“İran qadınların geyimini zorla tənzimləyə bilməz” -SİYASİ ŞƏRHÇİ

İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə bildirib ki, hicab məsələsini zor tətbiq etməklə həll etmək mümkün deyil.

O vurğulayıb ki, qadınları nə hicaba məcbur etmək, nə də ondan imtina etməyə vadar etmək doğru deyil.

Prezidentin bu açıqlaması ictimaiyyətdə hicab qanununun ləğv edilməsi kimi şərh olunub. Eyni zamanda, sosial şəbəkələrdə paylaşılan bəzi görüntülərdə gənc qadınların və qızların ictimai yerlərdə hicabsız, hətta yarıçılpaq halda hərəkət etdiyi iddia edilir.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan siyasi şərhçi Azər Həsrət yayılan görüntülərə ehtiyatla yanaşmağa çağırıb.

O bildirib ki, bu məlumatlarda manipulyasiya elementləri hiss olunur:

“Şəxsən mən hələlik hicab qadağasının aradan qaldırılmasının rəsmi və yüksək səviyyədə təsdiqlənməsi ilə bağlı heç bir məlumata rast gəlməmişəm. Müzakirələr gedə bilər. Qadağanın aradan qaldırılmasına meyilli qüvvələr də var.  Amma bunun tam şəkildə həll edildiyini təsdiqləyən rəsmi və etibarlı informasiya hələlik yoxdur. Bu, birinci məsələdir.

İkinci məsələ isə ondan ibarətdir ki, İranın hələ də orta əsrlər düşüncəsində ilişib qalmasını anlamaq, doğrudan da, çətindir.

Bəli, biz İslamı, dini dəyərləri, dini vacibatları, dini geyimi və qadınlara münasibətin müxtəlif yanaşmalarını başa düşürük. Bunlara təmkinlə yanaşmaq lazımdır. Amma eyni zamanda insan haqları və qadın hüquqları deyilən anlayışlar da var. XXI əsrdə yaşayırıq və heç bir dövlət — xüsusilə də BMT-nin üzvü olan dövlət — qadınların hüquqlarını bu və ya digər şəkildə məhdudlaşdıra bilməz. Qadın istər başını açıq gəzsin, istər bağlı — bu, şəxsi seçimdir”.

Azər Həsrət vurğulayıb ki, dövlət səviyyəsində geyimə yasaqlar qoymaq və ya məcburiyyət tətbiq etmək, bu, geridəqalmışlığın bariz nümunəsidir.

“Yanıbaşlarında Azərbaycan kimi bir dövlət var. Baxsınlar bizə, nümunə götürsünlər. Kim istəyir, başını bağlasın; kim istəyir, açıq gəzin. Əsas odur ki, ictimai əxlaq normalarına zidd olmayan geyimdə olsun.

Yoxsa, bir az başı açıq olan qadınları — xüsusən də qız uşaqlarını — aparıb şallaqlamaq, 40-80 şallaq vurmaq hansı insanlığa sığır? Bu, nə namusdur, nə qeyrət, nə də əxlaq! Belə davranışla dövlətçilikdən, mənəviyyatdan danışmaq absurddur.

Dediyim kimi, bu məsələnin təsdiqi hələ ki, tam deyil. Ona görə də, şərh verməyə bir qədər tələsməməliyik. Mən bəzi həmkarlarımızı görürəm, sanki bayram edənlər var. Amma şəxsən mən hələlik bu qərarın rəsmi təsdiqini görməmişəm. Ola bilər, var, sadəcə mənə rast gəlməyib.

Əgər kiminsə əlində rəsmi və etibarlı mənbəyə əsaslanan məlumat varsa, xahiş edirəm, paylaşsın ki, biz də məlumatlı olaq”.

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info