close

2023-cü il haqqını Avropa Məhkəməsində arayanlarla bağlı qərarlar

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

Azərbaycan hökuməti nə qədər cərimələndi?

2023-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş xeyli şikayətlə bağlı qərarlarını elan edib.

Məhkəmə yanvarın 12-də Azərbaycandan göndərilmiş 10-dan artıq şikayət üzrə 4 qərarını elan edib.

Göndərilən şikayətlərdə mülkiyyət, ədalətli məhkəmə araşdırması, ayrı-seçkiliyin yolverilməzliyi, birləşmək hüquqlarının pozuntuları mübahisələndirilib.

Qeydiyyata alınmayan təşkilata görə

“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycana qarşı” işində ərizəçilər qeyri-hökumət təşkilatı və onun təsisçiləri Anar Məmmədli, Bəşir Süleymanlı və Suliddin Əsgərovdur.

Şikayət SMDT-nin dövlət qeydiyyatına alınmaması ilə bağlıdır. Onlar AİHM qarşısında birləşmək azadlığı hüquqlarına müdaxilə baş verdiyini iddia edib.

Bəşir Süleymanlı və Anar Məmmədli, Foto: RATİ

Məhkəmənin qərarına əsasən, hökumət ərizəçilərə mənəvi zərər əvəzi 4500 avro, tərcümə məsrəflərinə görə 200 avro, ərizəçilərin hüquqi təmsilçisi İntiqam Əliyevə 500 avro ödəməlidir.

İcra edilməyən məhkəmə qərarlarına görə

“Miriyev və başqaları Azərbaycana qarşı” işində 11 ərizəçi olub. Onlar yerli məhkəmə qərarlarının icra edilməməsindən şikayət ediblər.

Ərizənin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Hökumət ərizəçilərin hamısına birlikdə 26 min 450 avro təzminat ödəyəcək.

“Səmədov Azərbaycana qarşı” işi ictima toplantı iştirakçılarına qarşı qeyri-mütənasib tədbirlərin görülməsi iddiaları ilə bağlı olub.

Ərizəçi birləşmək və ədalətli məhkəmə araşdırması hüquqularının pozulduğunu iddia edib.

Burada da tərəflər dostca anlaşıb, hökumət ərizəçiyə 2850 avro mənəvi zərər və hüquqi xərc əvəzi ödəməlidir.

Media ilə bağlı şikayətlər

“Xural qəzeti və Əvəz Zeynalov Azərbaycana qarşı” işində ərizəçilər “Xural” qəzeti və həmin qəzetin hazırda həbsdə olan baş redaktoru Əvəz Zeynalov olub.

Məhkəmə işi 2010-cu ildə “Xural” qəzetinin bu qəzetdə dərc edilmiş iki məqaləyə görə mülki qaydada cərimə edilməsinin ifadə azadlığı hüququna zidd olması iddiaları ilə bağlı idi.

Ərizəçilər AİHM qarşısında Konvensiyanın 10-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edib.

Əvəz Zeynallı. Foto: Meydan TV

AİHM bu işdə ərizəçinin ifadə azadlığı hüququna müdaxilə baş verdiyi qərarına gəlib.

Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 6 min avro ödəməlidir.

“Zayidov Azərbaycana qarşı” işdə ərizəçi Qənimət Zayidov Fransada yaşayan Azərbaycan vətəndaşıdır.

O, AİHM qarşısında zamanında Azərbaycanda şərlənərək həbs edildiyini, həmin müddətdə ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1 və 6.3(d)) pozuntusu mübahisələndirib.

AİHM bu işdə ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1) pozulduğuna qərar verib.

Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 6 min avro ödəməlidir.

“Sərdar Əlibəyli Azərbaycana qarşı” – məhkəmə işi jurnalist olan ərizəçinin böhtan məzmunlu hesab edilən məqalələrinə görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı olub.

Avro. Foto: artofvisionn/shutterstock

AİHM hesab edib ki, ərizəçiyə yazılarına görə, cinayət cəzasının verilməsi onun ifadə azadlığı hüququna müdaxilə olub.  Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərərə görə 2500, xərc və məsrəflərə görə 1500 avro təzminat ödəməlidir.

“Akşin Qarayev Azərbaycana qarşı” – işində ərizəçi “Maksima” adlı şirkətin sahibi Akşin Qara oğlu Qarayev Bakı şəhərində yaşayıb.

Məhkəmə işi “Maksima” şirkətinə məxsus əmlakın, xüsusilə də mənimsəmə ittihamı üzrə açılıb.

AİHM bu işdə ərizəçiyə münasibətdə mülkiyyət hüququnun pozulduğuna qərar verib.

Ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 4 min avro təzminat ödənilməlidir.

“Ayxan Axundov Azərbaycana qarşı” – məhkəmə işi ərizəçi ilə özəl yükdaşıma şirkəti olan “Azintrans” arasında əmlak mübahisəsi ilə bağlı mülki məhkəmə proseslərinə aiddir.

Ərizəçi Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə (ədalətli məhkəmə araşdırması hüququ) və 1 Saylı Protokolun 1-ci maddəsinə (əmlakın qorunması) əsaslanaraq, daxili məhkəmələrin öz qərarlarını əsaslandırmamasından, məhkəmə icraatının ədalətsiz olmasından, nəticədə torpaq sahəsini və tikililərini itirməsindən şikayət edib.

Məhkəmə bu işdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb, digər pozuntu iddiasını araşdırmağa ehtiyac görməyib.

Hökumət ərizəçiyə 4950 avro mənəvi zərər, xərc əvəzi ödəyəcək.

“Lətif Əhmədov Azərbaycana qarşı” – mülkiyyət hüquqi ilə bağlı olan bu işin faktlarına görə, ərizəçinin Sumqayıtdakı şadlıq saraylarından birində 50 faizlik payı olub. Onun xəbəri olmadan mülki göstərilərək bankla ipoteka müqaviləsi bağlanıb.

AİHM bu işdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb, digər pozuntu iddiasını araşdırmağa ehtiyac görməyib.

Hökumət ərizəçiyə 4100 avro mənəvi zərər, xərc əvəzi ödəyəcək.

RATİ ilə bağlı qərar

“Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycana qarşı” – işdə jurnalistika sahəsində ixtisaslaşmış QHT-nin ofisində axtarış aparılmasının qanunsuzluğu barədə iddialar əksini tapıb.

AİHM bu işdə şəxsi həyata hörmət hüququnun pozuntusunu tanıyıb. Hökumət ərizəçiyə 4500 avro mənəvi zərər əvəzi ödəyəcək.

“Ruslan Qarayev və Başqaları Azərbaycana qarşı” işdə ərizəçilər barələrindəki inzibati icraatlar zamanı onlara münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia ediblər.

Tərəflərin dostca anlaşma ilə bağlı müzakirələrin uğursuz yekunlaşmasının ardınca hökumət iddia edilən pozuntuları etiraf edərək məhkəməyə təktərəfli bəyannamə təqdim edib.

Bəyannaməyə əsasən çıxarılan qərardada görə, hökumət ərizəçilərə ümumilikdə 12 min 500 avro təzminat ödəyəcək.

“Xətai Nəbiyev və Başqaları Azərbaycana qarşı” işində də Konvensiyanın 6-cı maddəsinin pozuntusu mübahisələndirilib.

Hökumətin təktərəfli bəyannaməsinə əsaslanan qərardada görə, hökumət ərizəçilərə ümumilikdə 7 min 800 avro təzminat verəcək.

Keçmiş deputatın şikayəti

“Gültəkin Hacıbəyli Azərbaycana qarşı” işində parlamentin keçmiş üzvü və müxalif siyasətçi olan ərizəçi keçmiş həyat yoldaşı M.M.-dən böhtana görə xüsusi ittiham qaydasında şikayət edib.

Konvensiyanın 8-ci maddəsinə əsaslanan ərizəçi, daxili məhkəmələrin onun nüfuzunu qorumamasından şikayət edib.

