close

İlham Əliyevin əmisi nəvəsinin evindən 1 milyonluq oğurluq

Oğurluq, Foto: Audio und werbung/shutterstock

 Hadisə ilə bağlı 3 nəfər məhkəmə qarşısına çıxarılıb

Prezident İlham Əliyevin mərhum əmisi Aqil Əliyevin nəvəsi Riyad Əliyevin evindən oğurluqla bağlı cinayət işi üzrə məhkəmə prosesi başlayır. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Cinayət işinin materiallarına əsasən, oğurluq Nərimanov rayonu, Xan Şuşinski küçəsi yerləşən dördmərtəbəli yaşayış evində baş verib. Evdən ümumilikdə 120 min manatlıq 35 kondisioner, kombilər, elektrik kabelləri, plastik borular və başqa avadanlıqların oğurlandığı iddia olunur. Bundan başqa, ittihamda yazılıb ki, hadisə nəticəsində evdəki müəyyən əşyalar sındırılıb, yararsız hala salınıb.

Ümumi ziyan 926 min manat hesablanıb.

Bu cinayət işi üzrə üç nəfər məsuliyyətə cəlb olunub ki, onlardan da ikisi qardaşdır – Rüfət və İbrahim Yuzayevlər, həmçinin İlqar Qasımov. Onlara Cinayət Məcəlləsinin 177.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Zərərçəkmiş qismində Riyad Əliyev tanınıb. Onun atası İlqar Əliyev oğlunun adını daşıyan “Riyad” şirkətlər qrupunun rəhbəridir. Həmçinin “Azinteroil” MMC-nin investorudur.

Prezidentin əmisi nəvəsinin evindən oğurluqda təqsirləndirilən şəxslərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq. Onlar iyulun 5-də məhkəmə qarşısına çıxarılacaq.

Adları çəkilən şəxslərin oğurluq ittihamını qəbul edib-etmədikləri, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.

Ana səhifəSosialİlham Əliyevin əmisi nəvəsinin evindən 1 milyonluq oğurluq