close

33 ölkənin diplomatik korpusu Laçın dəhizinə gedib

Foto: Azərtac

Rəsmi media “blokada” ilə bağlı iddiaları manipulyasiya sayır

İyunun 24-də Azərbaycanda akkreditə olunan diplomatik korpusun çoxsaylı nümayəndələri “Laçın” sərhəd-gömrük buraxılış məntəqəsində olublar.

Bu barədə məlumatı “Azərtac” yayıb.

Qeyd olunur ki, diplomatlar yolun bağlı olması barədə Ermənistan tərəfinin təxribatçı iddialarının həqiqətəuyğun olmadığını görüblər:

Onlara bildirilib ki, iyunun 15-də Azərbaycan hərbçisinin yaralanması ilə nəticələnən erməni silahlı təxribatı ilə bağlı hazırda istintaq tədbirləri aparılır“.

Bununla yanaşı, qeyd edilib ki, hazırda tibbi yardıma ehtiyacı olan vətəndaşların daşınması üzrə Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti üçün şərait yaradılıb. Beləliklə, “blokada” haqqında istənilən iddialar erməni tərəfinin manipulyasiyalarıdır. Hansı ki Azərbaycan tərəfindən istintaq tədbirlərinin aparılması faktından yalançı təbliğat üçün istifadə edirlər. Bununla bağlı diplomatlara ətraflı məlumat vermək üçün onlar Həkəri çayı üzərindəki körpünün qarşı tərəfinə gətiriliblər“, – deyə məlumatda vurğulanıb.

Diplomatların həmçinin Laçın şəhərinə birdəfəlik qayıdan əhalinin məşğulluğunun artırılması üçün inşa olunan Aqro və Sənaye Parkı ziyarət etdikləri qeyd olunub:

“Laçında iqtisadi inkişafın təmin edilməsi və məşğulluğun artırılması məqsədilə Parkda 6 istiqamət – qida sektoru, sənaye, ekoistehsalat, yaradıcılıq və tekstil, tədris, turizm və xidmət üzrə 1200-ə yaxın yerinin yaradılması nəzərdə tutulub. Bu kompleksdə yaradılacaq iş yerlərində 850 nəfər Laçın sakini işlə təmin olunacaq. Onlardan 226 nəfəri artıq işə cəlb edilib. İşçilərin əksəriyyəti Türkiyə və Azərbaycanın peşə məktəblərində təhsil alıblar”.

Laçına səfərdə 33 ölkə, 10 təşkilatdan ümumilikdə 60 diplomat və hərbi attaşenin iştirak etdiyi qeyd olunsa da, konkret dövlətlərin adı çəkilməyib.

İyunun 22-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Laçın dəhlizindən azad və təhlükəsiz keçidin təmin olunması” başlıqlı qətnamə qəbul edib.

AŞPA bildirir ki, əsasən də 2022-ci il dekabrın 12-də Laçın dəhlizi ilə keçid əngəlləndikdən sonra problem pik həddə çatıb.

“Dekabrda Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz keçid dayandı. Daha sonra ətraf rayonlarda elektrik və qaz təchizatının qəsdən kəsilməsi ilə bağlı problemlər ortaya çıxdı”, – məlumatda bildirilib.

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib.

Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.

Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasət33 ölkənin diplomatik korpusu Laçın dəhizinə gedib