close

Baş Prokurorluq sülhməramlıların ölümü ilə bağlı cinayət işi açdı

Baş Prokurorluq. Foto: Meydan TV

5 sülhməramlının səhvən vurulduğu deyilir

Sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlılarının həlak olmasıyla əlaqədar Azərbaycanın Baş Prokurorluğunda cinayət işi başlanıb.

Bu iş üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılacaq.

Bu barədə Meydan TV-yə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Rusiyanın sülhməramlı kontingentinin hərbçiləri iki ayrı hadisə nəticəsində həlak olub.

Bu hadisələrdən birində 5, ikincisində isə 1 sülhməramlı həlak olub.

Hadisə sentyabrın 20-də Tərtərin Canyataq kəndi ərazisində baş verib.

Prokurorluğun məlumatına görə, birinci hadisədə Azərbaycan hərbçiləri mürəkkəb relyef və dumanlı-yağışlı hava səbəbindən ermənilərə məxsus olduğunu zənn edərək Rusiya sülhməramlılarının olduğu avtomobilə atəş açıblar.

Bu hadisə nəticəsində Rusiya sülhməramlı kontingentinin 5 hərbi qulluqçusu həlak olub.

İkinci hadisənin də həmin yaşayış məntəqəsində baş verdiyi, lakin ermənilər tərəfindən törədildiyi bildirilir.

“Rusiya sülhməramlı kontingentinə məxsus “Kamaz” markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində Rusiya sülhməramlı kontingentinin 1 əsgəri ölüb, 1 hərbi qulluqçu isə yaralanıb”, – Baş Prokurorluğun məlumatında deyilir.

Baş verənlərlə əlaqədar sentyabrın 21-də Azərbaycan və Rusiyanın baş prokurorları telefonla danışıblar:

“Hadisə ilə bağlı Rusiya tərəfinə dərin hüznlə başsağlığı verilib. Tərəflər baş vermiş cinayət hadisəsi ilə bağlı hərtərəfli və sıx təmasda olmaqla, araşdırmanın aparılacağı barədə razılığa gəliblər. Hazırda cinayət işi üzrə prokurorluq orqanları tərəfindən istintaq və əməliyyat tədbirləri həyata keçirilir”. 

Ana səhifəSiyasətBaş Prokurorluq sülhməramlıların ölümü ilə bağlı cinayət işi açdı