Füzulidə bağça qalmaqalı: “Töhmət” qərarı alsa da, işdən çıxarıldı...

  • By Admin2
  • 20 Fevral 2026 15:11

Füzuli rayon 2 nömrəli Qayıdış qəsəbəsində fəaliyyət göstərən 9 saylı körpələr evində qəribə bir işdən çıxarılma halı baş verib.

Belə ki, bu barədə Gununsesi.info-ya işdən çıxarılan şəxsin şikayəti daxil olub.

Verilən məlumata görə, Həmkarlar İttifaqının müzakirəsi nəticəsində işdən çıxarılmış şəxslərə “Töhmət” verilməsi qərarı olduğu halda, sözügedən qərar əvəzinə birbaşa işdən çıxarılma icra olunmuşdur.

Şikayətçi bu barədə deyib:

“Adları çəkilən işçilərə “TÖHMƏT” verilməsi barədə qərar qəbul edildiyi üçün onlara 10.11.2024-cü il tarixli, 40 saylı əmrlə “TÖHMƏT” inzibati tənbeh tədbiri verilmişdir. AR Əmək Məcəlləsinin 189.1-ci maddəsinə əsasən, işçinin bir intizam xətasına görə yalnız bir intizam tənbehi verildiyi üçün onların işdən azad edilməsi və ya digər intizam tənbehinin verilməsi mümkün olmadığı bildirilmişdir”.

Məsələ ilə bağlı detallar belədir:

“Füzuli rayon 2 nömrəli Qayıdış qəsəbəsində fəaliyyət göstərən 9 saylı körpələr evi–uşaq bağçasında sanitar dayə işləmiş və 30 iyul 2024-cü il tarixli, 30 nömrəli əmrlə işdən azad edilmiş Ceyran Rüstəmovanın şikayəti üzrə Füzuli rayon prokurorluğunda 54C-25 saylı iş üzrə araşdırma aparılmış və həmin material üzrə 28.08.2025-ci il tarixli Təqdimat hazırlanaraq Qarabağ Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimliyə göndərilmişdir.

Təqdimatda qeyd olunmuşdur ki, 9 saylı körpələr evi–uşaq bağçasında dayə vəzifəsində çalışan Ərəbova Darçın Mehdi qızına, Şirinova Aytəkin Əbdül qızına və Kərimova Ayşən Ədalət qızına törətdikləri kobud davranışlara görə, həmin bağçanın müdiri Ülviyyə Əjdərzadəyə isə kollektivdə baş verənlərdən xəbərdar olmadığı üçün tədbir görülməsi tələb olunmuşdur.

Bağça müdiri Ülviyyə Əjdərzadə Füzuli rayon prokurorluğunda 54C-25 saylı iş üzrə verilmiş təqdimata cavab olaraq bildirmişdir ki, adları çəkilən işçilərin kobud davranışları 2024-cü ilin noyabr ayında aşkar edilmiş və onların AR Əmək Məcəlləsinin “ç” bəndi ilə işdən azad edilmələri məsələsi bağçanın Həmkarlar İttifaqının müzakirəsinə çıxarılmışdır.

Belə ki, AR Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən, Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilməsi mümkündür.

Həmkarlar İttifaqının müzakirəsi nəticəsində adları çəkilən işçilərə “TÖHMƏT” verilməsi barədə qərar qəbul edildiyi üçün onlara 10.11.2024-cü il tarixli, 40 saylı əmrlə “TÖHMƏT” inzibati tənbeh tədbiri verilmişdir. AR Əmək Məcəlləsinin 189.1-ci maddəsinə əsasən, işçinin bir intizam xətasına görə yalnız bir intizam tənbehi verildiyi üçün onların işdən azad edilməsi və ya digər intizam tənbehinin verilməsi mümkün olmadığı bildirilmişdir.

