close

21 il əvvəl itkin düşən şəxs həyətindəki quyudan tapıldı

Qətl hadisəsi. Foto: MiniStocker/shutterstock

4 il əvvəl Ağdamda itkin düşən qızın da öldürüldüyü məlum olub

Naxçıvanın Kəngərli rayonunda 21 il əvvəl yoxa çıxan şəxsin öldürüldüyü və evinin həyətindəki quyuda basdırıldığı məlum olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi məlumat yayıb.

1958-ci il təvəllüdlü Məhəmməd Kərimovun başından daşla vurulub öldürüldüyü bildirilir. Hadisə 2003-cü ilin yaz aylarında baş verib.

45 yaşlı Məhəmməd Kərimovun ölümünə görə onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Həlimə Kərimova şübhəli bilinir. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi iddia olunur.

“Həlimə Kərimovanın aralarında yaranmış mübahisə zamanı əri Məhəmməd Kərimovun baş nahiyəsindən daşla zərbələr endirib, qəsdən öldürməsi və yaşadığı evin həyətindəki su quyusunda basdırmasına əsaslı şübhələr müəyyən olunub”, – Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatı belədir.

Məlumata görə, Həlimə Kərimova ərinin basdırıldığı yeri göstərib. Orada qazıntı aparılıb və insana məxsus sümük fraqmentləri tapılıb. Sümüklər laborator müayinələr, o cümlədən ekspert tədqiqatının aparılması üçün təqdim edilib.

Faktla bağlı Kəngərli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq gedir.

Bugünlərdə Ağdamda da 4 il əvvəl itkin düşmüş Nərgiz Nəcəfovanın da meyiti tapılıb. Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda iddia olunur ki, 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın 2020-ci ildə atası və ögey anası tərəfindən qətlə yetirildiyi müəyyənləşdirilib.

2020-ci il aprelin 29-da Ağdam Rayon Prokurorluğunda Nərgiz Nəcəfovanın itkin düşməsi faktı üzrə cinayət işi başlanıb. Lakin 4 il sonra məlum olub ki, 24 yaşlı qız qətlə yetirilibmiş.

İttihama görə, onu yatdığı yerdə atası – 1965-ci il təvəllüdlü Şikar Nəcəfov və ögey anası – 1983-cü il təvəllüdlü Ramilə Nəcəfova boğub. Həmçinin bədəninin müxtəlif nahiyələrinə dəmir parçası ilə vurub öldürüblər.

Həm Şikar Nəcəfov, həm də Ramilə Nəcəfova həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrilə ittiham irəli sürülüb.

Ana səhifəSosial21 il əvvəl itkin düşən şəxs həyətindəki quyudan tapıldı