close

ABŞ Gürcüstanla bağlı “MEGOBARI” aktını qəbul etdi

Gürcüstan. Foto: Reuters

Şalva Papuaşvili aktın məzmununu ədalətsiz adlandırdı

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi “MEGOBARI” aktını qəbul edib.

İyulun 11-də “Gürcüstanın Hesabatlılıq, Davamlılıq və Müstəqilliyin Yaradılması üzrə Bacarıqlarının Səfərbərləşdirilməsi və Gücləndirilməsi Aktı” (“MEGOBARI”) ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində müzakirə edilərək səsə qoyulub.

41 konqresmen aktı dəstəkləyib, 6-sı isə əleyhinə səs verib.

Bildirilir ki, ABŞ Nümayəndələr Palatasının Helsinki Komissiyasının sədri Co Uilson (Cənubi Karolina), konqresmenlər Stiv Kohen (Tennessi), Riçard Hudson (Şimali Karolina) və Mark Veys tərəfindən ikitərəfli qanun layihəsi – “MEGOBARI” aktı təqdim edilib.

Qanun layihəsi Gürcüstanda demokratiya, insan hüquqları və qanunun aliliyini gücləndirmək məqsədi daşıyır.

Həmçinin ABŞ-ın Gürcüstanın Avroatlantik məkana inteqrasiyasını dəstəkləmək və avtoritar rejimlərin, xüsusən də Rusiyanın təsirinə qarşı çıxmaq öhdəliyini bir daha təsdiqləyir.

“MEGOBARI” Qanununun əsas müddəaları bunlardır:

– Demokratiya və Qanunun aliliyinin dəstəklənməsi: Akt ABŞ-ın Gürcüstanda demokratik dəyərləri, insan haqlarını və qanunun aliliyini qorumaq siyasətini bəyan edir. Sənəd həmçinin Gürcüstan vətəndaş cəmiyyətinin əhəmiyyətli irəliləyişini qəbul edir və regional sabitlik, eləcə də ABŞ-ın maraqları üçün demokratiyanın gücləndirilməsinin vacibliyini vurğulayır.
– Demokratik geri çəkilmə ilə bağlı: Gürcüstanda demokratiyanın geriləməsinə cavab olaraq, Akt Gürcüstan hökumətinə, həmçinin onun Rusiya və digər avtoritar rejimlərlə əlaqələrinə daha çox nəzarət etməyi tələb edir.
– Hesabat və sanksiyalar: Qanun hesabatlılığı təmin etmək üçün bir neçə hesabat tələb edir.
– Qeyri-münasib təsir və sanksiyalardan yayınma: Gürcüstanda Rusiyanın maraqlarını dəstəkləyən korrupsiya əməlləri və sanksiyalardan yayınma haqqında hesabatlar.
– Rusiya kəşfiyyat aktivləri: Gürcüstanda Rusiya Kəşfiyyatının Penetrasiyası və Çinlə potensial əməkdaşlığın qiymətləndirilməsi.
 Gürcü fərdlərinə qarşı sanksiyalar: Gürcüstanda demokratiyaya xələl gətirən şəxsləri müəyyən etmək və onlara qarşı sanksiyalar, səyahət qadağaları tətbiq etmək.
– Demokratiyanın monitorinqi üzrə işçi qrupunun yaradılması: Gürcüstanda demokratik mühitin monitorinqi və təşviqi, xüsusilə seçkilər zamanı, ədalətli və azad seçki proseslərini təmin etmək üçün işçi qrup yaradılacaq.
– İkitərəfli münasibətlərin və dəstəyin gücləndirilməsi: Gürcüstanda əhəmiyyətli demokratik irəliləyişi təsdiq etdikdən sonra Akt ABŞ-ın əlavə yardımını nəzərdə tutur, o cümlədən, Gürcüstanla daha əlverişli ticarət sazişi üzrə danışıqları əhatə edir:

1. İnsanlar arasında mübadilənin genişləndirilməsi və viza rejiminin sadələşdirilməsi;
2. İqtisadi və modernləşdirmə paketinin hazırlanması;
3. Rusiya təcavüzünə qarşı mübarizə üçün təhlükəsizlik və müdafiə dəstəyinin təmin edilməsi.

Helsinki Komissiyasının məlumatına görə, qanun layihəsinin həmmüəllifləri konqresmenlərdir: Robert Aderholt (Alabama), Emmanuel Kliver (Missuri), Cim Kosta (Kaliforniya) və Şeyla Cekson Li (Texas).

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Gürcüstana qarşı “MEGOBARI” aktını qəbul etməsinə münasibət bildirib.

Parlament sədri sənədin məzmununun vəziyyətin düzgün qiymətləndirilməsinə əsaslanmadığını vurğulayıb.

“Xarici ölkələr hesab edirlər ki, onların Gürcüstan parlamentinin qərarlarına təsirləri olmalıdır, amma bizdə belə bir yanaşma yoxdur. Təbii ki, aktın məzmunu ədalətsizdir və vəziyyətin düzgün qiymətləndirilməsinə əsaslanmır”, – Papuaşvili bildirib.

Ana səhifəDünyaABŞ Gürcüstanla bağlı “MEGOBARI” aktını qəbul etdi