close

Abbas Hüseynovun anası: “Rəis yerə yıxıb, təpiklə başına vurub”

Foto: Abbas Hüseynovun şəxsi arxivndən

Rəhimə Hüseynova oğlunun cəzasına etiraz olaraq aksiya keçirib

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan üzvü Abbas Hüseynovun anası Rəhimə Hüseynova mayın 15-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. O deyir ki, heç bir cinayət törətmədiyi halda, 8 ildir həbsdə saxlanılan övladı üstəlik, ağır işgəncələr altındadır.

“Vurub burnunu sındırıblar, nəfəs ala bilmir. Təsəvvür edin, rəis yerə yıxıb, təpiklə başına vurub. Əvvəl Müalicə Müəssisəsində əzab verdilər. Bir ay deyil ki, 1-ci kolona köçürüblər. Ora köçürən kimi də rəis məhkəməyə ərizə verib, məhkəmə də ərizəni təmin edib ki, Qobustana göndərilsin. Deməli, hər şey əvvəldən planlaşdırılıb”, – Rəhimə Hüseynova Meydan TV-yə bildirib.

Abbas Hüseynov 2023-cü il aprelin 12-də 1 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Aprelin 27-də isə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyev onun saxlanma rejiminin dəyişdirilməsi, 1 illik həbsxana rejiminə köçürülməsi haqda qərar çıxarıb. Qərardan görünür ki, 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi məhkəməyə müraciət edərək, Abbas Hüseynovun daxili inzitam qaydalarına əməl etmədiyini, onun mənfi xarakterizə olunduğunu göstərb, üç illik həbsxana rejiminə köçürülməsini istəyib. Hakim də onu 3 yox, 1 illik həbsxanaya köçürməyə qərar verib.

“Bu iki həftədə necə oldu ki, rəis Abbası tanımağa vaxt tapdı, məhkəməyə ərizə göndərdi, hakim ərizəni araşdırdı? İldırım sürətilə oldu hər şey. Açıq-aşkar görünür ki, əvvəldən planlaşdırılıb. Abbasa da, onun ailəsinə də neçə illərdir zülm eləyirlər”, – Rəhimə Hüseynova belə deyir.

O əlavə edib ki, oğlu 1 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyü gündən orada cərimə kamerasına (“kars”) salınıb, işgəncələrə məruz qalıb.

Nizami Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib.

Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirmək istəyərkən Rəhimə Hüseynovanın qarşısını polislər kəssə də, sonradan o, Administrasiyada qəbulda olub.

Abbas Hüseynov 2015-ci il noyabrın 26-da Nardaran hadisələri zamanı həbs olunub və 20 il azadlıqdan məhrum edilib. O, terrorçuluq, qanunsuz silah-sursat saxlama və başqa ağır ittihamlarla təqsirləndirilsə də, bunların heç birini qəbul etmir, sifarişlə həbs olunduğunu bildirir.

Abbas Hüseynovun işgəncəyə məruz qalması haqda bundan öncə də məlumatlar yayılıb. Hətta vəkili Yalçın İmanov 2017-ci ildə onun Qobustan həbsxanasında işgəncəyə məruz qalması haqda mediaya açıqlama verdiyinə və bu barədə məlumatları ictimailəşdirdiyinə görə Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. Lakin bir müddət öncə Avropa Məhkəməsi həmin işgəncə hadisəsilə əlaqədar qərar verib və Azərbaycan hökumətinin üzərinə Abbas Hüseynova işgəncəyə görə kompensasiya ödəmək öhdəliyi qoyub.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın 50-yə qədər üzvü hazırda həbsdədir. Onların heç biri ittihamları qəbul etmir, siyasi motivlərlə həbs olunduqlarını deyirlər.

Ana səhifəSiyasətAbbas Hüseynovun anası: “Rəis yerə yıxıb, təpiklə başına vurub”