AİHM-in qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 4000, hüquqi xərcələrə görə isə 1000 avro ödəməlidir.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

“Azər Əliyev və başqaları Azərbaycana qarşı” işində də Konvensiyanın 6-cı maddəsinin pozuntusu mübahisələndirilib. Lakin kommunikasiya zamanı tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçilərə 3 min 750 avri təzminat ödəməlidir.

“Elşən İsmayılov Azərbaycana qarşı” işdə ərizəçinin azadlıq və toxunulmazlıq hüququnun pozuntusu (həbsin əsassızlığı) mübahisələndirilib.

Tərəflərin dostca anlaşmasına əsasən, hökumət ərizəçiyə mənəvi zərərə görə 2000, hüquqi xərclərə görə 1500 avro ödəyəcək.

Aksiyaılar zamanı saxlanılmalar

“Anar Məmmədov və başqaları Azərbaycana qarşı” – Konvensiyanın 11-ci maddəsinin pozuntusu mübahisələndirilən bu işdə  ərizəçilər kütləvi aksiyalar zamanı qeyri-qanuni və ya qeyri-proporsional tədbirlərə məruz qaldıqlarını iddia ediblər.

Məhkəmə qərardadına əsasən, hökumət ərizəçilərə ümumi 11 min 400 avro təzminat ödəyəcək.

Əfqan Sadıqov
Əfqan Sadıqov

“Əfqan Sadıqov və başqaları Azərbaycana qarşı” inzibati xətalar üzrə icraat zamanı məhkəmələrin ədalətsizliyi, habelə, azadlıq və toxunulmazlıq hüququnun pozuntusu (1 işdə) mübahisə edilən bu iş də tərəflərin dostca anlaşmasına əsasən, başa çatıb. AİHM-in qərardadına görə, hökumət ərizəçilərin hamısına birlikdə 10 min 350 avro təzminat ödəyəcək.

Nardaran hadisələri

“Cabbar Cabbarov və başqaları Azərbaycana qarşı” işində ərizəçilərin hamısı 2015-ci ildə “Nardaran hadisələri” zamanı Müsəlman Birliyi Hərəkatının üzvləri kimi Bakının Nardaran qəsəbəsində və digər şəhərlərdə həbs edilib.

Daha sonra müxtəlif cinayətlərə görə azadlıqdan məhrum olunublar.

Ərizəçilərin hamısı saxlanılan və həbsdə tutulan zaman pis rəftara məruz qalmalarından, belə rəftar iddialarının effektiv araşdırılmamasından şikayət edib.

Nardaran, 2015
Foto: arxiv

Kommunikasiya zamanı hökumət ərizəçilərin iddia etdikləri pozuntuları etiraf edib. Şikayət edən səkkiz nəfərin hər birinə 8 min avro təzminat ödəməyi və ərizələrin baxılacaq işlərin siyahısından çıxarılmasını təklif edib.

İlham Əliyevi “korrupsioner və diktator” adlandıran dostca anlaşıb

“İlqar Rzayev Azərbaycana qarşı” işində ərizəçi Açıq Cəmiyyət Partiyasının üzvüdür. Ərizəçi hadisələrin baş verdiyi vaxt daşınmaz əmlak şirkətində işləyib.

2012-ci ilin aprelində Bakıda İctimai Palata adlanan müxalif birliyin etiraz aksiyası keçirilib, həmin aksiyada ərizəçinin anası hökumətə yönəlik sərt tənqidi çıxış edib. Ərizəçinin təqdim etdiyi press-relizlərə görə ölkə başçısını “korrupsioner və diktator” adlandırıb.

Daxili İşlər Nazirliyi
Foto: Meydan TV

Həmin aksiyadan bir neçə gün sonra ərizəçi iş yerinin yaxınlığındakı küçədə saxlanılaraq, Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb. Polis axtarışı zamanı üzərindən heroin çıxıb.

Ərizəçi AİHM-ə şikayətində iddia edib ki, onunla bağlı məhkəmə prosesi ədalətli olmayıb (6-cı maddə), məhz müxalifətçi olduğuna görə cinayət məsuliyyətinə cəlb edilib (14-cü maddə).

Bu iş üzrə qərardad tərəflərin dostca anlaşmalarına əsasən çıxarılıb. Buna əsasən, hökumət ərizəçiyə 5000 avro mənəvi zərər, 1500 avro xərc və məsrəf əvəzi ödəməlidir.

Mülki işdə də dostca anlaşma olub…

“Zöhrə Hacıyeva Azərbaycana qarşı” işində mülkiyyət hüququnun pozuntusu mübahisələndirilib. Ərizəçiyə məxsus mülkiyyət dövlət ehtiyacları üçün özgəninkiləşdirilib.

Təzminat ödənilsə də, ərizəçi AİHM qarşısında iddia edib ki, qanunvericilik ümumi təzminatdan başqa ona 20 faiz məbləğində kompensasiyaya əlavənin ödənilməsini də nəzərdə tutub, ancaq həmin məbləğ ərizəçiyə ödənilməyib.

Bu iş üzrə yekun qərardad da tərəflərin dostca anlaşmasına əsaslanır. Qərardad ərizəçiyə 4220 avro maddi zərər, 3000 avro mənəvi zərər, 500 avro xərc və məsrəf əvəzi ödənilməsini nəzərdə tutur.

“Emin Bəşirli və başqaları Azərbaycana qarşı” – işdə ərizəçilər ictimai birliklərini qeydiyyatdan keçirə bilməməklə bağlı şikayət ediblər. AİHM qarşısında birləşmək (Konvesiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvensiyanın 6-cı maddəsi) hüquqlarının pozuntusunu iddia ediblər.

AİHM bu işdə ərizəçilərin birləşmək hüququnun pozuntusunu tanıyıb.Qərara əsasən, hökumət ərizəçilərə birlikdə 12 min 600  avro təzminat ödəməlidir.

Dövlət qeydiyyatına alınmama ilə bağlı

“Qubad Bayramov və Rəcəb İmanov Azərbaycana qarşı” – məhkəmə işi “İctimai Təşəbbüslər Mərkəzi”nin dövlət qeydiyyatına alınmaması ilə bağlı olub.

Burada da birləşmək (Konvensiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvesiyanın 6-cı maddəsi) hüquqlarının pozulduğu iddia olunub. Məhkəmə bu işdə ərizəçilərin birləşmək azadlığı hüququnun pozulmasına qərar verib. Qərara görə, hökumət ərizəçilərə 4 min 500 avro mənəvi zərər əvəzi, 500 avro xərc və məsrəf əvəzi ödəməlidir.

Qubad İbadoğlu
Mənbə: Meydan TV

“Aynurə İmranova və Asya Əhmədova Azərbaycana qarşı” – məhkəmə işi “Media və Demokratiyanın İnkişafına Dəstək” İctimai Birliyinin dövlət qeydiyyatına alınmamasına aid olub.

Məhkəmə bu işdə də ərizəçilərin birləşmək azadlığı hüququnun pozulmasına qərar verib. Ərizəçilər bu işdə maddi tələb irəli sürməyiblər.

“Yaşar Ağazadə və başqaları Azərbaycana qarşı” – məhkəmə işi də qeyri- hökumət təşkilatlarının qeydiyyata alınmaması ilə bağlıdır.

Məhkəmə bu işdə ərizəçilərin birləşmək azadlığı hüququnun pozulmasına qərar verib. Qərara görə, hökumət birinci ərizəçilərə (Rövşən Kəbirli və Yaşar Ağazadə) 4 min 500, ikinci ərizəçilərə (Fəqan Əsədov və Yaşar Ağazadə) 2 min təzminat ödəməlidir. Ərizəçilərə birlikdə 1000 avro xərc və məsrəf əvəzi də ödənilməlidir.

İctimai fəala da təzminat ödənəcək

“İlkin Rüstəmzadə Azərbaycana qarşı” işində Konvensiyanın 7-ci (Qanunda nəzərdə tutulmamış cəzanın yolverilməzliyi), 10-cu (ifadə azadlığı) və 18-ci maddələrinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu mübahisələndirilib.

