparan bu binəvalar imiş. Qəfil fikir dolamaclarından özünə sual ünvanladı. Görəsən ayrılarkən mənim son sözüm nə oldu deyə düşündü. O, özünə yaxşı bax, məndən nigaran qalma, hələlik dedi. Bəs mən? Niyə hər sözü, nidası bunca əzbər yadımda qaldığı halda özüm nə dediyimi xatırlamıram. Deyəsən görüşənədək deməmişdən əvvəl başın qayğılarına qarışanda bir neçə dəqiqə ya nə bilim bir saat yadına düşməsəm və qayıdıb yaddaşında mən də haralardasa varam hakim kəsilsə, elə həmin an düşün ki, hər anı yalnız sənlə olan mən varam. Yalnız yuxuda olsam, əgər səni yuxuda görmürəmsə onda haqqında düşünmədiyim ola bilər. Sən mənim aldığım nəfəsdə, baxdığım baxışlarımdasan hər daim.
Cavabında ”birdən yuxuna başqası girdi, bax ha səni boğub öldürərəm” deməyinə sadəcə gülüb keçmişdi. Onsuz da səndən nəyi isə gizlətmək mümkün deyil, yerin altından da üstündən də xəbərdarsan. Çoxbilmişin biri çoxbilmiş- deyib əlavə etdiyini xatırladı. Sənin insan olduğuna inanmıram. Mələklər kimi hər şeyi anındaca bilirsən. Gerçəkdən sən mələksən- demişdi.
Yol yoldaşlarının əməlli-başlı yatması onu da “yoluxdururdu”. Son iki günün yorğunluğu da iki ayayağını bir başmağa pərçim edib, inadkarcasına gözlərini yummağa israr edirdi.
Ayılanda ona elə gəldi ki, uzun müddətdir yatıb. Pəncərədən baxdığı bomboz çöllüyə diqqət yetirib özü üçün müəyyənləşdirdi ki, olsa-olsa cəmi on beş dəqiqədir yatdığı. Ağlına ilk gələn heç bir yaşıllığı olmayan çılpaq təpəliklərə görəsən nə vaxtsa insan ayağı dəyibmi sualı oldu. Və birdən də qızarmış gözləri anidən gülümsədi. Kaş əl-ələ tutub nəfəsimiz kəsilənəcən bu dağlarda qaçaydıq. O susuz yamaclar mübarək qədəmlərindən can alaydı.
Pəncərənin şüşəsini azca aşağı saldı. Üzünü isti külək qasdırdı. Sanki təndir ağzından odlu hava püskürdü. Gözləri yaşardı. Bircə an əvvəl fikrindən keçənə peşman oldu. Bir gör nə keçir ağlımdan. Heç bu istidə o dağların döşündə əl-ələ tutub qaçmaq olar? Qızmar yay günəşi hər yerin çəmən-çayrını belə yandırıb. Sonra da gözü işlədikcə uzaqlıqdakı yala nəzər yetirib, yasamallıqdan baxışlarını dikə zillədi. Mənim mələyimin zərif vücudu o istidə əziyyət çəkər- düşündü.
Hər iki əli ilə gözlərini ovuşduraraq gördüyü mənzərənin yuxu olmadığını yəqin etmək istədi. Hər tərəfin bomboz olduğu otsuz-alafsız dağ döşünə bir topa bulud qapqara kölgə salırdı. Bu o yer idi ki, bir an öncə qızmar günəş şəfəqlərindən sapsarı rəngdə idi. Elə həmin bir an öncə o, xəyalında öz mələyinin əlindən tutub orda qaçırdı.
(hekayə)
Pərviz Yəhyalı