close

Qarabağ ermənilərinin taleyi

Qarabağdakı ermənilər. Foto: Meydan TV

Zərdüşt Əlizadə

Bizim səhvlərimizi onlar, onların səhvlərini biz təkrar etmişik

Son 35 il açıq-aşkar bizimlə düşmənçilik edən həmvətənlərimiz (Qarabağın həm də ermənilərin vətəni olduğunu danmaq mümkün deyil) indi böyük bəlaya düşüblər. Əvvəl bu bəlanı qonşuları azərbaycanlıların başına gətirmişdilər, təxminən 550 min həmvətənlərini didərginə çevirmişdilər, indisə çərxi-fələk tərsinə dövran edib və eyni müsibət onları haqlayıb.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Azərbaycan hakimiyyəti 2020-ci il müharibəsi dayanandan sonra Qarabağın erməni əhalisinə qalıb sıravi vətəndaş kimi yaşamaq təklifini səsləndirdi. Dedi ki, eviniz-mülkünüz, işiniz-peşəniz sizin olsun, təki bu sərsəm “DQR” xülyasından əl çəkin.

Seçim hüququ sıravi ermənilərə qalsaydı, onların hamısı da olmasa, xeyli hissəsi bu təklifi qəbul edərdi, lakin bu müstəsna erməni demokratiyasının məhsulu olan DQR-də sıravi ermənilərin heç bir hüququ yox idi. Onlar faşizm ilə doğmaca xalaoğlu olan milli-demokratiya (qan, torpaq, millət məhvəri ətrafında fırlanan quruluşların hamısı faşizmlə yaxın qohumdurlar) zəminində qurulmuş qondarma dövlətdə yaşadıqlarından gözəl anlayırdılar ki, özünü müstəqil adlandıran cani dəstənin əmrinə tabe olmayan insanın taleyi amansızcasına döyülmək, soyulmaq və Şuşa hənbsxanasına salınıb öldürülməkdir. Məhz buna görə İnternetdə Azərbaycan hakimiyyəti ilə istənilən mövzuda təmasa girmək cəhdi yerli DTK-nın yumruğunu dadmaq demək idi.

Müxtəsər, Qarabağ erməniləri ümidlərini bağlamışdılar rus qoşunlarına, rus qoşunları isə birinci müharibə zamanı olan rus qoşunları deyildi, çünki nə Azərbaycan əvvəlki Azərbaycan idi, nə də onun ordusu. Hər şey tam tərsinə idi. Buna görə erməni dəstəbaşılarının saydıqları deyil, fələyin saydığı çin çıxdı. 23 saat 45 dəqiqə ərzində Ermənistanın Qarabağda qanunsuz saxladığı qoşun darmadağın edildi. Sarsılmış və qorxmuş Qarabağ erməniləri ruslardan əllərini üzüb üzlərini tutdular Ermənistan hökumətinə. Ermənistan hökuməti isə başını-beynini işə salmaq əvəzinə üzünü çevirdi müsyö Emmanuel Makrona.
Sabiq baş nazir Aram Sarkisyan bu fikri “RadioVan” verilişində səsləndirib, mən də dinləmişəm və baxmışam.

Dünya əhlinə Makronun və onun beyin mərkəzlərinin qabiliyyəti məlumdur. Qənaətimə görə, bu səbəbdən ciddi təhlil və siyasi nəqşə oyunlarından sonra Makron Paşinyana məsləhət görüb ki, qoy hamılıqla çıxsınlar, biz sonra Azərbaycanı Haaqa məhkəməsinə verərik, oradan daşdan keçən bir ittiham qərarı alarıq, sonra Qərb dövlətləri BMT Təhlükəsizlik Şurasından bir qətnaməyə nail olarlar ki, Qarabağ ermənilərinin xilası naminə Azərbaycan onların qayıtmasına və müstəqilliyinə razılıq verməlidir, yoxsa… Azərbaycanı Serbiyanın taleyi gözləyir.
Bombalayarıq!

Yəni, ABŞ demişkən, presedent olayan Kosovo presedenti Qarabağda da təkrarlanacaq.

Açıq söyləmək lazımdır ki, ermənilərin azərbaycanlılara nisbətən daha ağıllı millət olduqları barədə iddialar, son 35 ilin tarixi sübut etdi ki, kökündən yanlışdır. Mən deməzdim ki, biz onlardan ağıllıyıq, yox, təvazökar olmaq lazımdır, son 35 ilin tarixi sübut edir ki, siyasi mədəniyyət sahəsində biz çox yaxınıq. Bizim səhvlərimizi onlar, onların səhvlərini biz təkrar etmişik.