Məhkəmə qərar verib ki, bu işdə ərizəçinin 6-cı və 10-cu maddəsi ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarının pozulması qeydə alınıb. Qərara əsasən, hökumət Rüstəmzadəyə mənəvi zərər əvəzi 12 min avro, xərc və məsrəfələrə görə 2 min 500 avro ödəməlidir.

İlkin Rüstəmzadə
Foto: Meydan TV

“Əyyubzadə Azərbaycana qarşı” – işi 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı olan ərizəçi Orxan İbrahiməjdər oğlu Əyyubzadənin saxlanılması və məhkəməyə qədər həbs edilməsi ilə bağlıdır.

Müxalif fəal olan ərizəçi 2013 və 2014-cü illərdə hökumət əleyhinə keçirilmiş nümayişlərdə iştirak etdiyinə görə inzibati həbs cəzası çəkib.

Konvensiyanın 5-ci (azadlıq və təhlükəsizlik hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanan ərizəçi, saxlanılmasının və həbsinin cinayət əməli törətdiyinə dair əsaslı şübhələrə əsaslanmamasından və ona qarşı irəli sürülən ittihamların uydurma olmasından şikayət edib.

Məhkəmə bu işdə ərizəçinin azadlıq və toxunulmazlıq hüququnun (maddə 5.1) pozulmasına qərar verib. Qərara görə, hökumət ərizəçiyə mənəvi zərərə əvəzi 7 min 500, xərc və məsrəflər əvəzi 1700 avro təzminat ödəməlidir.

Əfqan Muxtarlının şikayəti

“Əfqan Muxtarlı və Gülağa Aslanlı Azərbaycana qarşı” – məhkəmə işi ərizəçilərin kiçik xuliqanlıq ittihamı ilə etiraz nümayişindən əvvəl tutulması, saxlanması və sonradan inzibati qaydada məhkum edilmələri ilə bağlıdır.

Məhkəmədə Ə.Muxtarlını inzibati qaydada 50 Azərbaycan manatı, Gülağa Aslanlı isə 20 AZN məbləğində cərimə olunub.

Konvensiyanın 5-ci və 6-cı maddələrinə əsaslanan ərizəçilər onların tutulmasının və polisdə saxlanılmasının qanunsuzluğundan, ölkədaxili məhkəmə proseslərin ədalətsizliyindən şikayət edib.

Jurnalist Əfqan Muxtarlı
Foto: Meydan TV

İkinci ərizəçi həmçinin sərbəst toplaşmaq hüququnun pozulmasından da şikayət edib.

AİHM bu işdə hər iki ərizəçiyə münasibətdə azadlıq və toxunulmazılıq (5.1) və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulmasına qərar verib. Qərara əsasən, hökumət ərizəçilərin hər birinə mənəvi zərər əvəzi 3 min, xərc və məsrəf əvəzi ümumilikdə 1000 avro təzminat ödəməlidir.

Beynəlxalq təşkilat Azərbaycana qarşı

“Beynəlxalq Tədqiqat və Mübadilə Şurası (IREX) Azərbaycana qarşı” – işində ərizəçi beynəlxalq humanitar təşkilat olan IREX-in Azərbaycandakı nümayəndəliyi idi.

Ərizə ərizəçinin ofisində axtarış aparılması və bütün sənədlərin və kompüterlərin hakimiyyət orqanları tərəfindən götürülməsinin qanunsuzluğun iddiaları ilə bağlıdır.

Şikayətdə Konvensiyanın 6-cı, 8-ci, 18-ci və 1 saylı protokolun 1-ci maddələrinin pozuntusu qaldırılıb.

Beynəlxalq Tədqiqat və Mübadilə Şurası (IREX)

Məhkəmə bank hesablarına həbs qoyulması ilə ərizəçinin mülkiyyət, ofisində axtarış, götürmə aparılmasının isə şəxsi həyata hörmət hüququnun pozulduğuna qərar verib. Qərar ərizəçiyə 5 min 900 avro mənəvi zərərə əvəzi ödənilməsini nəzərdə tutur.

“Hüseynov və başqaları Azərbaycana qarşı” – məhkəmə işində ədalətli məhkəmə araşdırması və birləşmək azadlığı hüququnun pozuntusu qaldırılıb. Kommunikasiya mərhələsində tərəflər dostca anlaşıblar.

Anlaşmanın şərtlərinə görə, hökumət 6 ərizəçiyə birlikdə 17 min 100 avro təzminat ödəməlidir.

“Fədayə Qayıbova Azərbaycana qarşı” işində ərizəçi kürəkəninə açılmış cinayət işinə görə onun mənzilində axtarış aparılmasının qanunsuzluğunu iddia edib.

AİHM bu işdə ərizəçinin bütün iddialarını əsaslı hesab edib. Məhkəmə ərizəçinin şəxsi həyata hörmət və mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyi qənaətinə gəlib. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 6 min, xərc və məsrəflərə görə 1 500 avro ödəməlidir.

“Vüqar Abişov Azərbaycana qarşı”məhkəmə işi ərizəçinin saxlanılması, həbsi zamanı kobud rəftara, hədə-qorxuya məruz qalması iddiası ilə bağlı olub.

Ərizəçi AİHM qarşısında onun Konvensiyanın 3-cü, 6-cı və 10-cu maddələri ilə qorunan işgəncəyə məruz qalmamaq, ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdi.

AİHM iddia olunan pozuntuların əksəriyyətini əsaslı sayıb – ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü maddəsi həm prosedural, həm də maddi baxımdan pozulub. Hökumət ərizəçiyə ümumilikdə 11 min avro mənəvi zərər və xərc, məsrəf əvəzi ödəməlidir.

“Rövşən Məmmədli və Azər Kazımzadə Azərbaycana qarşı” – məhkəmə işi ərizəçilər barəsindəki inzibati icraatın ədalətli olmaması iddiaları ilə bağlı olub.

Tərəflər kommunikasiya mərhələsində dostca anlaşdıqları üçün AİHM ərizənin baxılacaq işlərin siyahısından çıxarılması haqda qərardad qəbul edib.

Qərardada əsasən, hökumət ərizəçilərin hər birinə 650 avro, hüquqi məsrəflərə görə ümumilikdə 1200 avro ödəməlidir.

Foto: Cabbar Savalanlının şəxsi arxivindən

“Cabbar Savalanlı və başqaları Azərbaycana qarşı” – məhkəmə işi 18 ərizəçinin sərbəst toplaşmaq hüquqularından yararlanmalarına qeyri-mütənasib müdaxilələrin edilməsi, müvafiq icraatların ədalətsizliyi iddiaları ilə bağlı idi.

Ərizəçilər AİHM qarşısında Konvensiyanın 11-ci və 6-cı maddələrinin pozuntusunu qaldırıb. İşdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət 18 ərizəçiyə ümumilikdə 45 min avro təzminat ödəyəcək.

“Hikmət Səmədov və başqaları Azərbaycana qarşı” – məhkəmə işi ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntusu iddiaları ilə bağlıdır.

Burada da tərəflər kommunikasiya mərhələsində dostca anlaşıb. Anlaşmaya görə, hökumət 4 ərizəçiyə ümumilikdə 20 min 400 avro təzminat ödəyəcək.

“Rahim Şaliyev Azərbaycana qarşı” – məhkəmə işi də inzibati məhkəmə icraatının qanunsuzluğu iddiaları ilə bağlı olub. Tərəflərin dostca analaşma müzakirələri uğurlu olmayıb.

Məhkəmə. Foto: Meydan TV
Məhkəmə. Foto: Meydan TV

Hökumət ərizəçiyə qarşı pozuntuya yol verildiyi etiraf edərək məhkəməyə təktərəfli bəyannamə təqdim edib. AİHM həmin bəyannaməni nəzərə alaraq, ərizənin baxılacaq işlərin siyahısından çıxarılması haqda qərardad qəbul edib. Qərardada görə, hökumət ərizəçiyə ümumilikdə 1250 avro ödəməlidir.