Qarabağ Regional Təhsil İdarəsinin Füzuli və Xocavənd rayonları üzrə Təhsil sektorunun müdiri Ramella Məmmədova və onun rəhbəri Sənan Mənsimli AR Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq 17.09.2025-ci il tarixli, 3-29-38/2-1806/2025 nömrəli elektron qaydada imzalanmış məktub ilə 9 saylı körpələr evi–uşaq bağçasının müdiri Ülviyyə Əjdərzadəyə həmin bağçada dayə işləyən Darçın Ərəbovanı, Aytəkin Şirinovanı və Ayşən Kərimovanı AR Əmək Məcəlləsinin “ç” bəndi ilə işdən azad etməsi barədə göstəriş vermişdir (məktub əlavə olunur).

Halbuki AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndinə əsasən həmin bağçanın rəhbəri işçilərlə əmək müqaviləsini imzalamaq hüququ olan şəxs kimi işəgötürən hesab olunur.

Həmin Məcəllənin 11-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələrin edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır.

Bildirilir ki, Ülviyyə Əjdərzadənin rəhbərliyin qanunsuz tapşırığını icra etməyərək ailəsini dolandıran insanları əsassız olaraq işdən azad etməməsi bəzi şəxslərin narazılığına səbəb olmuş, bundan qəzəblənən Sənan Mənsimli əvvəldən tanıdığı Biləsuvar rayonundan olan həmyerlisi, eyni zamanda 2023–2024-cü illərdə Şirvan Regional Təhsil İdarəsində birlikdə işlədiyi Aqil Bəşirovun rəhbərliyi ilə 9 saylı körpələr evi–uşaq bağçasına monitorinq qrupu göndərmişdi:

“Aparılan monitorinq zamanı guya 2015–2022-ci illərdə məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyətinin balansında olan dövrdə 3 nəfər işçinin işə gəlmədən maaş aldığı aktlaşdırılmış və bunun yeyinti kimi qiymətləndirildiyi bildirilmişdir. Halbuki adları çəkilən şəxslər işə gəldiklərini və plastik kart vasitəsilə maaş aldıqlarını bildirmişlər. Qeyd olunan illər üzrə hər 3 şəxs tabel kitablarında hər gün işə gəldiklərinə dair imza etmiş, Rayon İcra Hakimiyyətində saxlanılan maaş cədvəllərinin alt sənədi olan tabellərdə də onların davamlı olaraq işə gəldiyi göstərilmişdir. Monitorinq zamanı Rayon İcra Hakimiyyətində saxlanılan maaş cədvəlləri və alt sənədlər araşdırılmadan, tabel kitabları nəzərə alınmadan yekun nəticəyə gəlinmiş, həmin nəticə bağça müdirinə təqdim edilmədən (nəticənin ləğvi üçün müraciət hüququ pozulmaqla) Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə göndərilmişdir”, – deyə qeyd olunur.

O da bildirilir ki, agentliyin direktoru 12.02.2026-cı il tarixli, 3-29-69/2-216/2026 nömrəli təqdimat ilə 9 saylı körpələr evi–uşaq bağçasının müdiri Ülviyyə Əjdərzadənin AR Əmək Məcəlləsinin “ç” bəndi ilə işdən azad edilməsinin Həmkarlar İttifaqı tərəfindən müzakirə olunmasını təklif etmişdir, çünki AR Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin (Ülviyyə Əjdərzadə Həmkarlar İttifaqının üzvüdür) həmin Məcəllənin “ç” bəndi ilə işdən azad olunması üçün müəssisənin Həmkarlar İttifaqının razılığı tələb olunur.

