close

50-dən çox “Nobel” mükafatçısı Ukrayna və Qəzzada dərhal atəşkəsə çağırıb

Qəzza. Foto: Reuters

“Gəlin bir-birimizi öldürməyək, planeti xilas edək”

51 “Nobel” mükafatı laureatı Ukraynada və Qəzza zolağında hərbi əməliyyatlara son qoymağa çağıran açıq məktub imzalayıb.

Onların müraciətini “Novaya qazeta” dərc edib.

Müraciət müəllifləri tərəfləri dərhal atəşkəsə, hər iki tərəfin məhbuslarının dəyişdirilməsinə, girovların azad edilməsinə və ölənlərin cəsədlərinin qaytarılmasına, həmçinin sülh danışıqlarına başlanılmasına çağırıblar.

Məktub Roma Papası Fransisk, Konstantinopol Patriarxı Varfolomey və buddistlərin dini lideri XIV Dalay Lamaya, həmçinin Birləşmiş Millətlər Təşkilatına, Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına ünvanlanıb:

“Hazırda dünyada azı 55 silahlı münaqişə gedir və Rusiya ilə Ukrayna arasında müharibənin nəticələri müxtəlif ölkələrdə əks-səda verib, Afrika ölkələrində aclığın kəskinləşməsinə, miqrasiya böhranına səbəb olub. Bütün 6 qitənin sakinlərinin süfrəsinə su, çörək və süd gətirən Avropa ölkələri hər bombardman zamanı ətrafa tonlarla zərərli maddələr buraxır”.

“Bu ilin sonuna kimi Avropanın mərkəzində ölən və yaralananların sayı bir milyonu keçəcək. İkinci Dünya müharibəsindən sonra ilk belə rəqəmdir. Bu müharibə zamanı dünyanın müdafiə büdcələri o qədər artıb ki, onlar qlobal iqlim dəyişikliyini yavaşlatmaq üçün kifayət qədər resurslarla müqayisə oluna bilər. İnsanlar bir-birini öldürməklə eyni vaxtda planeti öldürürlər. Uşaqlarımıza bizdən daha çox yaşamaq imkanı verin. Gəlin bir-birimizi öldürməyək, planeti xilas edək” , – müraciətdə qeyd olunur.

Sənədi imzalayanlar arasında belarus yazıçısı Svetlana Aleksiyeviç və jurnalist, “Novaya qazeta”nın keçmiş baş redaktoru Dmitri Muratov da var.

Rusiya-Ukrayna müharibəsi…

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb. Hazırda tərəflər arasında müharibə davam edir.

Qəzzada nə baş verir?

Oktyabrın 7-də HƏMAS gözlənilmədən İsrailə hücum edib.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü mayor Nir Dinar 7 oktyabrı 2001-ci ilin 11 sentyabrına bənzədib:

“Bu, bizim 11 sentyabr hadisəmizdir. Onlar bizi təəccübləndirdi və bir çox yerdən – həm havadan, həm yerdən, həm də dənizdən sürətlə gəldilər”.

HƏMAS-ın Livandakı nümayəndəsi Usamə Həmdan “Reuters”ə deyib ki, hücum fələstinlilərin İsrailin hərbi gücü və imkanlarından asılı olmayaraq məqsədlərinə çatmaq iradəsinə malik olduğunu göstərib.

Qəzza bölgəsində münaqişə hələ də davam edir. Tez-tez hər iki tərəfdən xeyli sayda insan itkisi və dağıntıların olduğu barədə məlumatlar yayılır.

Ana səhifəXəbərlər50-dən çox “Nobel” mükafatçısı Ukrayna və Qəzzada dərhal atəşkəsə çağırıb