“Ərəstun Baxşəliyev Azərbaycana qarşı” – ərizədə də toplaşmaq hüququna müdaxilənin qanunsuzluğu, məhkəmə icraatının ədalətsizliyi məsələsi qaldırılıb.

Kommunikasiya zamanı hökumət iddia olunan pozuntuları tanıdığını ifadə edən təktərəfli bəyannamə təqdim edib. Məhkəmə həmin bəyannaməni diqqətə alıb. Qərardada əsasən, hökumət ərizəçiyə 2850 avro ödəyəcək.

Aprelin 13-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanı yenə cərimələyib. Budəfəki cərimə 76 min avroya yaxındır.

Göndərilmiş 38 şikayət üzrə 4 qərardadın hər biri tərəflərin dostca anlaşmalarına və hökumətin təqdim etdiyi təktərəfli bəyannamələrə əsaslanır.

Bunlar “Hüseynov və 5 başqa ərizəçi Azərbaycana qarşı”, “Ümman Səfərov və 19 başqa ərizəçi Azərbaycana qarşı”, “Şahlar Həsənov və 2 başqa ərizəçi Azərbaycana qarşı” və “Usuf Abulov və 8 başqa ərizəçi Azərbaycana qarşı” işləridir.

“Şəhla Abbasəliyeva Azərbaycana qarşı” – işdə ərizəçi Qazax Xəstəxanasının Ambulatoriyasının baş həkimi olub. Məhkəmə işi 2011-ci ildə ərizəçi barəsində “Gündəlik Bakı” qəzetində dərc edilmiş bir neçə məqalə ilə bağlıdır. Həmin məqalələrdə Şəhla Abbasəliyevanın bu vəzifəyə layiq olmadığından bəhs edilir.

Məqalə müəllifləri bunu ərizəçinin qardaşının 1995-ci ildə dövlət çevrilişinə cəhddə iştirak etməkdə təqsirli bilinməsi ilə əsaslandırıb.

Ərizəçi Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinə əsaslanaraq, milli məhkəmələrin onun qəzetə qarşı iddialarını təmin etməməsindən və onun baş həkim vəzifəsindən azad edilməsinin nüfuz hüququnu pozmasından, habelə, ona qarşı ayrı-seçkilik edilməsindən şikayət edib.

Avropa Məhkəməsi mübahisəli məqalələrin ifadə azadlığı hüququnun sərhədlərini aşdığı, ərizəçinin Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi həyata hörmət hüququnu pozduğuna qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 4500 avro ödəməlidir.

“Dursun Əliyev Azərbaycana qarşı” işidə ərizəçinin oğlu polis idarəsində əməliyyat müvəkkili işləyib. Məhkəmə işi ona qarşı narkotik alveri ittihamı ilə cinayət işinin açılması ilə bağlıydı.

Ərizəçi Konvensiyanın 6-cı maddəsinə əsaslanaraq digər məsələlərlə yanaşı iddia edirdi ki, yuxarı rəisləri ilə ixtilaflarının olması səbəbindən ittiham edilib, uydurma və ya etibar edilməməli olan sübutlar əsasında məhkum olunub.

Polis. Foto: DİN

Avropa Məhkəməsi keçmiş polis məmurunun iddialarını əsaslı sayıb, ona münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb. Qərara görə, hökumət ərizəçiyə ümumilikdə 5 min avro təzminat ödəməlidir.

“Əlif Əhmədov və başqaları Azərbaycana qarşı” işində ərizəçi uzun illər yaşadıqları evdən planlaşdırılmış şəkildə çıxarılmadan və evin sökülməsindən şikayət edib. Evin tikildiyi əraziyə Dövlət Neft Şirkətinin törəmə şirkəti olan “Azneft” iddia edib, yerli məhkəmələr də “Azneft”in xeyrinə qərar çıxarıb.

Ərizəçilər Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 1 saylı Protokolun 1-ci (mülkiyyət hüququ) maddəsinə əsaslanaraq, öz evlərindən çıxarılmaları, evlərinin sökülməsi haqda qərarın qanunsuzluğundan şikayət ediblər.

AİHM bildirib ki, ərizəçilər barəsində çıxarılmış qərar, onların fərdi yaşayış durumlarının yetərli incələnməsi aparılmadan icra edilərsə, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermiş olacaq.

Avropa Məhkəməsi
Foto: arxiv

Ərizəçilərə dəymiş mənəvi zərərə görə ədalətli əvəz hesab edən məhkəmənin qərarına görə, hökumət xərc və məsrəflərə görə 630 avro ödəməlidir.

“Əsgərova Azərbaycana qarşı” – işi mülkiyyət hüququnun pozuntusu iddiaları ilə bağlı olub. Ərizəçiyə məxsus əmlak Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən özgəninkiləşdirilib.

İşdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət Fatma Əsgərovaya maddi ziyana görə 6290, mənəvi zərərə görəsə 3000, xərc və məsrəflər üçün 500 avro ödəməlidir.

“Quliyev və başqaları Azərbaycana qarşı” – işində 5 ərizə birləşdirilib. Ərizəçilərin hamısı Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən onların məhkəməyəqədər həbsdə saxlanmaları üçün əsasların olmamasından şikayət edib.

Məhkəmənin qərardadına görə, hökumət ərizəçilərə birlikdə 20 min 800 avro təzminat ödəyəcək.

Ədalət sistemi, məhkəmə. Mənbə: BERMIX STUDIO/shutterstock

“Hacıyev və Zeynalov Azərbaycana qarşı” – işində də ərizəçilər azadlıq və toxunulmazlıq hüququnun pozuntusunu mübahisələndirib.

Hər iki ərizəçi Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsaslanaraq məhkəməyəqədər həbsdə saxlanmalarının əsassız olduğunu iddia edib.

Qərardada görə, hökumət ərizəçilərdən Yaşar Hacıyevə mənəvi zərər əvəzi 3900, xərc və məsrəflərə görə 500, Firudin Zeynalova isə mənəvi zərər əvəzi 4200, xərc və məsrəflərə görə 500 avro ödəməlidir.

Pozulan mülkiyyət hüquqları

“Nabat Bağırova və başqa 5 ərizəçi Azərbaycana qarşı” – işində ərizəçilər mülkiyyət hüququnun pozuntusunu mübahisələndirib.

Ərizəçilərə məxsus əmlaklar – fərdi evlər, evlərə aid sahələr və ya mənzillər 2015-2016-cı illərdə Bakıda yolun abadlaşdırılması layihəsi çərçivəsində sökülüb.

Avropa Məhkəməsi qərarında ərizəçilərin mülkiyyət hüququnun pozuntusu ilə bağlı iddialarını əsaslı sayıb, 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğuna qərar verib. Təzminat məsələləri ilə bağlı qərar verməyə hazır olmadığını vurğulayan AİHM hökumətin ərizəçi ilə razılaşmasının mümkünlüyünü ifadə edib.

“Suğra Quliyeva Azərbaycana qarşı” – işi ərizəçinin Saray Bələdiyyəsindən aldığı 0,3 hektar torpaq sahəsinin əlindən alınması ilə bağlıdır. Ərizəçi həmin sahədə kənd təsərrüfatı təyinatlı tikili və ev inşa edib, həmin sahə ərazinin Milli Təhlükəsizlik Nazirliyinə verilməsindən sonra ərizəçidən alınıb.

Müvafiq qərarda ona təzminat ödənilməsi nəzərdə tutulsa da buna əməl edilməyib.  Avropa Məhkəməsi bu işlə bağlı 2021-ci ildə qərarını açılayıb, hesab etmişdi ki, ərizəçiyə münasibətdə 1 saylı Protokolun 1-ci maddəsi pozulub. Bu işdə ərizəçi maddi ziyana görə 232.750 Azərbaycan manatı, “itirilmiş fayda”ya görə təzminat, mənəvi zərərə görə 20.000 avro və xərc məsrəflər üçün qeyri-müəyyən məbləğ tələb edib.