Dərinə getmədən gördük ki, Paşinyan Makrona, Qarabağ erməniləri isə Paşinyana inanıb öz doğma vətənlərini üçcə gün ərzində tərk etdilər.

Nə qədər qəribə səslənsə də, bu qərarları ilə erməni tərəfi 1988-ci ilin 18 günlük noyabr mitinqinin şüarlarından birini gerçəkləndirdilər: “Qoy Azərbaycanda o qədər erməni qalsın ki, nə qədər Ermənistanda azərbaycanlı qalıb”.
Bərəkallah qabiliyyətinizə!

Belə hadisələr bəşər tarixində olub, bunun siyasətdə adı da var: əhali mübadiləsi. Birinci cahan müharibəsindən sonra türklərin əksəriyyəti Yunanıstanı, yunanlar isə Türkiyəni tərk etdilər.

İndi Ermənistana köçmüş Qarabağ ermənilərinin taleyi müzakirə edilir. Masada bir neçə təklif var:

1.DQR-in mühacirət hökumətini təşkil etmək və onillər, bəlkə yüzillər çəkəcək ədalət naminə siyasi mübarizə aparmaq. Bunun üçün Qərbin hakimiyyət və media dəhlizlərində gəzmək, Mirzə Cəlil Məmmədquluzadənin “Bəlkə də qaytardılar” hekayəsini canlandırmaq. Yerevanda bu təklifi səsləndirənləri hələ ki, çırpıb döymürlər, fəqət həmin xoşbəxt anın yaxınlaşdığını bildirən əlamətlər getdikcə aşkar sezilir.

2.Hamılıqla birdəfəlik Avropaya və Amerikaya köçmək. Qarabağ ermənilərinin mütləq əksəriyyəti bu təklifi ürəkdən bəyənir. Bu təklifin yalnız bir əmması var: Avropa və Amerika Qarabağ ermənilərinin sifətlərini belə görmək istəmir. Bu fikri erməni mətbuatı çox səsləndirib, fəqət Fransa XİN-i deyib ki, Qarabağ ermənilərinə “fəxri vətəndaşlıq” verməyə razıdırlar. Yəni evlərində oturub “fəxri vətəndaşlıq” sənədinə doyunca baxa bilrlər.

3.Yavaş-yavaş, tədricən Rusiyaya köçmək. Deyilənə görə, artıq 11 min Qarabağ ermənisi belə də edib.

Sarsılmış və qorxmuş Qarabağ erməniləri ruslardan əllərini üzüb üzlərini tutdular Ermənistan hökumətinə. Ermənistan hökuməti isə başını-beynini işə salmaq əvəzinə üzünü çevirdi müsyö Emmanuel Makrona.
Sabiq baş nazir Aram Sarkisyan bu fikri “RadioVan” verilişində səsləndirib, mən də dinləmişəm və baxmışam.

4.Ermənistan hökuməti dünənə qədər tüfeyli Qarabağ liderlərinə yedizdirdiyi illik 400 milyon dolları xərcləsin Ermənistanda dinc əhalinin məskunlaşmasına, onlar üçün evlər tiksin, iş yerləri açsın. Yəni sovet hökumətinin 1950-ci illərin əvvəllərində Mil-Muğan düzündə Ermənistandan köçürülmüş azərbaycanlılar üçün sadə camaatın “Yerevanstroy” adlandırdığı tikinti işlərini Ermənistanda həyata keçirsin. İstəsələr, adını “Qarabağstroy” qoya bilərlər, biz müəlliflik hüququna istinad etmədən razıyıq. Bu təklifə Qarabağın harın və tüfeyli məmurları etiraz edir, zira onlar əmindirlər ki, həmin 400 milyon dollar onların halalca dədə malıdır və sadə camaata çatası deyil.

5.Qarabağ ermənilərinin kəndli hissəsini Zəngəzurda vaxtılə azərbaycanlıların yaşadığı, indi isə məhcur qalmış kəndlərə köçürmək, zira Qarabağ erməniləri  Azərbaycandan köçəndən sonra artıq simmetrik olaraq “Qərbi Azərbaycan” layihəsi də öz aktuallığını itirir. Qarabağ ermənilərinin şəhərli hissəsinə imkan vermək lazımdır ki, ölkənin müxtəlif şəhərlərində məskunlaşıb özləri üçün iş-güc tapsınlar, lazım gələrsə, onlara maddı yardım da vermək olar. Üstəlik, bu humanitar layihə naminə Qərbdən xeyli pul almaq mümkündür.

6.Heç nə etməmək, Qarabağ ermənilərini Astvatsa tapşırmaq.

Nədənsə, mənə elə gəlir ki, qonşularımız 6-cı təklifə üstünlük verəcək.

Ana səhifəMənim FikrimcəQarabağ ermənilərinin taleyi