Deputat danışdı: - İranın yeni ali dini liderinin seçilməsi nə deməkdir?

  • By Admin2
  • 10 Mart 2026 12:12

İranın Qum şəhərində fəaliyyət göstərən və ölkənin ali dini liderini seçmək səlahiyyətinə malik olan Ekspertlər Şurası – Məclisi Xübrəqan yeni ali dini liderin seçildiyini elan edib.

Gununsesi.info-nun xəbərinə görə, məclisin nümayəndələrindən olan ayətullah Eşkevari açıqlamasında bildirib ki, yeni ali dini lider artıq müəyyənləşdirilib və “soyad dəyişməyib, yeni dini liderimiz də Xameneidir”.

Onun sözlərinə görə, qərar Ekspertlər Şurasında əzici çoxluqla qəbul olunub.

Bu açıqlama İran siyasi dairələrində və dünya mediasında yeni ali dini liderin mərhum lider Əli Xameneinin ikinci oğlu Müctəba Xamenei olduğu qənaətini gücləndirib.

Çünki Xamenei ailəsində bu posta real namizəd kimi uzun illərdir məhz onun adı çəkilirdi.

Maraqlıdır, İranın ali dini liderinin ailə daxilində seçilməsi ölkənin siyasi sistemində hansı mesajı verir və bu, İran İslam Respublikasında “dini monarxiya” kimi qiymətləndirilə bilərmi?

Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Elnarə Akimova danışıb.

O bildirib ki, İranın ali dini liderinin seçilməsi məsələsi hər şeydən əvvəl həmin ölkənin konstitusion və siyasi sisteminin daxili mexanizmləri ilə bağlıdır:

“Bu proses Ekspertlər Şurası kimi xüsusi səlahiyyətli dini-siyasi institut vasitəsilə həyata keçirilir və İran İslam Respublikasının hüquqi çərçivəsində müəyyən edilmiş prosedurlara əsaslanır. Bu baxımdan, yeni ali dini liderin kimliyi və onun hansı ailəyə mənsub olması ilk növbədə İran cəmiyyətinin və dövlət institutlarının öz daxili qərarı kimi qiymətləndirilməlidir. Əgər yeni liderin Müctəba Xameneidirsə, təbii olaraq bu fakt beynəlxalq mediada və siyasi dairələrdə müxtəlif müzakirələrə səbəb olur. Lakin diplomatik baxımdan yanaşdıqda, əsas prinsip dövlətlərin daxili işlərinə hörmət və suveren seçimlərinə müdaxilə etməməkdir”

Parlamentari eyni zamanda bildirib:

“İran regionun mühüm dövlətlərindən biridir və onun siyasi sistemi 1979-cu il inqilabından sonra formalaşmış özünəməxsus dini-respublika modelinə əsaslanır. Bu modeldə ali dini liderin seçilməsi dini və siyasi legitimliyin xüsusi kombinasiyası kimi qəbul edilir. Hətta eyni soyadın hakimiyyətin davamında görünməsi belə, rəsmi olaraq sistemin institusional qərarı kimi təqdim olunur. Qonşu ölkə olaraq Azərbaycan üçün əsas məqam regionda sabitliyin qorunması, dövlətlər arasında qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinin davam etməsidir. Bu baxımdan İranın ali dini liderinin kimliyi məsələsi daha çox həmin ölkənin daxili siyasi gündəliyinin tərkib hissəsi kimi qiymətləndirilir. Diplomatik və praqmatik yanaşma ondan ibarətdir ki, region dövlətləri bir-birinin daxili siyasi proseslərinə qiymət verməkdən daha çox qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik və sabitlik kimi ortaq maraqlara diqqət yetirirlər. Bu isə həm regionun sabitliyi, həm də dövlətlərarası münasibətlərin sağlam inkişafı baxımından daha konstruktiv yanaşma hesab olunur”.

 

Orxan
Gununsesi.info