2021-ci ildə təzminat məsələləri ilə bağlı qərar verməyə hazır omadığını vurğulayan AİHM hökumətin ərizəçi ilə razılaşmasının mümkünlüyünü ifadə etmişdi. AİHM təzminat tələbləri ilə bağlı yekun qərarını açıqlayıb. Qərara görə, hökumət ərizəçiyə maddi zərər əvəzi 62,200 avro (altmış iki min iki yüz avro), mənəvi zərər əvəzi 3,000 avro (üç min avro) ödəməlidir.

“Nəsimi Musayev Azərbaycana qarşı” işində qeyd olunur ki, 1993-cü ildə anadan olan və Lerik rayonunda yaşayan ərizəçi Nəsimi Musayev 2011-ci ildə hərbi xidmətə çağırılıb.

Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti.

Lerik Hərbi Komissiyası ərizəçinin şəkərli diabet xəstəsi olması səbəbindən sülh dövründə hərbi xidmətə yararsız, müharibə vaxtı isə qismən yararlı olmasına qərar verib. Ərizəçi dəfələrlə komissiyaya müraciət edərək hərbi statusunu təsdiq edən hərbi biletin ona verilməsini xahiş edib, ancaq bileti ala bilməyib.

Ərizəçi 2011-ci ilin dekabrında Lerik Hərbi Komissarlığına və Müdafiə Nazirliyinə qarşı hüquqlarının, xüsusən də təhsil hüququnu pozmaları əsası ilə iddia qaldırıb, 100.000 Azərbaycan manatı məbləğində mənəvi ziyan əvəzi tələb edib. Yerli məhkəmələr iddianı rədd edib.

Ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması (6-cı maddə) və təhsil hüququnun (Protokol 1, maddə 2) pozulduğunu iddia edib.

Kommunikasiya zamanı hökumət 6-cı maddənin pozuntusunu etiraf edib, ərizəçiyə 1000 avro ödəmək öhdəliyi götürüb.

“Şamil Quliyev Azərbaycana qarşı” işdə ərizəçi AİHM qarşısında  Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyatına hörmət hüququnun pozuntusunu mübahisələndirib.

AİHM bu işdə ərizəçinin iddialarını əsaslı hesab edib.

Qərar Konvensiyanın 8-ci maddəsinin pozuntusunun tanınmasını, hökumətin ərizəçiyə mənəvi zərər əvəzi 7 min avro təzminat ödəməsini nəzərdə tutur.

“Lətifə Ağayeva və 4 Başqa ərizəçi Azərbaycana qarşı” – 5 ərizənin birləşdirildiyi bu işdə ərizəçilər məhkəməyə qədər həbs edilmələrinin onların azadlıq və toxunulmazlıq hüququnu pozduğunu iddia ediblər.

Tərəflər kommunikasiya öncəsində dostca anlaşıblar. Qərardada görə, hökumət ərizəçilərə ümumilikdə 17 min avro təzminat ödəməlidir.

“Nazim Nəsirov və Əlağa Mirzəyev Azərbaycana qarşı” işində hər iki ərizəçi yerli məhkəmələrin onların mülkiyyət hüququları ilə bağlı qəbul etdikləri qərarların icra edilməməsindən və ya gec icra edilməsindən şikayət edib.

Tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət N.Nəzirova 3600, Ə.Mirəzyevə 2100 avro təzminat ödəyəcək.

“Maşallah Hüseynov və 5 başqa ərizəçi Azərbaycana qarşı” işində də 7 ərizəçinin hamısı yerli məhkəmələrin onların mülkiyyət hüququları ilə bağlı qəbul etdikləri qərarların icra edilməməsindən və ya gec icra edilməsindən şikayət ediblər.

Məhkəmənin qərardadı hökumətin təktərəfli bəyannaməsinə söykənir.

Hökumət mənəvi zərər və xərc, məsrəfə görə bütün ərizəçilərə birlikdə 19 min 500 avro təzminat verilməsinə qərar verib.

Məhkəmə
Foto: Meydan TV

“Ərəstun Baxşəliyev Azərbaycana qarşı” – məhkəmə işi ərizəçi barəsində inzibati məhkəmə prosesinin ədalətli olmaması iddiaları ilə bağlıdır. Məhkəmənin qərardadı hökumətin təktərəfli bəyannaməsinə əsasən, çıxarılıb. Tərəflərin dostca anlşama ilə bağlı müzakirələri uğursuz olandan sonra hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib, iddia olunan pozuntuları etiraf edib.

Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 800, onun vəkilinə hüquq xidmətlərinə görə 450 avro ödəyəcək.

“Elçin Məmməd Azərbaycana qarşı” işində jurnalist olan ərizəçi məhkəməyə qədər həbs edilməsinin qanunsuzluğundan şikayət edib.

Kommunikasiya zamanı hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edərək, iddia olunan pozuntuları tanıyıb, ərizəçiyə mənəvi zərər əvəzi ödəməyi təklif edib.

Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərərə görə 3000, hüquqi məsrəflərə görə 500 avro ödəyəcək.

“Rauf Quliyev Azərbaycana qarşı” işdə ərizəçinin ölkədən çıxmaq hüququ məhdudlaşdırılıb. O,  AİHM qarşısında hərəkət azadlığı və şəxsi həyata hörmət hüququnun pozuntusunu mübahisələndirib.

Tərəflər kommunikasiya zamanı dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət səyahət qadağasını nəzərdə tutan qərarları ləğv etməli, ərizəçiyə mənəvi zərər əvəzi 4000, hüquq xərclərinə görə 2000 avro ödəməlidir.

“Cavidan Abdullazadə Azərbaycana qarşı” – məhkəmə işi ərizəçiyə yerli hakimiyyət orqanları tərəfindən səyahət qadağasının tətbiqi ilə bağlı olub.

Ərizəçi həmçinin səyahət qadağasının ləğvi barədə daxili məhkəmənin qərarının yerli qurumlar tərəfindən icra olunmamasından şikayət edib.

Bu işdə də tərəflər kommunikasiya zamanı dostca anlaşıb. Anlaşmaya əsasən, hökumət səyahət qadağasının ləğvi ilə bağlı yerli məhkəmə qərarının icrasını təmin etməli və ərizəçiyə mənəvi zərər əvəzi 4000, hüquq xərclərinə görə 2000 avro ödəməlidir.

Emin Hüseynovun şikayəti üzrə qərar

AİHM vətəndaşlıqdan məhrum edilən, hazırda Avropada yaşayan vətəndaş cəmiyyəti fəalı Emin Hüseynovun iddia etdiyi pozuntuların da  bir qismini tanıyıb.

İşin hallarına görə, həmin vaxt ərizəçi müstəqil jurnalist və jurnalistlərin hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatının sədri olub.

1979-cu il doğumlu ərizəçi hazırda Cenevrədə yaşayır. O, yaşadığı İsveçrəyə həmin ölkənin xarici işlər naziri ilə yola düşməzdən əvvəl rəhbəri olduğu QHT-yə maliyyə qanunsuzluqları iddiası ilə cinayət işi açılıb, barəsində axtarış elan edilib. Bu səbəbdən Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınaraq 10 ay orada yaşayıb.

Foto: Emin Hüseynovun şəxsi arxivindən

Konvensiyanın 8-ci (şəxsi həyata hörmət hüququ), 10-cu (ifadə azadlığı), 13-cü (effektiv hüquqi müdafiə vasitəsi hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanan ərizəçi, AİHM qarşısında iddia edirdi ki, yerli hakimiyyət orqanlarının məcburi yolla vətəndaşlıqdan imtinaya zorlaması onun Konvensiya ilə qorunan hüquqlarını pozub.

Ərizəçi, həmçinin Konvensiyanın 34-cü (fərdi şikayət hüququ) və 38-ci (işin araşdırılması üçün lazımi şərait yaratmaq öhdəliyi) maddələrə əsasən iddia edirdi ki, qardaşı hazırkı ərizəyə görə, dövlət orqanları tərəfindən dəfələrlə təzyiqlərə məruz qalıb və saxlanılıb, hökumət işin araşdırılması üçün bütün müvafiq sənədlərin surətlərini təqdim etməyib.

