Sədaqətin və dürüstlüyün simvolu - BƏYLƏR EYYUBOVUN 75 İLLİK YUBİLEYİNƏ SÖZARDI

  • By admin
  • 10 Mart 2026 10:46

Məni tanıyanlar bilir ki, məddahlıq, kiməsə yaltaqlıq kimi xarakterdən çox-çox uzaq adamam.

Həyatda ən böyük  verdiyim üstünlük isə insanın sədaqəti, dürüstlüyüdür.

Uzun illərə söykənən jurnalistika həyatımda bu üstünlükləri barmaqla sayılacaq adamlarda görmüşəm.

Belələrindən biri də uzun illər Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi olmuş  hazırda Prezident Katibliyinin rəisi kimi mühüm bir postu tutan general-polkovnik Bəylər Eyyubovdur. 

 

Bugün Bəylər Eyyubovun yubileyidir – 75 yaşı tamam olur.

Heydər Əliyevin hələ müxalifətdə olduğu dönəmdən gecəsiylə-gündüzüylə , yorulmaq bilmədən yanında olan, hər cür həyat  riski bahasına başa gələn bu  insan  ömrünün 30 ildən artığını Əliyevlərə sədaqətlə xidmət edib və etməkdədir.

Bir insan haqqında fikir bildirmək üçün ilk növbədə onun hansı sədaqətin sahibi olmasına önəm verməlisən.

Bəylər Eyyubovun mənəvi keyfiyyətlərindən biri də məhz SƏDAQƏTLİ insan olmasıdır.

Sədaqətli insansansa, hamı sənə güvənəcək. Necə ki, bunu Bəylər müəllim özündə sübut etdi.

Sədaqət insanın xarakterində ən yüksək mənəvi keyfiyyətlərdən biri hesab olunur. Sədaqətli insan bütün  münasibətlərdə – dostluqda, sevgidə, ailədə, iş həyatında eyni cür olur.

Belə insanlar başqalarının güvənə biləcəyi şəxslər sayılır.

Rəhbərinə, dövlətinə sədaqətli olan Bəylər Eyyubov kimi insanlar özü kimi olan digər şəxslərə də etibarlıdır.

Bir zamanlar Ramiz Mehdiyevin dışladığı, vəzifələrdən kənarlaşdırmağa çalışdığı  sadiq insanları məhz Bəylər Eyyubov qoruya bilib.

Çünki, o, həmin adamların dövlətə,dövlətçiliyə hansı sədaqətlə xidmət etməsini görüb və bunu dəyərləndirə bilib.

Bəylər Eyyubov Azərbaycanda çox nüfuzlu adamdır.

Ona həsəd aparanlar da var.

Amma onu çox yaxından tanıyanlar görür ki, o, bu ötən 30 ildə övladlarının necə böyüməsini görmədi. Övladları ilə vaxt keçirməyin dadını çıxarmadı.

Mərhum prezident Heydər Əliyevin həyatının son günlərində ondan ayrılmadı.

Bəylər Eyyubovu bir dəfə çökmüş durumda gördüm.

Bu, mərhum Heydər Əliyevin məzara qoyulduğu gün idi.

Məzara özü girdi. Bir insan atasını, qardaşını öz əlləriylə məzara qoyanda hansı durumda idisə, “Ağbaş general”da əvvəllər müşahidə olunan zəhmdən əsər-əlamət yox idi.

Saqqal basmış üzü ilə yanaşı gözlərinin dərinliyindəki o çöküş açıq sezilirdi.

Çünki, o SADİQ adam idi.

Sadiq insanlar çətin vaxtlarda da yaxınlarını tərk etmirlər. O, da Heydər Əliyevi tərk etmək istəmirdi.

Bəylər müəllim, həm də DÜRÜST adamdır.

Bugünə qədər onun adından, nüfuzundan istifadə edən çoxsaylı qohumları,dostları olub.

Bəylər müəllim, səhvi olanı heç zaman bağışlamayıb.

Bu cür olaylarda ölkə rəhbərliyinə də hər şeyi obyektiv çatdırıb.

Bəylər Eyyubov mənim üçün həm də ona görə böyük və dəyərlidir ki, Eldar Mahmudovun tifaqını dağıdan əsas adamlardan biri olub.

Ölkənin milli təhlükəsizlik sisteminin sarsıdan Eldar Mahmudov və dəstəsinin zamanında çökdürülməsi  prosesi olmasaydı,  bəlkə də Mahmudov çoxdan qanuni hakimiyyəti ələ keçirmişdi.

Bu fikirləri qələmə alanda  Bəylər müəllimə həm də  vəfa borcumu ödəyim deyə düşündüm.

Çünki, Eldar Mahmudov məni şərləyib  həbsə atanda planlaşdırdığı məkrli niyyətləri barəsində ölkə prezidentinə obyektiv məlumatı məhz o vermişdi.

Yubileyiniz mübarək, Cənab general-polkovnik!

Pərviz Həşimli 

Gununsesi.info