Detallara əlavə olaraq bildirilib:

“Füzuli–Xocavənd Təhsil sektorunun rəhbəri Ramella Məmmədova 13 fevral 2026-cı il tarixində saat 10:00-da Həmkarlar Təşkilatının sədri Abbasova Günel Xaləddin qızını, katib İsmayılova Arzu Şərafət qızını, təşkilat üzvlərini və bağça müdirini Təhsil sektorunun inzibati binasına çağırmışdır. Məlumat üçün bildirirəm ki, 9 saylı körpələr evi–uşaq bağçası ilə Təhsil sektorunun inzibati binası arasında məsafə 46 km-dir. Sektor müdiri Ramella Məmmədova bildirmişdir ki, bağça müdiri Ülviyyə Əjdərzadənin işdən azad edilməsi barədə Həmkarlar Təşkilatı qərar qəbul etməlidir. Həmkarlar İttifaqının üzvləri bu tələbə qəti etiraz etmiş və 13.02.2026-cı il tarixli qərarla Ülviyyə Əjdərzadəyə “TÖHMƏT” verilməsi barədə qərar qəbul etmiş, onun nöqsanlarının işdən azad edilmə üçün əsas olmadığını bildirmişlər. Qərar qəbul edildikdən sonra protokol kitabında 31 nömrə ilə rəsmiləşdirilmiş, qərar Ramella Məmmədovaya təqdim edilmiş və kollektiv iş yerinə qayıtmaq üçün yola düşmüşdür. Lakin bir müddət sonra kollektivin yenidən sektora qayıtması tələb edilmiş və onlara Agentlik və Regional Təhsil İdarəsinin “TÖHMƏT” ilə razılaşmadığı, müdirin AR Əmək Məcəlləsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə qərar verilməsinin tələb olunduğu bildirilmişdir. Bundan sonra özünü Agentliyin hüquqşünası kimi təqdim edən Asim Abdullayev telefon vasitəsilə Həmkarlar Təşkilatının sədri Günel Abbasovaya təzyiq göstərərək, işçiləri müdirin işdən azad olunması barədə qərarı imzalamağa razı salmağa çalışmışdı”.

Məsələyə son olaraq bildirilib:

“İclas prosesində sektor rəhbərliyi və digər şəxslər birbaşa iştirak edərək kollektiv üzvlərinə psixoloji təzyiq göstərmişlər. Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən sektor rəhbərinə mütəmadi zənglər edilərək müdirin işdən azad olunması barədə qərarın qəbul etdirilməsi tələb edilmişdir.

Həmkarlar İttifaqının üzvləri gecə saat 23:30-a qədər faktiki olaraq inzibati binada saxlanılmış, uzun sürən psixoloji təzyiqlər nəticəsində bəzi üzvlərin iradəsi qırılmağa çalışılmışdır. Buna baxmayaraq, bir çox işçilər, xüsusilə Həmkarlar Təşkilatının sədri Günel Abbasova qərarı imzalamaqdan imtina etmişdir.

Həmkarlar Təşkilatının sədri Günel Abbasova və katib Arzu İsmayılova 16.02.2026-cı il tarixində Agentliyin direktoru Eşqi Bağırova müraciət etmiş, Elm və Təhsil Nazirliyinin aidiyyəti şöbəsinə elektron müraciət göndərmişlər (müraciət əlavə olunur).

Bütün bunlara baxmayaraq, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru 16.02.2026-cı il tarixli, 3-29-69/3-1-127K/2026 nömrəli əmrlə 11 il bağça müdiri vəzifəsində çalışmış Ülviyyə Əjdərzadəni vəzifəsindən azad etmişdir”.

İddia olaraq da bildirilir:

“Yuxarıda qeyd olunanlardan açıq şəkildə görünür ki, Ülviyyə Əjdərzadə Füzuli və Xocavənd rayonları üzrə Təhsil sektorunun müdiri Ramella Məmmədova və onun rəhbəri Sənan Mənsimli tərəfindən AR Əmək Məcəlləsinin 3.3, 11.2 və 12-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuş, 17.09.2025-ci il tarixli məktub vasitəsilə dayələr Ərəbova Darçın, Şirinova Aytəkin və Kərimova Ayşənin işdən azad edilməsinə məcbur edilməyə çalışılmışdır. Halbuki bunu etsəydi, AR Əmək Məcəlləsinin 189.1-ci maddəsinin tələbləri pozulacaqdı. Nəticədə isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru AR Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmaq bahasına müvafiq əmri imzalamışdır”.

Gununsesi.info