AİHM ərizəçinin 8-ci maddə ilə qorunan şəxsi həyata hörmət hüququnun pozulmasına qərar verib. Qərara görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 4500 avro ödəməlidir.

“Azad Həsənov və Əbülfəz Sadıqov Azərbaycan qarşı” – işdə hər iki ərizəçi məhkəməyədək həbs edilmələrinin qanunsuz olduğunu, Konvensiyanın 5-ci maddəsi ilə təminat altına alınan azadlıq və toxunulmazlıq hüquqlarına müdaxilənin baş verdiyini iddia edib.

Tərəflər arasında dostca anlaşma ilə bağlı müzakirələrin uğursuz olmasının ardınca, hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib – bəyannamədə iddia olunan pozuntular etiraf edilib. AİHM bəyannaməni diqqətə alaraq, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Həmin qərara görə, hökumət ərizəçilərin hər birinə 3500 avro mənəvi zərər, xərc və məsrəf əvəzi ödəməlidir.

“Ramin Əhmədli və başqa 3 ərizəçi Azərbaycana qarşı” – işdə ərizəçilər Konvensiyanın 6-cı və 11-ci maddəsinə əsaslanaraq, ictimai aksiyanın təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və ya qeyri-proporsional müdaxilələrdən, bununla bağlı daxili məhkəmə icraatlarının ədalətsizliyindən şikayət edib.

Tərəflər kommunikasiya öncəsi dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçilərin hamısına birgə 12 min 450 avro təzminat ödəməlidir.

İmran Əliyev
Foto: İmran Əliyevin “Facebook” səhifəsindən

“İmran Əliyev Azərbaycana qarşı” – işin mövzusu ərizəçinin ölkədən çıxışına “stop” qoyulması olub. İşin hallarına görə, ərizəçi ölkədən çıxmaq istəyərkən saxlanılmış və ona ölkədən çıxış yasağının tətbiq edildiyi bildirilmişdi. Ərizəçi AİHM qarşısında Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusunu qaldırmışdı. Bu işdə də tərəflər dostca anlaşıblar, anlaşmaya görə, ərizəçiyə 1500 avro mənəvi zərər, xərc və məsrəf əvəzi ödənilməlidir.

“Abdulla Mahmudov və başqa 5 ərizəçi Azərbaycana qarşı” – işdə də ərizəçilər Konvensiyanın 6-cı və 11-ci maddəsinə əsaslanaraq, ictimai aksiyanın təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və ya qeyri-proporsional müdaxilələrdən, bununla bağlı daxili məhkəmə icraatlarının ədalətsizliyindən şikayət etmişdilər.

Tərəflər kommunikasiya öncəsi dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçilərin hamısına birgə 17 min 100 avri mənəvi zərər, xərc və məsrəf əvəzi ödəyəcək.

“Fidan Rüstəmova Azərbaycana qarşı” – iş ödənilməmiş borclarına görə, ərizəçinin ölkədən çıxışına yasaq qoyulması və habelə, sözügedən olaylarla bağlı məhkəmə prosesinin ədalətli olmaması iddiaları ilə bağlı idi. Ərizəçi AİHM qarşısında Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin və Konvensiyanın 6-cı maddəsinin pozuntusunu mübahisələndirib.

Bu iş üzrə qərardad da tərəflərin dostca anlaşmasına əsaslanır. Qərardada görə, ərizəçiyə tətbiq edilən səyahət qadağası ləğv edilməli, ərizəçiyə 6000 avro məbləğində mənəvi zərər, xərc və məsrəf əvəzi ödənilməlidir.

Qubad İbadoğlunun işi ilə bağlı qərar

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib.

Qubad İbadoğlu. Foto: Meydan TV

Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.

Jurnalistlərin ölkədən çıxışına qoyulan qadağalar

“Şahvələd Namazov Azərbaycana qarşı” – məhkəmə işi jurnalist olan ərizəçinin ölkədən çıxışına rəsmi qurumlar tərəfindən qadağa qoyulması ilə bağlıdır.

Ərizəçi həmçinin AİHM qarşısında Konvensiyanın 10 və 18-ci maddələrinin pozuntusundan da şikayət edib.

O, AİHM-ə şikayətində bildirib ki, hərəkət etmək azadlığına qoyulan məhdudiyyət qanunauyğun və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi baxımından zəruri olmayıb.

Yazar Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu. Foto: Meydan TV

Bu işdə hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib. Ərizəçinin effektiv müdafiə vasitələrinə malik olmaq və hərəkət azadlığı hüququna müdaxilənin baş verdiyini etiraf edib, ərizəçiyə ümumilikdə 6 min avro təzminatın ödənilməsini və işin baxılacaq ərizələrin siyahısından çıxarılmasını təklif edib.

Azərbaycan daha 16 min 500 avronu isə müstəqil jurnalistlərin ölkədən çıxışına qoyulan qanunsuz qadağa ilə bağlı ödəyəcək.

“Aynur Qənbərova Azərbaycana qarşı” qərarla hökumət üç şikayətçiyə mənəvi zərərə görə 5 min, hüquqi məsrəflərə görə 500 avro ödəməlidir.

Şikayətçilər müstəqil jurnalistlər Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı və Aytac Əhmədovadır.

Onlar AİHM qarşısında ədalətli məhkəmə araşdırması, hərəkət azadlığı, ifadə azadlığı və effektiv hüquqi müdafiə imkanlarına sahib olmaq hüquqlarına müdaxilə edildiyini iddia ediblər.

Aynur Elgünəş

AİHM qərarda Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi və Konvensiyanın 13-cü maddəsi ilə bağlı şikayətləri məqbul hesab edib.

Məhkəmə Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi və Konvensiyanın 13-cü maddəsinin pozuntusunu tanıyıb.

Qərara alıb ki, cavabdeh dövlət Konvensiyanın 34-cü maddəsi üzrə öz öhdəliklərini yerinə yetirməyib.

“İlqar Qurbanov Azərbaycana qarşı” – məhkəmə işi ərizəçinin dövlət qulluğundan xaric edilməsinə dair icraatlarla əlaqəli olub.

Ərizəçi iddia edib ki, onun işinə Ali Məhkəmədə baxılarkən iddiaçıya, onun vəkilinə iclasın keçirilmə tarixi və vaxtı barədə lazımi qaydada məlumat verilməyib, işə onların qatılımı olmadan baxılıb və ədalətli məhkəmə araşdırması hüququ pozulub.

Məhkəmə bu işdə hökumətin əks arqumentlərini rədd edib, 6.1-ci maddənin pozuntusuna qərar verib. Qərara görə, hökumət ərizəçiyə 1000 avro təzminat ödəyəcək.

AİHM Azərbaycanla bağlı çıxardığı növbəti qərarlarda ölkəni daha 61 min avroya  yaxın cərimələyib.

Həmin şikayətlərdən “Murad Muradov Azərbaycana qarşı” işi ərizəçinin etiraz aksiyası zamanı həbs edilməsi və sonradan İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən, (polis əməkdaşının qanuni əmrini yerinə yetirməmək) inzibati qaydada məhkum edilməsi ilə bağlıdır.

Bu işdə tərəflər dostca anlaşıb.

“İlham Əliyev və Sərdar Babayev Azərbaycana qarşı” işində isə ərizəçilərin məhkəməyə qədər həbs edilməsi ilə bağlı məhkəmə qərarlarının əsaslandırılmaması iddiaları mübahisələndirilib.

Avropa Məhkəməsinin qərarına görə, hər iki ərizəçiyə münasibətdə məhkəməyə qədər həbs qərarları əsassız olduğundan, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulub.

Samir Aşurov, foto: şəxsi facebook səhifəsi
Samir Aşurov, foto: şəxsi facebook səhifəsi

“Laçın Vəliyev Azərbaycana qarşı” işi də ərizəçinin məhkəməyə qədər həbs edilməsi ilə bağlı məhkəmə qərarlarının əsaslandırlmaması iddiaları ilə bağlı olub.

