close

Yerevan Bakıdan konstruktiv yanaşma gözləyir

Ermənistan-Azərbaycan. Foto: Yuriy Boyko_Ukraine/shutterstock

Mirzoyan: ” Azərbaycanın təkliflərində məzmun baxımından müəyyən geriləmə var”

Ermənistan Azərbaycanın konstruktiv yanaşma göstərəcəyinə, danışıqları və görüşləri davam etdirəcəyinə ümidlidir.

Bunu yanvarın 10-da Ararat Mirzoyan yunanıstanlı həmkarı Giorgos Gerapetritlə birgə mətbuat konfransında deyib.

Mirzoyan Bakı ilə danışıqlar prosesinə toxunaraq qeyd edib ki, 2023-cü ilin sonu Azərbaycanın həm yüksək səviyyədə, həm də xarici işlər nazirləri səviyyəsində görüşlərdən imtina etməsi ilə yadda qalıb:

Azərbaycanın Prezidenti Qranada və Brüsseldə görüşməkdən imtina edib. Eyni zamanda, Tehranda xarici işlər nazirləri səviyyəsində və Təhlükəsizlik Şurası səviyyəsində qeyri-rəsmi təmaslar olub. Həmçinin qeyri-konstruktiv şəraitdə biz Bakıdan konstruktiv addımlar gördük, məsələn, məhbusların azad edilməsi məsələsində”.

Ancaq nazir əlavə edib ki, tərəflər sülh müqaviləsi ilə bağlı təkliflər mübadiləsi aparıblar:

Azərbaycanın təklifləri dekabrın sonunda daxil olub, Ermənistan öz təkliflərini yanvarın 4-də göndərib”.

A.Mirzoyan deyib ki, Azərbaycanın təkliflərində məzmun baxımından müəyyən qədər geriləmə var.

a
Mənbə: Reuters

Bununla belə, nazir hesab edir ki, vacib olan reqressiya və ya hansısa mərhələdə irəliləyiş deyil, sülh sazişinin əsas götürülməli olduğu prinsiplərin konsolidasiyasıdır.

Bu prinsiplər dəfələrlə səsləndirilib – heç bir qeyd-şərtsiz və qeyri-müəyyənlik olmadan ərazi bütövlüyünün qarşılıqlı tanınması. Bu, maksimum aydınlıq tələb edən məsələdir. Sazişdə sərhədin delimitasiyası prosesinin davam edəcəyi aydın prinsiplər müəyyən edilməlidir. Yəni bu, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və delimitasiya prinsipləridir, Ermənistan bunları ön plana çıxarır”, – deyə XİN rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, aydınlığın olmaması gələcək eskalasiya və aqressiyaların səbəbidir və sülh sazişi elə olmalıdır ki, gələcəkdə sabitlik şübhə altına alınmasın.

A.Mirzoyan digər prinsipin regional iqtisadi kommunikasiyaların blokdan çıxarılması olduğunu bildirib:

Axı sülh təkcə atışmanın olmaması deyil. Bunlar açıq sərhədlər, malların və insanların hərəkətidir. Ermənistanın blokadada qalması vəziyyətini sülh adlandırmaq çətindir. Əgər Azərbaycanın Ermənistan rabitə və dəmir yollarına çıxışı varsa, Ermənistan da Azərbaycanın dəmir yollarından istifadə etmək imkanına malik olmalıdır”.

Danışıqlara gəlincə, nazir qeyd edib ki, bütövlükdə danışıqlar həmişə birbaşa olub:

Biz danışıqlar prosesinin davam etdirilməsində maraqlıyıq. Gözləyirik ki, Bakı gələcəkdə görüşləri və danışıqları davam etdirməyə razı olacaq”.

Azərbaycanın Xarici İşlər Nazirliyi Ararat Mirzoyanın söylədiklərinə hələ ki reaksiya verməyib.

Yanvarın 4-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində demişdi ki, Azərbaycan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün Ermənistanla müxtəlif məkanlarda xoşniyyətli danışıqlar aparır:

Biz, həqiqətən də, sülh sazişinin imzalanması üçün tarixi şansın olduğuna inanırıq və bu fürsəti əldən verməməliyik. Sülh sazişinin mətni ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunub, ancaq hələ də həllini gözləyən bir neçə məsələ mövcuddur”.

Ancaq Hikmət Hacıyev sülh sazişinin nə vaxt imzalanması sualına konkret cavab verməmişdi:

Konkret tarix barədə danışmaq bir qədər çətindir, çünki prosesi yekunlaşdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var. Düzünü desəm, mən düşünmürəm ki, hər hansı vaxt qrafiki qoyub, məhdud zaman çərçivəsində işləmək düzgün olardı”.

Münaqişənin qısa xronikası

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Amma Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətYerevan Bakıdan konstruktiv yanaşma gözləyir