close

ABŞ Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırdı

Foto: Azərtac

Blinken Əliyevə və Paşinyana zəng etdi

ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan prezidentləri ilə danışıb.

Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında onu Dağlıq Qarabağda hərbi əməliyyatları dərhal dayandırmağa və vəziyyəti eskalasiya etməyə çağırıb.

Dövlət katibi vurğulayıb ki, münaqişənin hərbi yolla həlli yoxdur və tərəflər Bakı ilə Dağlıq Qarabağdakı etnik ermənilər arasında mövcud olan ixtilafları həll etmək üçün dialoqu bərpa etməlidirlər.

Blinken Əliyevdən hərbi əməliyyatları dayandırmağı istəyib.

O deyib ki, Azərbaycan nümayəndələri ilə Dağlıq Qarabağ əhalisi tezliklə görüşməli, yaranmış problemdən çıxış yolları axtarmalıdır.

Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb.

Bunun ardınca, sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi açıqlama verərək Azərbaycanın öz ərazilərində “lokal antiterror tədbirləri”nə başladığını elan edib.

Məqsədin erməni silahlılarının regiondan çıxarılması olduğu bildirilib.

Ermənistan isə açıqlama verərək bildirib ki, Qarabağda erməni qüvvələri yoxdur.

Həmçinin Azərbaycanın etdiyini “irimiqyaslı təcavüz” adlandırıb.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenə cavab olaraq bildirib ki, Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri dialoqa dəvət olunub.

Əliyev əlavə edib ki, Qarabağdakı silahlılar tərksilah olunarsa, Azərbaycanın başladığı antiterror tədbirləri dayandırılacaq.

Antoni Blinken sentyabrın 19-da Ermənistan Baş naziri Nikol Paşinyanla da telefonla danışıb.

Dövlət katibi Birləşmiş Ştatların Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib və ABŞ-ın Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmağa və dərhal dialoqa qayıtmağa çağırdığını vurğulayıb.

O, Paşinyana ABŞ-ın Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyi də Qarabağdakı son vəziyyətlə bağlı bəyanat yayıb.

Bəyanatda tərəflər qan axıdılmasını təcili dayandırmağa, hərbi əməliyyatları kəsməyə, mülki əhali arasında qurbanların qarşısını almağa çağırılıb.

Bəyanatda tərəflər üçtərəfli razılaşmaların kompleks icrasını təxirəsalınmaz şəkildə bərpa etməyə səslənir:

“Silahlı qarşıdurmanı dayandırmaq, Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təminatı üçün mümkün olanı etmək lazımdır”.

Rusiya XİN onu da qeyd edir ki, rəsmi Yerevan 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən sammitlərdə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bu da  2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın əsas şərtlərini, o cümlədən Rusiya sülhməramlı kontingentinin vəziyyətini dəyişib.

Moskva bildirir ki, Rusiya sülhməramlıları hazırda Qarabağın dinc əhalisinə kömək, o cümlədən tibbi yardım göstərir, onların təxliyyəsi ilə məşğul olur.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il noyabrın 10-da Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Son zamanlarda isə Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.

Bildirir ki, əraziyə daimi qanunsuz silah daşınır.

Ermənistan isə bunu inkar edir, bildirir ki, ərazidə Ermənistan hərbçiləri yoxdur.

Ana səhifəSiyasətABŞ Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırdı