
Apple bu gün 4 model təqdim edib.
Bunlar iPhone 17, iPhone 17 Pro, iPhone 17 Pro Max və iPhone Air-dir.
Gununsesi.info xəbər verir ki, “Plus” modeli artıq xəttdən ayrıldı və böyük ehtimal bir daha gəlməyəcək.
Hamının gözlədiyi “Air” modeli elə gözlənilən kimi oldu. Tarixinin ən incə iPhone modeli təqdim edildi. Hamının qorxduğu enerji məsələsi idi və Apple bu mənada təqdimatda “powerbank”ı daha ön plana çıxardı. Lakin öz istehsalı olan çipləri və xüsusi enerji qənaət rejimi ilə batareya gün ərzində işimizi görməlidir.
Ən gözəl xəbər bütün modellərdə 120Hz ekran “promotion” texnologiyası olacaq. Uzun illərdən sonra ön kamera yeniləndi və cihazlarda 18 meqapiksellik ön kamera istifadə edilir.
A19 və A19 Pro çipləri təqdim olundu. A19 yalnız iPhone 17-də var. Qalan modellərdə A19 Pro-dur. Lakin Air modelində olan A19 Pro-nun 1 qrafik nüvəsi azdır. Bu mənada Pro və Pro Max modelləri daha performanslıdır.
Arxa kameralar hamısı 48 meqapikseldir. Pro və Pro Max-da gövdə təmamilə dəyişib və böyük kamera bloku yaranıb, buna səbəb batareya üçün yer açmaq olub və nəticədə ən uzun ömürlü batareya ömrünə sahib cihazlar qarşımıza çıxır.
Gövdələrin davamlılığı artıb. Air modelində ön və arxa seramik şüşədəndir. Kənar hissələrdə titan material istifadə olunub. Qalınlıq cəmi 5.6 millimetrdir.
Android-lərdə Google-un təqdim etdiyi “circle to search”ə bənzər imkan da Apple Intelligence ilə mümkün olacaq.
Fərid Pərdəşünas