Deputat çağırış etdi: "Sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq olunmalıdır"

“Bu gün uşaqlar üçün ən böyük risklərdən biri artıq fiziki mühit yox, rəqəmsal mühitdir. Sosial şəbəkələrdə nəzarətsiz istifadə, yaş məhdudiyyətlərinin faktiki işləməməsi, zərərli çağırışlar, psixoloji manipulyasiya və onlayn zorakılıq real təhlükə yaradır”.

Gununsesi.info bildirir ki, bunu deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı deyib.

“Qanundan irəli gələrək digər qanunvericilik aktlarında bir sıra məsələlərə yenidən baxılmasını təklif edirəm. İlk növbədə sosial şəbəkələrdə yaş məhdudiyyətinin hüquqi mexanizmlə tətbiq edilməsi vacibdir.

Avropa İttifaqında Rəqəmsal Xidmətlər Aktı (DSA), ABŞ-da isə COPPA qanunu platformalara uşaqların qorunması ilə bağlı konkret öhdəliklər qoyur. Avstraliyanın 2025-ci ildə 16 yaşdan aşağı uşaqlar üçün sosial medianı qadağan etməsi, bir sıra Avropa ölkələrinin oxşar addımlara hazırlaşması bu sahədə beynəlxalq tendensiyanı göstərir.

Alkoqol, tütün, enerji içkiləri, qumar və aqressiv məzmunun uşaqlara yönəlmiş formada yayımına qarşı daha sərt mexanizmlərin tətbiqini, eləcə də “cyberbullying”in ayrıca hüquqi anlayış kimi tanınması vacibdir”.

Sonda Razi Nurullayev qeyd edib ki, bu qanun düzgün başlanğıcdır, lakin son nöqtə deyil.

Onun sözlərinə görə, sənəd qanunvericilik sistemində domino effekti yaratmalı, informasiya siyasəti, rəqəmsal təhlükəsizlik, reklam qaydaları və biznes mühiti də bu prinsiplərə uyğunlaşdırılmalıdır.

Deputat qanuna səs verməklə yanaşı, “uşaq hüquqları ilə əlaqədar digər qanunlara dəyişiklik paketi”nin hazırlanması üçün müvafiq göstəriş verilməsini təklif edib.

 

 

Şəbnəm

Gununsesi.info