close

ABŞ ehtiyatlarının azalması neft qiymətlərinin ani artmasına səbəb olub

Neft və dollar. Foto: GAS-photo/shutterstock

Neft bazarındakı ümumi mənzərə isə qiymətlərin son dönəmlər azaldığını göstərir

Ötən həftə ABŞ-ın xam neft ehtiyatlarının dəyərinin gözləniləndən daha çox düşdüyü xəbərindən sonra dünya bazarlarında neft qiymətləri qismən yüksəlib.

Brent markalı neftin fyuçersləri 29 sent və ya 0,4 faiz artaraq bareli 77,88 dollara, ABŞ-ın Qərbi Texas neftinin fyuçersləri isə 29 sent və ya 0,4 faiz artaraq bareli 72,53 dollara çatıb.

“Reuters” yazır  ki, Yaxın Şərq böhranı və Liviyada tədarükün kəsilməsi fonunda göstəricilər təxminən 2 faiz dəyər qazanıb.

“Nomura Securities”-in iqtisadçısı Yuki Takashima deyir ki, neft bazarındakı qiymətlər həftənin əvvəlində çox aşağı düşmüşdü, lakin ABŞ-ın xam neft ehtiyatlarının azalması qiymətin artmasına dəstək verib.

İnvestorların diqqəti yenidən qlobal tələb və təklif balansına yönəlib”, – iqtisadçı bildirib.

Azərbaycanlı iqtisadçı, deputat Vüqar Bayramov da deyir  ki, son on gündə neftin dünya bazar qiymətində 6 faiz azalma qeydə alınıb. Ötən ayın 28-də 81 dollara təklif edilən Brent markalı neftin bir barelinin qiyməti 76 dollaradək azalıb.

İqtisadçı əvvəlki illərlə müqayisə edir. Deyir, brent markalı neftin 1 barelinin 2022-ci ildə orta qiyməti 100.93 dollar olub. Hesablamalar göstərir ki, bu rəqəm 2023-cü ildə 82.56 dollara enib:

Göründüyü kimi, neft bazarında qiymət tarazlığında ciddi dəyişiklik müşahidə edilir”.

Vüqar Bayramov deyir ki, neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımından vacibdir. Çünki ölkə ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir. Bu baxımdan neftin qiyməti bir tərəfdən Azərbaycanın gəlirləri, digər tərəfdən ölkəyə valyutanın daxil olması baxımından önəmlidir:

“Bununla belə, hazırda qiymət 70 dolların üstündədir və bu, o deməkdir ki, büdcədə nəzərdə tutulan qiymət və müqayisədə neftin qiyməti hələlik, yüksəkdir. Praktik olaraq 60 dollardan üstün qiymət fiskal gəlirlərimizin formalaşmasında çətinlik yaratmayacaq. Amma sözsüz neft ölkəyə valyuta daxil olmasına xüsusi təkan verdiyindən bu baxımdan 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi, eləcə də təbii balansımızın vəziyyəti birbaşa neftin dünya bazarının qiymətindən asılı olacaq”.

Vüqar Bayramov
Foto: Meydan TV

Neftin qiymətinin manatın məzənnəsinə təsirlərinə gəldikdə, iqtisadçı deyir ki, Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bu il də neft gəlirlərinin manatın məzənnəsinə təsir edən əsas faktor olacağı vurğulanıb. Yəni manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, neftin qiymətindən asılı olaraq qalır:

Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılıdır”.

Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi ilə bağlı açıqlamasına gəlincə, Vüqar Bayramov deyir ki, bu, enerji bazarında ciddi volatillik baş verəcəyi halda, valyuta ehtiyatlarından istifadə ediləcəyindən xəbər verir:

“Neftin qiymətinin kəskin azalacağı halda manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

Ana səhifəİqtisadiyyatABŞ ehtiyatlarının azalması neft qiymətlərinin ani artmasına səbəb olub