Kommunikasiya zamanı hökumət iddia olunan pozuntuların etiraf olunduğu təktərəfli bəyannamə təqdim edib.

“Zaur Məmmədov və başqaları (daha 7 ərizəçi) Azərbaycana qarşı” işində ərizəçilər inzibati qaydada cəzalandırılıb.

Siyasi baxımdan müxalif mövqeli olan ərizəçiləri polis əməkdaşları evlərindən polis bölməsinə aparıb.

Onlar sonradan polisin qanuni tələbinə əməl etməmək əsası ilə inzibati məsuliyyətə cəlb olunublar.

Ərizəçilər məhkəmə qarşısında iddia ediblər ki, onlar hər hansı pozuntuya yol vermədikləri halda cəzalandırlıblar.

Bu işdə AİHM ərizəçilərin hamısına münasibətdə 6-cı maddənin pozulmasına qərar verib.

“Samir Babayev və 20 başqa ərizəçi Azərbaycana qarşı” işdə müxalif fəallar olan ərizəçilərin hamısı inzibati qaydada cəzalandırılıblar.

Kommunikasiya zamanı hökumət təktərəfli bəyannamə təqdim edərək ərizəçilər haqda inzibati prosesin ədalətsiz olduğunu etiraf edib və onlara təzminat ödəməyi təklif edib.

“Samir Aşurov və 7 başqa ərizəçi Azərbaycana qarşı” işi də müxalif fəallar olan ərizəçilərin inzibati qaydada cəzalandırılmalarının qanusuzluğu iddiaları ilə bağlı idi.

Kommunikasiya zamanı hökumət təktərəfli bəyannamə təqdim edərək, ərizəçilər haqda inzibati prosesin ədalətsiz olduğunu etiraf edib.

Ermənistan vətəndaşları Azərbaycana qarşı

AİHM oktyabrın 5-də Ermənistan vətəndaşlarının Azərbaycana qarşı şikayətləri ilə bağlı qərar qəbul edib. “Armen Qazaryan və Astqik Bayramyan Azərbaycana qarşı” işində hər iki ərizəçi Ermənistanın Azərbaycanla sərhədindən bir neçə kilometr məsafədəki Berdavan kəndinin sakinləridir.

Ərizəçilərin 39 yaşlı oğlu 2018-ci ilin iyulunda Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Azərbaycan məhkəmələri onu təxribat və terrorda təqsirli bilərək 20 il müddətinə azadlıqdan məhrum edib. O, 2020-ci ilin dekabrında əsirlərin mübadiləsi yolu ilə Ermənistana qaytarılıb.

Ermənistan, Foto: Madrugada Verde/Shutterstock

Ərizəçilər AİHM qarşısında iddia edib ki, övladları Karen Qazaryanın tutulması, həbsi və mühakiməsi Konvensiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) və 5-ci maddələrinin (azadlıq və təhlükəsizlik hüququ) pozuntusu ilə müşayiət olunub. Məhkəmə Qazaryana münasibətdə Konvensiyanın 3-cü, 5.1-ci və 5.3-cü maddələrinin pozuntusunu tanıyıb. Şikayətçilərin digər pozuntularla bağlı iddiaları isə rədd edilib.

Qərara görə, hökumət Karen Qazaryana mənəvi zərər əvəzi 10 min avro, xərc və məsrəflərə görəsə 3225 avro ödəməlidir.

Metal qəfəsdə saxlanmanın qanunsuzluğu

“Cəlal Hüseynov və başqaları Azərbaycana qarşı” – işi müxtəlif ittihamlarla mühakimə olunan ərizəçilərin məhkəmələrdə metal qəfəsdə saxlanılmasının qanunsuzluğu iddiaları ilə bağlı olub.

Ərizəçilər AİHM qarşısında Konvensiyanın 3-cü maddəsinin pozuntusuna – qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qaldığını iddia edib.

Bu işdə tərəflər dostca anlaşıb. Qərardada görə, hökumət ərizəçilərin hər birinə 1700 avro mənəvi zərər, 600 avro hüquqi xərc əvəzi ödəməlidir.

Seçki şikayətləri

“Ağahüseyn Gözəlov Azərbaycana qarşı” – ərizə 2015-ci il noyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə bağlıdır. Seçkidə namizəd kimi iştirak edən ərizəçi, birmandatlı seçki dairələrində baş verdiyi iddia olunan müxtəlif seçki pozuntuları ilə bağlı şikayətlərinə səmərəli baxılmamasından şikayət edib.

Bu işdə hökumət AİHM-ə iddia edilən pozuntuların etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib. Həmin vaxt ərizəçi vəfat etdiyindən onun oğlu şikayəti davam etdirib, bu kontekstdə tərəflər dostca anlaşıblar. Anlaşmaya görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 3000, hüquqi xərclər əvəzi 500 avro ödəməlidir.

Parlament seçkiləri
Foto: Meydan TV

“Samir Əliyev Azərbaycana qarşı” – məhkəmə işi ərizəçinin məhkəməyəqədər həbs edilməsi ilə bağlıdır.

Ərizəçi ona münasibətdə 5.3-cü maddənin pozulduğunu iddia edib. AİHM bu işdə hesab edib ki, ərizəçinin məhkəməyəqədər 1 il 6 ay 22 gün həbs edilməsi üçün əsaslar olmayıb və beləliklə, ərizəçinin azadlıq və toxunulmazlıq hüququna müdaxilə baş verib. Qərara görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 5100 avro, 500 hüquqi xidmət əvəzi ödəməlidir.

Mehman Hüseynovun şikayəti

“Mehman Hüseynov Azərbaycana qarşı” – məhkəmə işi bloger olan ərizəçinin ölkədən çıxışına yerli hakimiyyət orqanları tərəfindən qadağa qoyulması ilə bağlıdır. Ərizəçi AİHM qarşısında hərəkət azadlığı hüququ ilə yanaşı, Konvensiyanın 10-cu və 18-ci maddələri ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia edib.

Kommunikasiya zamanı hökumət ərizəçinin hərəkət azadlığı hüququnun pozuntusu iddiasını etiraf edib, buna görə, ərizəçiyə 5 min avro mənəvi zərər əvəzi ödəməyi təklif edib.

Mehman Hüseynov

“Şakir Əhmədov və başqaları Azərbaycana qarşı” – işdə ərizələr Konvensiyanın 11-ci maddəsinin pozuntusu iddiaları – ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqi ilə bağlıdır.

Bu işdə tərəflər kommunikasiya zamanı dostca anlaşıblar. AİHM-in qərardadına görə, hökumət ərizəçilərin hamısına birlikdə 26 min 700 avro təzminat ödəyəcək.

Azər Qasımlının şikayəti

“Azər Qasımlı Azərbaycana qarşı” – ərizə Konvensiyanın 11-ci maddəsinin pozuntusu iddiaları – ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqi ilə bağlıdır.

İşdə tərəflər kommunikasiya zamanı dostca anlaşmadan imtina ediblər, hökumət məhkəməyə iddia olunan pozuntunun etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib. AİHM-in qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər və hüquqi xərclər əvəzi 2850 avro ödəməlidir.

Azər Qasımlı. Foto: Meydan TV

“Füzuli Hüseynov Azərbaycana qarşı” – məhkəmə işi ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqinə görə Konvensiyanın 11-ci maddəsinin pozuntusu iddiaları ilə bağlıdır.

İşdə tərəflər kommunikasiya zamanı dostca anlaşıb. AİHM-in qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər və hüquqi xərclər əvəzi 2850 avro ödəməlidir.

“Cavid İbrahimov və Saqif Qurbanov Azərbaycana qarşı” – məhkəmə işində də ictimai toplantı iştirakçıları olan ərizəçilərə qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqi səbəbindən Konvensiyanın 11-ci maddəsinin pozuntusu qaldırılıb. Tərəflər kommunikasiya zamanı dostca anlaşıb. Qərardad ərizəçilərin hər birinə 2500 avro mənəvi zərər, 350 avro hüquqi xərc əvəzi ödənilməsini nəzərdə tutur.

“Elnur Cabbarov və Kənan Əliyev Azərbaycana qarşı” – məhkəmə işi ərizəçilərin məhkəməyə qədər həbs edilməsinin qanunsuzluğu iddiaları ilə bağlıdır. Kommunikasiya zamanı tərəflərin uğursuz dostca anlaşma müzakirələrinin ardınca hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib. Hökumət iddia olunan pozuntuları etiraf edib, ərizəçilərə təzminat ödəməyi təklif edib. Həmin bəyannaməyə əsaslanan qərardada görə, hökumət 3 ay ərzində ərizəçilərin hər birinə 3500 avro təzminat ödəməlidir.

“Maniyev və başqaları Azərbaycana qarşı” – işdə ərizələr inzibati icraatlar zamanı məhkəmələrin ədalətsilziyi (6-cı maddə) iddiaları ilə bağlı olub. Kommunikasiya zamanı tərəflər dostca anlaşıblar.

AİHM-in qərardadına görə, hökumət ərizəçin hamısına birlikdə 9 min 500 avro təzminat ödəməlidir.

Kamran Mahmudov Azərbaycana qarşı” – işi ölkədən çıxış qadağası ilə bağlıdır. Bu işdə AİHM Kamran Mahmudova münasibətdə həm azadlıq və toxunulmazlıq, həm də hərəkət azadlığı hüquqlarının pozuntusunun baş verdiyinə qərar verib.

Əbdül Əbilov və Ömər Məmmədov Azərbaycana qarşı” – işdə hər iki ərizəçi azadlıq və toxunulmazlıq hüququnun pozulduğunu iddia edib. Bu ərizənin kommunikasiyası zamanı hökumət məhkəməyə təktərəfli bəyannamə təqdim edib, ərizəçilərin iddia etdikləri pozuntuları etiraf edərək onların hər birinə 8 min avro (mənəvi zərər (6500) və xərc, məsrəf əvəzi (1500) təzminat ödəməyi təklif edib. AİHM bəyannaməni qəbul edib.

Məhkəmə
Foto: Meydan TV

“Yaşar Kərimov və başqaları Azərbaycana qarşı” işi ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və ya qeyri-proporsional tədbirlər tətbiqi və inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmələrin ədalətsizliyi ilə bağlı olub.

Beş ərizəçi onlara münasibətdə Konvensiyanın 11 və 6-cı maddələrinin pozuntusunun baş verdiyini iddia edib.

Ərizəçilərin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Dostca anlaşmalara əsaslanan qərardada görə, hökumət ərizəçilərə ədalətli əvəz ödəməlidir.

Hökumət ərizəçilərin hamısına birlikdə 19 min 450 avro təzminat ödəyəcək.

“Şəmistan Həziyev Azərbaycana qarşı” məhkəmə işi toplaşmaq və ədalətli məhkəmə azadlığı hüququnun pozuntusu ilə bağlı olub. İctimai toplantının iştirakçısı olan ərizəçi qanunsuz, qeyri-mütənasib tədbirlərə və inzibati xətalar üzrə icraat zamanı məhkəmə ədalətsizliyinə məruz qaldığını iddia edib.

AİHM-in qərardadı hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsaslanır. Hökumət həmin bəyannamədə iddia olunan pozuntuları etiraf edib. Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2600, hüquqi xərclər əvəzi 250 avro ödəyəcək.

Keçmiş nazirin işi

“Əli İnsanov Azərbaycana qarşı” məhkəmə işi ərizəçiyə qarşı cinayət işinin başlanmasına və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə aiddir.

İki ərizənin araşdırıldığı bu işdə tərəflər dostca anlaşıblar, anlaşmaya əsasən, ərizəçiyə mənəvi zərər əvəzi 6600, hüquqi xərclər üçün 1500 avro ödəniləcək.

Əli İnsanov
Foto: Meydan TV

“Abgül Süleymanov Azərbaycana qarşı” işində ərizəçi 2012-ci ildə bir sıra cinayətlərdə ittiham olunaraq, on bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 2014-cü il noyabrın 20-də Ali Məhkəmə onun barəsindəki müvafiq hökmü qüvvədə saxlayıb.

Bu iş üzrə qərardad da tərəflərin dostca anlaşmalarına əsaslanır. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 7000, onun vəkilinə 2000 avro təzminat ödəyəcək.

Toplaşmaq azadlığı

“Nizami Abbasov və başqa 4 ərizəçi Azərbaycana qarşı məhkəmə işində toplaşmaq və ədalətli məhkəmə azadlığı hüququnun pozuntusu mübahisə edilib.

Tərəflər dostca anlaşıblar. Həmin anlaşmaya əsaslanan qərardada görə, ərizəçilərin hamısına birlikdə 14 min 250 avro təzminat ödənəcək.

“Həsən Həsənli və başqa 6 ərizəçi Azərbaycana qarşı” məhkəmə işi də toplaşmaq və ədalətli məhkəmə azadlığı hüququnun pozuntusu ilə bağlı olub. İctimai toplantıların təşkilatçıları və iştirakçıları olan ərizəçilər qanunsuz, qeyri-mütənasib tədbirlərə və inzibati xətalar üzrə icraat zamanı məhkəmə ədalətsizliyinə məruz qaldıqlarını iddia ediblər.

Tərəflərin dostca anlaşmasına söykənən qərardada görə, ərizəçilərin hamısına birlikdə 23 mmin 650 avro ödənməlidir.

“İlham Hüseynov Azərbaycana qarşı” məhkəmə işi də Konvensiyanın 11-ci maddəsinin pozulması, eləcə də 13-cü maddənin pozuntusu iddiaları ilə bağlı olub.

Kommunikasiya zamanı tərəflər dostca anlaşıblar, ərizəçiyə ümumilikdə, 1750 avro mənəvi zərər, hüquqi xərc əvəzi ödəniləcək.

“Zamin Salayev və başqa 3 ərizəçi Azərbaycana qarşı” işində toplaşmaq azadlığı hüququnun pozuntusu iddia olunub. Tərəflər dostca anlaşıblar. Qərardada görə, ərizəçilərin hamısına birlikdə 11 min 400 avro ödəniləcək.

Zamin Salayev. Foto: Meydan TV

Dekabrın 14-də AİHM Azərbaycanı daha 4 min avro cərimələyib. Bu dəfə məhkəmə “Akif Muradverdiyev Azərbaycana qarşı” işi üzrə iddia olunan pozuntuları tanıyıb.

Ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edib. Bildirib ki, o, uydurma sübutlar əsasında məhkum edilib. Həmçinin ona ortaya qoyulan sübutlara effektiv etiraz etmək, müxtəlif mərhələlərdə səmərəli hüquqi yardım almaq imkanı verilməyib.

AİHM dekabrın 19-da on nəfər Ermənistan vətəndaşının Azərbaycana qarşı 3 şikayəti üzrə qərarını elan edib.

AİHM iddia olunan pozuntuları qismən tanıyıb. Onlar iddia edib ki,  Azərbaycan əsgəri guya Ermənistan ərazisinə sərhədi keçməklə daxil olaraq, onların qohumlarını güllələyib.

Məhkəmə, Konvensiyanın 2-ci maddəsinin Narayan və Abovyanın ölümü və eləcə də hadisə ilə bağlı effektiv istintaqın aparılmaması aspektindən pozulmasına qərar verib. Digər pozuntu iddialarının araşdırlmasına lüzum görülməyib.

Qərara əsasən, 2 ərizəçinin hər birinə 16 min avro məbləğində mənəvi zərər əvəzi, onların hər birinə 2780 avro hüquqi xərclər əvəzi ödənilməlidir.

Ana səhifəSiyasət2023-cü il haqqını Avropa Məhkəməsində arayanlarla bağlı qərarlar